Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Qiymət sıçrayışı, dəyirmanların çöküşü və yumurtadan siyasi yun qırxmaq


Mətbuat icmalı
Mətbuat icmalı
«Azərbaycan» qəzeti «ƏRZAQ BAZARINDA QİYMƏT SIÇRAYIŞI NECƏ YARANIR» sualına cavab axtarır. Qəzet hətta bazar rəhbərlərinə tövsiyələr də verir.

«Mütəxəssis araşdırmaları sübut edir ki, bəzi ticarət mərkəzlərində qiymətlər məhsulun dəyərinə görə yox, sahibkarın qərarına uyğun təyin olunur. Hətta bu qərarlar o qədər nəzarətsiz olur ki, qiymətlər müqayisə həddini ötür.

«Qara Qarayev» metrosunun yaxınlığındakı «Nərmin» ticarət mərkəzində meyvələrin satış qiyməti fantastik həddə çatmışdır. Almanın bir kiloqramı 4 manata, armud 3 manata, qoz ləpəsi 14 manata satılırdı. Digər kənd təsərrüfatı məhsulları da bazar qiymətlərindən ən azı, iki dəfə baha qiymətə təklif olunurdu. Özünü ticarət mərkəzinin rəhbəri kimi təqdim edən Müsəllim Həsənoğlu qiymətləri ucuzlaşdırmaq üçün bizdən tövsiyələr istədi. Doğrusu, bildiklərimizi əsirgəmədik. Dedik ki, heç uzağa getməyin, əziyyət olar, yol xərcləri artar. Elə qonşuluqdakı 8-ci kilometr qəsəbəsindəki bazara, yaxud Nərimanov rayonundakı «Yaşıl bazar»a baş çəksəniz, hər şey bəlli olacaq. Ən azı, gözlərinizlə görəcəksiniz ki, hər kiloqramını 3-5 manata satdığınız meyvələr həmin bazarda azı, iki-üç dəfə ucuz qiymətə təklif olunur».

«Bizim yol» qəzetinin manşeti belədir: «ƏRZAQ MAFİYASI DƏYİRMANLARI ÇÖKDÜRDÜ».

Qəzet dəyirman sahiblərinə istinadla yazır ki, inhisarçı şirkətlərin Rusiyadan ucuz un gətirməsi böyük ajiotaj yaradıb. Bəzi dəyirmanlar hətta fəaliyyətini dayandırmaq məcburiyyəti ilə üzləşib.

«Sahibkarların bildirdiyinə görə, ölkəyə idxal olunan buğda və una qoyulan ƏDV ləğv edilsə də, gömrükdə sahibkarlardan məcburi qaydada rüsumun məbləği miqdarında rüşvət alınıb. Dəyirman sahibləri ölkəyə külli miqdarda un gətiriblər.

Hazırda dəyirmanlarda istehsal olunan unun 50 kiloqramı topdansatışda 21-22 manata satılır. Lakin son bir həftə ərzində vəziyyət köklü şəkildə dəyişib. Azərbaycanda buğda idxalına nəzarət edən «Karmen», «Dəvəçi un» və Gəncədə yerləşən «Neon» şirkəti Rusiyadan un gətirməyə başlayıb. Sahibkarların bildirdiyinə görə, ölkəyə əsasən Şimali Qafqazda istehsal olunan «Makfa», «Terek» və «Zolotoy Kolos» markalı un gətirilib. Həmin unlar 50 kiloqramı topdan satış məntəqələrində 18 manat 50 qəpiyə satılır. Sahibkarlar deyir ki, Rusiya ununun ucuz satılması digər şirkətlərin işinə öldürücü zərbə vurub».

«DƏRMANIN QİYMƏTİ NİYƏ ƏLİYEVİN YADINA DÜŞMÜR?»


Bu sualı isə «Azadlıq» qəzeti qoyur.

Tibbi preparatların gün-gündən artdığını yazan qəzet ekspertlərə üz tutub. Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, Azərbaycana gətirilən dərmanların keyfiyyət parametrləri xeyli şübhəlidir. O bunu həmin dərmanların üçüncü ölkədən gətirilməsiylə izah edib.

İqtisadçı-ekspert Rövşən Ağayevə görəsə, dərman bazarı idxaldan asılıdır, idxalsa bütünlükdə inhisarçıların əlindədir.

«BUNUN ADI YUMURTADAN SİYASİ YUN QIRXMAQDIR»


Müsavat Partiyası başqanı İsa Qəmbər «Yeni Müsavat» qəzetinə müsahibə verib. Qəzet sual verir ki, hakimiyyət nəyin islahatını keçirməlidir?

«Hakimiyyət çox şey etməlidir. Ancaq yumurtanın qiymətini zorakı üsullarla aşağı salmaq islahat deyil. Bu, iqtisadiyyata kobud müdaxilədir və əks effekt verəcək. Hər şeyi monopoliyaya alan hakimiyyət baha qiymətə məhsulları ticarətçilərə, satış obyektlərinə verəcək, həmin ticarətçilər də topdansatışdan aldıqları məhsulu ondan aşağı qiymətə satacaqlar. Bu necə ola bilər? Bu, mümkün olan məsələ deyil. Ona görə də bunu islahat adlandırmaq mümkün deyil. Təsadüfi deyil ki, bu məsələ çoxsaylı lətifələrin yaranmasına səbəb olub. Hər halda, mən hakimiyyətə məsləhət görürəm ki, yumurtadan siyasi yun qırxmaqla məşğul olmasınlar. Ciddi düşünsünlər və bizim köklü dəyişikliklər təklifimizə qulaq assınlar...».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG