Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:52

İctimai fəal necə yoxa çıxır?


Nida Vətəndaş Hərəkatının fəallarından Abdulla Tağıyevə 4 sutka həbs cəzası verilib. Abdulla Tağıyevin həbsindən martın 13-də xəbər tutan dostları onun martın 10-da saxlandığını ehtimal edirlər. Artıq azadlığa buraxılmalı olan tələbə-fəaldan nə valideynləri, nə də dostları xəbər tuta bilmirlər.

«MƏN GEDİRƏM POLİSƏ»


Dostu Elmar Mürsəlli Abdulla haqqında «yoxa çıxmazdan» əvvəlki vəziyyəti danışır:

«13 martda biz Abdulla ilə əlaqə saxlamağa çalışdıq. Abdullaya zəng çatmırdı. Elə bildik, gedib rayona, ailəsinin yanına. Ən axırda biz onun «Facebook»-a yazdığı statuslara baxdıq. Bu yazıb ki, «mən gedirəm polisə». Polis ona demişdi ki, evində qanunsuz şəxslər, kirayəçilər qalır. Ona görə Abdullanı axtarışa veriblər. Polisə gedəndə elə ordaca tutublar, telefonunu alıblar, özünə də 4 günlük həbs verib aparıblar Binəqədi Təcridxanasına».

Abdulla Tağıyevin Binəqədi Müvəqqəti Təcridxanasında saxlandığı barədə isə martın 8-də 5 günlük həbsədə olan gənc fəal Rəşadət Axundov məlumat yayıb:

«Təsadüfən gəzintiyə çıxdığımız vaxt görüşdük. Ayın 11-i axşam. Dedi ki, 4 sutka almışam, evimin yaxınlığını 2 gün polislər izləyib. Bundan sonra ayın 10-da götürüblər».

Abdulla Tağıyev
Abdulla Tağıyevin
4 günlük cəzası artıq tamamlansa da, hələ də heç kəsin onunla əlaqə saxlaması mümkün olmayıb. Binəqədi rayon Polis İdarəsindən AzadlıqRadiosuna bildiriblər ki, hazırda təcridxanada bu adda şəxs yoxdur.

ALTERNATİV VARİANT

Daxili işlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyir ki, saxlananların və ya itənlərin valideynləri onlardan məlumatsızdırsa, ya 102 telefonuna, ya da müvafiq polis idarəsinə müraciət etməlidirlər.

Martın 4-də cəbhəçi Dəyanət Babayev, martın 8-də isə müsavatçı Səxavət Soltanlı gizlin saxlanmış, sonradan bu barədə xəbər yayılmışdı.

Bu fəalların saxlandıqları yer isə bir neçə hüquqşünasın yaratdığı mobil qrup - Operativ Reaksiya Qrupu sayəsində bəlli olub. Qrupun təmsilçilərindən vəkil Əsabəli Mustafayev deyir ki, əvvəlcə vətəndaş yerli polis orqanında müraciətini rəsmiləşdirməlidir, sonra alternativ variantlara əl atmalıdır.

İNSAN OĞURLUĞU DAVAM EDİR


Sabiq polis rəisi, Elmi-Praktik Hüquq Mərkəzinin eksperti Mahmud Hacıyev deyir ki, müxtəlif bəhanələrlə vətəndaşın polisə çağırılması qeyri-qanunidir:

«Kiminsə evində kirayənişin yaşayırsa, sahə inspektoru tərəfindən gəlib yerində də baxış keçirilə bilər, aydınlaşdırıla bilər. Ondan ötrü vətəndaşı çağırmırlar ki, polis idarəsinə. Bu, bəhanədir, həmin bəhanəylə çağırıblar. Düzgün deyil bu. Vətəndaş müraciət edir, uşağından, qardaşından xəbər-ətər çıxmır, təzədən məlum olur ki, müəyyən müddətə azadlıqdan məhrum ediblər, filan təcridxanadadır».

Mahmud Hacıyev
Mahmud Hacıyevin
fikrincə, vətəndaşların bu yolla saxlanması insan oğurluğudur. Onun sözlərinə görə, vətəndaş qısamüddətli, bir neçə günlüyə məhkəmənin qərarıyla saxlanırsa, mütləq onun yaxınlarına, doğmalarına xəbər verilməlidir.

Human Rights Watch insan haqları təşkilatı da martın 12-də yaydığı bəyanatında qeyd edirdi ki, Azərbaycanda son vaxtlar həbs olunan sosial media fəallarından azı ikisinin ailələrinə yerləri barədə məlumat verilməyib, hakimiyyət onların saxlanmasını da bir neçə gün ərzində təsdiqləməyib. Bəyanatda vurğulanırdı:

«Azadlıqdan məhrum olunmuş bir şəxsin yeri barədə məlumatın verilməməsi onun qanunla qorunmasına mane olur və məcburi yoxaçıxma hesab olunur ki, bu da ciddi insan haqqı pozuntusudur».
XS
SM
MD
LG