Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:36

Fəvvarələr meydanında mitinq keçirmək olarmı?


«AZƏRBAYCAN QANUNVERİCİLİYİ BEYNƏLXALQ QANUNLARA UYĞUNDUR»

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının «Fəvvarələr meydanı mitinq yeri ola bilərmi?» mövzusunda açdığı müzakirəyə qoşulan Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri Əsabəli Mustafayev söylədi.

Onun sözlərinə görə, ATƏT-in «Dinc toplaşmağa dair rəhbər tövsiyələri, normaları demək olar ki, Azərbaycan Qanunvericiliyinə köçürülüb. Problem onun tətbiqindədir, ona əməl olunmasındadır. «Hakimiyyət özü qəbul etdiyi normalara əməl etmir».

MƏHDUDİYYƏT TOPLANTININ XARAKTERİNİ DƏYİŞMƏMƏLİDİR

Əsabəli Mustafayev «Fəvvarələr meydanında mitinq keçirmək olar- olmaz» sualına bir misalla cavab verdi. «Qanunvericilikdə göstərilir ki, toplantı keçirənə öz fikrini auditoriyaya çatdırmağa imkan yaradılmalıdır. Həm zaman, həm məkan, həm də texniki baxımdan». Qonağımızın fikrincə, məhdudiyyət elə tətbiq olunmalıdır ki, onun xarakteri toplantının xarakterini dəyişməsin. «Yeri, marşrutu dəyişmək bəzən toplantının xarakterini dəyişdirir. Həm Milli Qanunvericilik, həm də beynəlxalq normalar belə dəyişikliyi qadağan edir. «Biz həmin normaları qəbul etmişik. Ancaq normaların tətbiqində böyük problemlər var».

KONSTİTUSİYAYA ƏMƏL EDİLMİR

AXCP Ali Məclisinin sədri Həsən Kərimov Azərbaycan Konstitusiyasının 49-cu maddəsini xatırlatdı: «Bu maddəyə əsasən, mitinq keçirmək istəyən təşkilat üç gün qalmış Bakı şəhər İH-ə xəbərdaredici məktubla müraciət etməlidir. Məktubda mitinqin yeri, tarixi, iştirakçıların sayı göstərilməlidir. Ancaq dəfələrlə müraciətə baxmayaraq, İH mitinqçilərə yer ayırmır. Və ya mitinq üçün əlverişli olmayan yerləri təklif edir. Bu da onu göstərir ki, bu ölkədə demokratik təsisatların tətbiqi sahəsində ciddi problemlər var. Qanun ATƏT-in tövsiyələrinə uyğundur, beynəlxalq ekspertizadan keçib və qəbul edilib. Ancaq qanun necə tətbiq edilir, necə icra olunur—bu hakimiyyətin problemidir».

HÜQUQİ MÜDAFİƏ SAHƏSİNDƏ PROBLEMLƏR VAR

Ə. Mustafayev hüquqi müdafiə sahəsində problemlərin olduğunu bildirdi. Dövlət qurumlarının bu sahədə özbaşınalığa yol verdiyini dedi və onun səbəbini belə izah etdi: «Çünki hüquqi sənəd, məhkəmə sənədi ortaya qoymamışıq. Belə bir sənəd yəqin ki, çəkindirici faktor olardı».

Qonağımızın fikrincə, cəmiyyət, ictimai qüvvələr öz hüquqlarının müdafiəsində axıra qədər getməlidir. «Məhdudiyyəti qoyan orqana qarşı məhkəmə prosesi qaldırılmalıdır. Avropa məhkəməsinə qədər getmək lazımdır».

ORANIN QƏRARLARI NƏ DEYİR?

Aparıcının: «Toplaşmaq azadlığı Avropa konvensiyasında necə müəyyən olnub, oranın qərarları nə deyir»-sualı belə cavablandı: «Oranın qərarları deyir ki, əgər toplantı dinc xarakterlidirsə, formal cəhətinə fikir vermək düzgün deyil. Bürokratik məsələlər—icazə alınıb-alnmayıb kimi məsələlər formal məsələlər sayılır. Dinc xarakterlidirsə, keçirilməlidir. Həm ATƏT-in prinsiplərinə, həm də Avropa məhkəməsinin standartlarına görə, toplantı mühafizə olunmalı və keçirilməlidir».

AKSİYA NƏ VAXT DAYANDIRILA BİLƏR?


Ə.Mustafayev «bu toplantı hansı halda dayandırıla bilər»--sualına da aydınlıq gətirdi:
«Ancaq o vaxt dayandırıla bilər ki, orada insan hüquqlarının pozuntusuna rast gəlinsin. Bizim qanunda aksiyanın hansı halda dayandırılması da nəzərdə tutulub. Bu müvafiq İcra Hakimiyyətinin qərarı ilə ola bilər. Görəndə ki, qarşıdurma var, həmən qərar verilməlidir».

DAĞIDIN, QOVUN!

Hüquq müdafiəçisi bizdə qərarın şifahi, həm də ancaq «Dağıdın, qovun!» şəklində verildiyini vurğuladı. «Bu, qanunsuz qərardır. Buna ictimaiyyət öz mövqeyini bildirməlidir».

AZƏRBAYCANDA ELƏ MƏHKƏMƏ YOXDUR Kİ...

Həsən Kərimov məsələnin siyasi mahiyyətinə diqqət çəkdi. Onun fikrincə, Azərbaycan hakimiyyət orqanları Bakı şəhərində sərbəst toplaşmaq azadlığına imkan verməmək yolunu tutublar.«Beynəlxalq konvensiyalara qoşulsalar da, ATƏT-in üzvü olsalar da, Avropa Şurasında protokolu imzalasalar da sərbəst toplaşmaq azadlığına imkan verməyəcəklər».

Bu sahədə bir neçə məhkəmə çəkişmələrinin olduğunu deyən Həsən Kərimov «Azərbaycanda elə bir məhkəmə yoxdur ki, Bakı şəhər İcra strukturlarının əleyhinə qərar çıxarsın»-fikrinə gəldi. «Bütün məhkəmələr bir-birinin qərarını köçürməklə məşğuldur».

BELƏ ÇIXIR Kİ...

Həsən Kərimov
bir daha vurğuladı ki, əgər Konstitusiyada insanların toplaşmaq, öz fikirlərini ifadə etmək hüququ varsa, nə Hacıbala Abutalıbovun, nə digərlərinin buna qarışmaq səlahiyyəti yoxdur. «Beynəlxalq konvensiyalara qoşulublar, sərbəst toplaşmaq azadlığı haqqında qanun var, onlardan daha üstün Azərbaycan Konstitusiyası var. Belə çıxır ki, bu hakimiyyət öz dövründə qəbul etdiyi Konstitusiyaya hörmətsizlik edir».

DİQQƏT! DİSKRİMİNASİYA!

Ə. Mustafayev ATƏT-in prinsiplərindən birinə —diskriminasiyanın qadağan olunmasına da diqqət çəkdi: «Biz bütün bu hadisələrdə diskriminasiyanı görürük, yəni siyasi rəqibə imkan verməmək. Hesab edirəm ki, bu həm beynəlxalq konvensiyalara, həm də bizim qanunlara zidd olan bir davranışdır. Bütün bunlara baxmayaraq biz vəkil və hüquq müdafiəçisi olaraq hər zaman ictimai qurumların, fərdi şəxslərin müdafiəsində dayanacağıq».


-Hələ 6 il əvvəl mitinq keçirməklə bağlı Bakı Şəhər İH-in qəbulunda olan Həsən Kərimov Hacıbala Abutalıbovdan hansı cavabı eşitdi? Hacıbala müəllim niyə onları tez-tez kabinetindən çıxarırdı?

-Verilişə gələn SMS-lər necə cavablandı?

-Azərbaycanda Sərbəst Toplaşmaq Azadlığının pozulmasıyl a bağlı strateji işlər qaldırılıb, Avropa məhkəməsinə göndərilibmi-sualına Əsabəli Mustafayev necə cavab verdi?

-Hüquq müdafiəçisi son illərin dinc mitinqləri barədə nələr danışdı? «Can Bakı» qarşınızdadır.

FƏVVARƏLƏR BAĞININ TARİXİ:

Bir əsrdən çox yaşı olan bu bağın ilk adı Quru bağ olub. Qılman İlkin yazır ki, əkilmiş ağaclar sulanmadığından, yarpaqlayıb boy atmırdılar. O üzdən də, bakılılar bu bağa Quru bağ deyərdilər.

Manaf Süleymanovun
eşitdiyinə görə, yarım xaraba hovuz heç vaxt su görməzdi, zir-zibillə dolu olardı. Yağışın yuxarı məhəllələrdən gətirdiyi çirkab bu hovuza yığılardı...

Manaf müəllim bir başqa müəllimə dayanaraq yazır ki, 1905-ci ildə Parapetdə fəhlələrin nümayişi keçirilərdi. Qırmızı parçanın üzərində iri ağ hərflərlə «Rədd olsun mütləqiyyət!», «Yaşasın sosializm!» şüarları yazılan plakatlar asılıb, hətta havaya şar buraxılıbmış. Şarların üstündə «Məhv olsun monarxiya!», «Satqınlara, casuslara ölüm!» yazılıbmış.

Qorodovoylar şarlara güllə atmağa qorxurlar. Çaxnaşma düşəcəyindən, qırğın olacağından çəkiniblər. Adamlar həm də göyə buraxılan şarlara baxmaq üçün bura toplaşıbmış. Mitinqlər keçirilir, kürsüyə çıxan natiqlər Azərbaycan (?) və rus dillərində nitq söyləyir, istibdadı lənətləyir, hürriyyəti alqışlayırmış...

Deyilənə görə, qorodovoylar indiki Azərbaycan küçəsindən (Bazarnı) üzüaşağı hücuma keçirlər. Aşağıdan—Starı Politseyski (Y.Məmmədəliyev) küçəsindən də atlı kazaklar camaatın üstünü alırlar. Şallaq və tatarı işə salınır. Hərə bir yana dağılışır—Voronsov küçəsinə, Qəssabbazarına, Tatarskiyə...

Həm Qılman İlkinin, həm də Manaf müəllimin məşhur kitabında 1918-ci ildə türk ordusu Bakını azad edərkən Quru bağda və şəhərin digər yerlərində cinayətkar və oğrular üçün dar ağacı qurulduğu yazılır. Kim nə oğurlayıbsa, elə yanından asılırmış... Şəhərdə oğurluğun kökü kəsilibmiş.

Bolşeviklər Azərbaycanı tutan il - 1920-ci ildə bağa rəsmi olaraq Karl Marksın adını verdilər.Ancaq Marksın adı bu bağa heç zaman yapışmadı. Bakılılar Sovetlərin qılıncının iti kəsən vaxtlarında da, korşalan zamanında da ora bəzən Quru bağ, ən çox da Parapet deyirdilər...

Parapet - fransızca parapet, italyanca parapetto sözündən götürülüb - müdafiə etmək, qorumaq mənasında işlənir. (Parare- qorumaq, petto- döş) Binanın özülünü, terrası, balkonu, körpünü, sahili çəpərləyən, qoruyan, çox da hündür olmayan divara deyirlər. Görünür, ilk vaxtlarda bağda belə bir çəpər - divar olubmuş. O üzdən də, bağa Parapet deyiblər.

XS
SM
MD
LG