Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:03

Azərbaycanla İran arasında gərginlik artır?


Azərbaycanda etiraz aksiyalarının artması İrana imkan verir ki, bu ölkə üzərində əsas təsir rıçaqlarından istifadə etsin
Azərbaycanda etiraz aksiyalarının artması İrana imkan verir ki, bu ölkə üzərində əsas təsir rıçaqlarından istifadə etsin
Azərbaycanda son vaxtlar etiraz aksiyalarının çoxalması Bakını sövq edir ki, İrana bu dalğanı qızışdıran mənbə kimi baxsın. Əslində İranın Azərbaycanda şiələr kimi təsir rıçaqı var, ancaq Rusiya faktoru da Tehranı Azərbaycanda sabitliyi pozmaq cəhdlərindən çəkindirə bilər.

Bunu «Stratfor» Araşdırmalar Mərkəzi yazır.

FARS KÖRFƏZİ VƏ AZƏRBAYCAN


Yaxın Şərqdə itaətsizlik artanda, «Stratfor» yazırdı ki, İran regiondakı sabitsizlikdən öz xeyri üçün istifadə edə bilib. Hətta ola bilsin ki, bu sabitsizliyi bir az da alovlandırsın, xüsusilə də Fars Körfəzi ölkələrində. İndi ola bilər ki, Tehran qonşusu Azərbaycanda oxşar strategiya həyata keçirsin.

Azərbaycanda etiraz aksiyalarının artması İrana imkan verir ki, bu ölkə üzərində əsas təsir rıçaqlarından istifadə etsin. Məsələn, Azərbaycanda bəzi müxalifət partiyaları ilə münasibətlərindən və bu ölkənin dini və təhsil müəssisələri üzərindəki nüfuzundan.

«Stratfor» daha sonra Azərbaycan-İran münasibətlərinin tarixinə nəzər salır. Azərbaycanın vaxtilə Fars İmperiyasının tərkibində olduğunu, İranın şimalında etnik azərbaycanlıların yaşadığını qeyd edir: «Tehran hiss edir ki, əhalisinin 25 faizini təşkil edən azərbaycanlılar üzərində nəzarət lazımdır».

İranla Azərbaycanın hazırkı münasibətləri də qarışıqdır. İki ölkənin ticarət dövriyyəsi ildə 500 milyon dollardır. Ancaq siyasi münasibətlər daha mürəkkəbdir - İran Azərbaycan İslam Partiyasına siyasi və maddi dəstək verir. Bu partiya Bakıda qadağan olunub. Tehran öz növbəsində, Bakının İrandakı etnik azərbaycanlılardan bu ölkədə narazılıq toxumu səpmək üçün istifadə edəcəyindən qorxur. Həmçinin, Bakının Qərb üçün İrana çıxış nöqtəsi olacağından narahatdır. İran Ermənistanla, Azərbaycan isə Qərb və İsrail ilə yaxşı münasibətlər saxlayır. Bu amillər də münasibətləri gərginləşdirir.

AZƏRBAYCANDAKI İTAƏTSİZLİK VƏ İRANIN ROLU

Bakı Təhsil İdarəsi məktəblərdə hicabı qadağan edəndən sonra təxminən 1 000 nəfər Təhsil Nazirliyi qarşısında aksiya keçirib
«Stratfor» xatırladır ki, 2010-cu ilin dekabrında Bakı Təhsil İdarəsi məktəblərdə hicabı qadağan edəndən sonra təxminən 1 000 nəfər Təhsil Nazirliyi qarşısında aksiya keçirib. 15 nəfər saxlanıb.

«Stratfor» Azərbaycandakı mənbələrinə istinadla yazır ki, Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədovun bu aksiyaların təşkilatçısı olmasına inanır. Belə bir fikir də var ki, Tehran Azərbaycanın təhsil sisteminə təsir göstərmək, cənub bölgələrində mühafizəkar əhali ilə münasibətləri genişləndirmək istəyir. Nəticədə Azərbaycanın təhlükəsizlik qüvvələri mühafizəkar dini qruplara hücumları artırıb, İslam Partiyasının sədri və üzvləri həbs olunub. Onlar ölkə əleyhinə terrorçuluqda ittiham edilirlər.

Bakı hicabla bağlı qadağanı yumşaltsa da, İran əleyhinə ritorikanı artırıb. Bəzi rəsmilər Tehranı Azərbaycanın daxili işlərinə qarışmaqda ittiham edib. İranın Bakıdakı səfirliyi qarşısında kiçik qruplar aksiyalar keçiriblər. Azərbaycan rəsmiləri İran mediasının – «Səhər TV», «Ahlul Bayt News» Agentliyi, «Press TV»nin Azərbaycan əleyhinə təbliğat apardığını deyir. İranın Azərbaycandakı səfiri isə belə bir müdaxiləni təkzib edir.

İki ölkə arasındakı gərginlik 11 mart aksiyası ərəfəsində də artıb. İranın media orqanları gənc fəalların həbsini «Bakının itaətsizliyin ölkəyə keçməsindən narahatçılığına» dəlil sayır. «Stratfor»un Azərbaycandakı mənbələrinə görə, Bakı inanır ki, «Facebook» qruplarının fəaliyyəti arxasında əsasən İran dayanır və müəyyən media orqanlarından etiraz aksiyaları öncəsi hərəkatı qızışdırmaq üçün istifadə edir.

CİDDİ SABİTSİZLİYƏ MANE OLAN FAKTORLAR


Gərginlik artsa da, daha fundamental faktorlar da var ki, Azərbaycanda ciddi itaətsizlik yaxud potensial inqilabı mümkünsüz edir. Kənd yerlərində cəmiyyətin mühafizəkar və radikal elementlərinin hökumətdən real narazılığı var, ancaq bu kəsimin «Facebook» fəalları ilə əlaqəsi yoxdur. «Stratfor» əvvəllər də qeyd edib ki, Azərbaycanda Misir yaxud Tunis-üslublu inqilab riski yoxdur, ancaq keçmiş Sovet məkanında potensial problemli ölkələr sırasındadır. Ancaq İlham Əliyev ümumi ictimaiyyət arasında populyardır və Bakının güclü daxili təhlükəsizlik aparatı var.
İran Azərbaycana daha çox müdaxilə etsə, Rusiya İrana təzyiq edə bilər...
Bu aparat indiyəcən rejimə sədaqətsizlik göstərməyib, təhlükəsizliyi nəzarətdə saxlamaq bacarığını da sübut edib.

Digər mühüm faktor isə Rusiyanın roludur. Moskvanın Bakıdakı rejimlə münasibətləri yaxşıdır. Azərbaycanda birbaşa hərbi iştirakı olmasa da, Qafqazdakı geosiyasi mühit Moskva üçün əlverişlidir. Ona görə də Rusiya status-kvonun ciddi pozuntusunda maraqlı deyil, xüsusilə Qərb yaxud Tehrana üstünlük verəcək pozuntuda. İran Azərbaycana daha çox müdaxilə etsə, Rusiya İrana təzyiq edə bilər...

İran ümumilikdə Bakıdakı hökumətin devrilməsində maraqlı ola bilər, ancaq daha çox istədiyi Azərbaycanda ümumi sabitsizlikdir. Hətta aşağı səviyyəli etiraz aksiyaları formasında sabitsizlik Bakının diqqətini ölkənin içinə yönəldir. Nəticədə Qərbin bu ölkədəki maraqları üçün risk yaranır ki, bu da İranın xeyrinədir. Bu səbəbdən İrandakı azərbaycanlı əhalini və Rusiya faktorunu nəzərə alan Tehran Azərbaycanda itaətsizliyi qızışdırmaqda ehtiyatlı olacaq. İran eyni zamanda, diqqətini əsas hədəfinə - Fars Körfəzi ölkələrinə yönəldəcək.

P.S. «Stratfor» Araşdırmalar Mərkəzi ABŞ-da yerləşir. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi martın 15-də belə bir xəbər yayıb ki, mərkəzin elmi işçisi Rəşad Kərimov bu ilin mart-aprel ayları ərzində «Stratfor»da qonaq elmi işçi qismində siyasi və təhlükəsizlik mövzularında elmi tədqiqatlar aparacaq. Məlumatda deyilir ki, iki mərkəz arasında qonaq elmi işçilərin mübadiləsinə dair anlaşma ötən ilin iyununda əldə olunub. Həmin vaxt «Stratfor»un prezidenti, professor Corc Fridman Azərbaycanda səfərdə olub.
XS
SM
MD
LG