Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:48

Brilliantın “Sevgilim”i (Fraqmentlər)


ALPAY AZƏR


“Fraqmentlər” silsiləsindən


Dirijor

O hər gün binamızın həyətində şəstlə, şax qamətlə yeriyir, mədəni adamdır, hamıya salam verir, qara şalvarı, ağ ya göy rəngli köynəyi həmişə ütülü olur.

Ağarmış saçlarını səliqə ilə arxaya darayır, üstəlik, tez-tez də əlini başına çəkir ki, saç düzümü azacıq da olsa pozulmasın.

On dörd mərtəbəli binamızda yaşayanların demək olar ki, hamısı ağsaqqallıq dövrünə qədəm qoymuş bu kişiyə hörmətlə yanaşır.

Səsi gurdur, ərklə danışır, həyətdə iri addımlarla, bəzi yaradıcı adamlara xas ayaqlarını yerə basa-basa yeriyir.

O, öz işini sevir, hətta işiylə fəxr edir. Qıraqdan baxanda görürsən ki, iş vaxtı sifətinə bir gərginlik gəldi, az sonra gərginlik rahatlıq, razılıq ifadəsi ilə əvəz olundu.

Onun əsas iş aləti əlləridir, mən bu binaya köçəndən o, sağ ya sol əli ilə idarə edir, enerjili əllər havada hərəkət etməkdə, qövslər, düz xəttlər çəkməkdədir.

Səhərdən axşama, çox vaxtlar gecəyə qədər iş başında olur.

Bütün günü ayaq üstədir, üstəlik nahar vaxtı işi daha çox gərgin olur, - eyni zamanda bir neçə adama əl hərəkətləriylə, sözlərlə, emosional mimikalarla göstəriş vermək məcburiyyətində qalır. “Yavaş, yavaş”, “Ay sağ ol”, “Tələsmə, tələsmə”, - verdiyi göstərişlərə uyğun sifətindəki mimika da dəyişir. “Eşitmirlər məni, mən deyəni eləmirlər,” – bəzən giley eliyir, əsəbiləşir.

İş vaxtı onun əl hərəkətlərindən asılı olan kişilərlə ərklə, bəzən əmrlə, amma qadınlarla bir az mədəni davranır.

Sonra balaca kabinetinə çəkilir, bir stəkan çay içir, bir dənə də siqaret yandırır.

Qıraqdan fikir verirəm, mənə elə gəlir ki, o, bir çox adamların ondan asılı vəziyyətdə olmasından, xüsusilə naşı adamlara göstəriş verməkdən, onlara kömək etməkdən ləzzət alır, - çünki o idarə edəndir, liderdir.

Peşəkarlar onu saya salmayanda, göstərişlərinə reaksiya verməyəndə, ruhdan düşmür, özünü sındırmadan işini görməyə davam edir.

Düzdür, onun kolleqalarının çoxu bu işi çubuqla görürlər, bəziləri bellərini tez-tez əyir, bizimki isə ancaq əlləri ilə, - hərdən mənə elə gəlir ki, o öz əllərini çox sevir, - üstəlik düz qamətlə, məğrur görkəmlə. Bir sözlə, həmin o yaşlı kişi dirijordur, həyətimizdəki maşınları idarə edən dirijor.


Brilliantın “Sevgilim”i

- Həə, qadan alım, - qoca arvad telefonla bacısı ilə danışır... İnan ki, a Safuş (yəni Safurə), gecə də dua eliyirəm, gündüz də ki, Mətiş (yəni Mətanət) ərə getsin, xoşbəxt olsun. - Mətanət də qoca arvadın bacısı qızıdır. – Bax, özün də bilirsən, səysən yaşım var, çox az qalıb ömrümə... A bajı, elə demə deyəndə ki, həyatdı da, tezi ya geci bu olmalıdı. İnan ki, mənim bir dərdim var bu həyatda, Mətiş ərə getsin, mən də bu dünyadan rahat gedim. – Mətanətin iyirmi səkkiz yaşı var, ərə getməyib deyə, nəsildə, qohumlar arasında onun adı gələndə deyirlər: “Bu gün sabah otuz yaşı olacaq, ama yazıx hələ də ərə getmiyib”.

(Telefonla danışan qoca arvada orta yaşlı qızı həm əl-qolunu ölçə-ölçə, həm də pıçıltı ilə deyir ki, “Ay ana, bəsdi, lazım deyil, dərdini təzələmə xalamın”, ana isə telefonla danışa-danışa qızına göz ağardır ki, bəsdir).

- ...Heç toy demirəm, elə bircə qulağım eşidəydi ki, Mətişə nişan qoydular, barmağına üzük taxdılar, elə bil dünyanı mənə verərdilər...

Telefonla danışan arvadın qızı yenə jestikulyasiyalarla, pıçıltıyla anasına etiraz edir, xeyri olmur.

- ....İnanırsan a Safuş, elə olur, saatlarla oturub fikirləşirəm öz-özümə ki, niyə bu qızın bəxti açılmır. Göyçək qızdı, saç yerində, fiqura yerində, əlində diplom, məktəbdə işliyir, hörməti var..... Ehh, demə-demə, Allah bizimkilərin evini yıxmasın, gözləri elə yad qızlarını gördü.... Hərdən eşidirəm, qonşuda-tanışda elə adamların qızları ərə gedir, inanırsan, az qala dəli oluram, az qalır təpəmdən tüstü çıxa. Heç Mətişin atılan dırnağına dəyməzlər.... Hə də qismət, a bajı, qismətdi, görək də... Gecə gündüz dua eliyirəm... Ooldu, a bajı. Mətişin üzündən öpərsən. Ooldu, sağ ol, – dəstəyi yerinə qoyan kimi qızının üstünə qışqırır:

- A köpəyin qızı, nə qara quzğun kimi az qala üstümə şığıyırsan, ha?!

- Ay maa, bir sözü nə qədər deyərlər, yazıxdı axı xalam. Onsuz da qızının dərdini çəkir. Sən də bir yandan yadına salırsan...

- Az, özüm bilirəm nə deyirəm. Kiri! Mənim işimə qarışma!

- Yox e, onsuz da onlar dərdlidi.

- Elə mən də dərdliyəm. Dərdimi də öz doğma bajıma deyirəm, yada demirəm ha sevinsin, ya da bu qulağından alıb, o birindən çıxartsın.

- Ay ma, mən başqa şey deyirəm, sən tamam başqa şey.. - qızı səs tonunu bir az aşağı salır.

Bu vaxt ATV-dən Brilliant Dadaşova “Sevgilim” mahnısı oxumağa başlayır. Qoca arvad gözünü televizora zilləyir, qızına:

- Dayan bir dəyqə. Xoşdadığım mahnını verirlər. Götür o pultu səsini qaldır...

Qızı pultu axtarmağa başlayır. “Lazım olmayanda zəhrimar pult lap adamın gözünə girir”, - anası deyinir...
XS
SM
MD
LG