Keçid linkləri

2024, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:45

Əli Kərimli: Korrupsionerlər sadəcə, pəhriz saxlayır


Əli Kərimli
Əli Kərimli
«Kosmetik dəyişikliklərlə bu ölkənin problemləri həll olunmayacaq».

AzadlıqRadiosunun «İşdən sonra» proqramında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli son aksiyalara münasibət bildirərkən belə deyib. Onun fikrincə, bütün dövlət strukturlarının yenidən seçilməsinə, formalaşmasına ehtiyac var. Əks halda, irəliləyiş olmayacaq.

Müxalifət lideri deyib ki, aprelin 2-də İctimai Palatanın aksiyasında səslənəcək tələblər də artıq müəyyənləşib. Həmin aksiyada seçki islahatları, siyasi məhbusların azad olunması, sərbəst toplaşma, yeni parlament seçkilərinin keçirilməsi tələb olunacaq.

Əli Kərimli son vaxtlar hökumət tərəfindən atılan bəzi addımlara da münasibətini bildirib:

«Biz bilirik ki onlar könüllü şəkildə islahat barədə düşünmək iqtidarında deyillər. BİZ 17 İLLİK BU REJİMİ YAXŞI TANIYIRIQ. Hökumət çalışır ki, kiçik və orta ranqlı məmurların qarşısını qismən kəsməklə və yumurta islahatı kimi islahatlarla təhlükəni sovuşdursun. Amma xalq çıxacaq meydana. Xalqın tələbləri olacaq. Elə ölkələr var ki onlar islahat yolunu tuturlar, dərhal hökuməti buraxırlar, konstitusiyanı dəyişirlər, amma elə ölkələr də var ki, onlar zora istinad edirlər. İndi Azərbaycan hökumətinin də davranışına baxacağıq - yenidən xalqla zor dilindəmi danışmaq istəyəcək, yoxsa xalqı dinləyəcək?».

Əli Kərimli hökumətin antikorrupsiya siyasətini korrupsiya ilə mübarizə yox, korrupsionerlərin pəhriz saxlaması adlandırıb.

AXCP sədri deyib ki, son aksiyalarda Azərbaycan polisində müəyyən inkişafın şahidi olub:

«Azərbaycan polisinin 2005-ci il mayın 21-də bizim mitinqimizə olan münasibətini xatırlayıram. «Dubinka»dan istifadə olunmaması kimi müsbət məsələləri demək lazımdır...».

Dinləyicinin «LİDERLİK MƏSULİYYƏTİNİ BOYNUNUZA GÖTÜRÜRSÜNÜZMÜ» sualına cavabında isə AXCP sədri deyib ki, o, məsuliyyətdən çəkinmir:

«Mübarizənin lideri olmanın məsuliyyətindən çəkinmirəm və onu üzərimə götürməyə hazıram. Amma hesab edirəm ki, indi biz vahid lideri müəyyənləşdirmək, kim bununla razı deyilsə, buna qarşı mübarizə aparmaq kimi bir situasiyaya düşməli deyilik. Əlbəttə ki, Azərbaycan vətəndaşları Azərbaycanın siyasi liderlərini tanıyırlar».

Əli Kərimli bildirir ki, o, bu söhbətin uzanmasının tərəfdarı deyil.

XS
SM
MD
LG