Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Xarici QHT-lərin qeydiyyatı ilə bağlı qaydalar açıqlanıb


Nazirlər Kabineti martın 16-da Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması qaydalarını açıqlayıb.

Həmin qaydalara görə, xarici dövlətlərin qeyri-hökumət təşkilatları (QHT) Azərbaycanda filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması məqsədi ilə danışıqların başlanması üçün Ədliyyə Nazirliyinə yazılı müraciət etməlidir.

Həmin müraciətdə təşkilatın Azərbaycanda fəaliyyətinin məqsədləri göstərilməli, bu fəaliyyətin zəruriliyi və Azərbaycan cəmiyyətinə töhfəsi əsaslandırılmalıdır.

Tələb olunan sənədlər təqdim olunduqdan sonra filial və ya nümayəndəliyin dövlət qeydiyyatı ilə bağlı sazişin bağlanmasına dair münasibət bildirilməsi üçün aidiyyəti qurumlara sorğu göndərilir.

Toplanmış rəylərin nəticələri müsbət olduğu halda, Ədliyyə Nazirliyi tərəfindən danışıqlara başlanılır.

Danışıqlar prosesində təşkilatın Azərbaycan Respublikasında gələcək fəaliyyəti aşağıdakılarla şərtləndirilməlidir.

-Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət etmək;
-Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmaq;
-Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş ərazilərdə hər hansı fəaliyyət həyata keçirməmək, o cümlədən separatçı Dağlıq Qarabağ rejimi ilə əlaqələr qurmamaq;
-siyasi və dini təbliğatla məşğul olmamaq;
-qeyri-kommersiya hüquqi şəxslərinin dövlət reyestri üçün zəruri olan məlumatları qanunvericiliklə müəyyən edilmiş müddətdə təqdim etmək.

Qaydalara görə, danışıqlar nəticəsində təşkilat tərəfindən göstərilən şərtlər qəbul olunmadıqda, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə məlumat verilərək danışıqların aparılması dayandırılır.

Sənədin yekun müddəasında qeyd olunur ki, dövlət qeydiyyatına alınmış filial və ya nümayəndəlik bu qaydalarda göstərilən göstərilən şərtləri pozduqda, Azərbaycan qanunvericiliyinə uyğun məsuliyyət daşıyır.
XS
SM
MD
LG