Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:55

ƏLABBAS "Şəhər" (Hekayə)


Davanın qurtaracağı günü heç kəs Bəşir kimi səbirsizliklə gözləyə bilməz. Bilir ki, başın qarışıq vaxtıdı, hərənin min cür dərdi-odu var.

Ən vacib olan şeylər də bəzən müvəqqəti olaraq unudulur. Biri elə özü... Bəlkə, unudulmayıb?

Bununla belə arxayındı ki, dava qurtarandan sonra lap yerin deşiyində də olsa, onu mütləq axtarıb tapacaq, bəlkə, sağkən heykəl də qoyacaqlar; bəs nədi, vətən yolunda can qoyub, hələ üstəlik onu televizorda da göstəriblər.

Özü də gör kimlə? Daha bu boyda da zarafat olmaz ki?! Düzdür, o hadisədən xeyli vaxt keçib, düz dörd il, amma vaxtın məsələyə nə dəxli?

Əsas odur ki, belə bir şey olub. O vaxt tale aparıb Bəşiri şəhər hərbi qospitalına çıxarmışdı.

Düz on iki ay bir böyrü üstə yatan bu adamın xəstəliyindən sağalmaq milyonda birinin qismətində ola, ya olmaya idi. Bunu ona üstüörtülü başa salmışdılar, amma onu lap açıqca demişdilər ki, ola bilsin, bu xəstəliklə yüz il də yaşaya bilər.

-Sənə şəhərdə ev verdirəcəm, oğlan, darıxma. Bu xəstəliklə sənə kənddə əziyyət olar,-axır ki, bir ilin sər-tamamında hardansa bir hökumət adamı da azıb yolunu xəstələrin yanından salmışdı. Onun külli-ixtiyar sahibi olduğunu Bəşir həm də yan-yörədəkilərin quyruq bulamağından başa düşmüşdü və bu sözdən birdən-birə canında elə bir təpər duymuşdu ki, qınayan olmasaydı, elə həmin dəqiqə qalxıb yeriyərdi.

-Vətən sənin kimi övladlarıyla vətəndi, oğlan, dəyanətli ol, qələbə bizimlədi,-sözlərini axşam televiziya ilə səsləndirib onları qoşa göstərəndə Bəşir, qeyrətli kişilərin hələ də yaşadığına bir daha inandı. Üstəlik çoxdan unutduğu istək də birdən-birə içində ağac kimicə çiçəklədi: şə-hər! Bax buna deyərlər qismət. Bəşir davadan çox-çox qabaq da hər gün acqarına azından yüz yol allahına yalvarmışdı ki, şəhərə getmək üçün ona bir qapı açsın, çünki bu adam başdan-binadan şəhərin ölüsü idi. O təsadüfi görüşdən sonra isə bir daha inandı ki, tale nə qədər sərt və amansız olsa da, fələyin rəhmi də yox deyil. Bu an o bilmirdi ki, belə bir qismət üçün taledən şikayətmi eləsin, ya ona şükür? Çünki Bəşirin onda hələ bircə dərdi var idi; ayağa qalxa biləcək, ya yox? O şübhəyə də ki, onu palata yoldaşları salmışdılar, belə şeyi sataşmaq sanmayıb neyləyəsən? Guya, ondan çox bilirdilər? Amma necə olmasa da, kəndə getmək vaxtı yaxınlaşdıqca həyəcanlar da artırdı. Kazım - allah ömür vermiş ona-buna tamaşa göstərməklə nəfəs alırdı - Bəşirə elə belə də demişdi:

-Bunun üçün əvvəl-əvvəl sən xəstəxanadan çıxmalısan. Sonra getməlisən rayona. Gözləməlisən gözaydınlığına gələn qohum-əqraba, dost-tanış, bir sözlə, cəmi kənd əhli dağılışıb getsin. Uşaqları da yuxuya verəndən sonra otaqda bir sən qalmalısan, bir də arvad...

Kəndə qayıtdığı o gecə - kaş heç sağ qayıtmayaydı - Bəşirin təkcə gözünün yaşı axmırdı, nəzərləri ay parçası kimi gözəl-göyçək arvadına dikildikcə həm də canının yağı əriyirdi...

O məhz indi anlamışdı ki, müalicəsi hələ təzə-təzə başlayan günlərdə həkim niyə sözarası ona eşitdirirmiş ki, kaş elə dərd təkcə sənin ayaqlarının dərdi olaydı. Bəşirin evinin çırağı o gecə ikinci dəfə, özü də əvvəlkindən fərqli, bu yol həmişəlik söndü.

Baxmayaraq ki, otuz yaşda üç tifil atası idi və bu tifillər indi onun yeganə təsəlli yeri idi, bununla belə bu puç və mənasız həyat təzədən onun nəyinə gərək? Guya, iş elə uşaqların olmağıyla bitirdi?!

Bəşir o gecə ona qoşulub gildir-gildir göz yaşı axıdan arvadına beş-on kəlmə elə söz dedi ki, ta bineyi-qədimdən heç bir arvad xeylağı ərinin halına o cürə sidqi-könüldən yanmamışdı.

Şəhərə köçməyin vacibliyini də arvadına Bəşir qəhərdən boğula-boğula elə o matəm gecəsi başa saldı, intəhası axı o hardan biləydi ki, vaxt gələcək bir müddətdən sonra şəhər barədə söhbətlərinə elə birinci öz arvadı qulp qoyacaq və o da davanın qurtarmağını gözləməyə səbr elməyib Səyavuş müəllimə öz dəsti-xətti ilə iki iltimas məktubu göndərməli olacaq.

İt-bata düşməsin deyə hər ikisini Bakıyacan əldə yolladığı məktubların cavabını Bəşir o intizarla gözləyirdi ki, sanardın Bakıdan adicə məktub yox, ayaqlarının açılacağı xəbəri gəlməlidir.

Cavab yubanırsa, gərək buna məyus olasan, əksinə, Bəşir nə müddət idi, sevinc içərisindəydi: deməli, evin yer məsələsi həll olunur ki, cavab yubanır. Bəs necə? Şikəst adamı aparıb şəhərdə itin quduran yerinə çıxarmayacaqlar ki?

Bəşir hələ günü bu gün də o fikirdədi ki, hərgah Narın ərinin sözünə qulaq asıb vaxtında qəbula getsəydi, çoxdan şəhərdə ev-eşik yiyəsi idilər. Gərək dəmiri isti-isti döyəsən. O isə Bakıya qəbula gedib-qayıdandan sonra, durub-oturub, abırımızı örtən kənddi, deyir, orda ağzımıza qurd düşər. Ağlın əvvəllərə getməsin, indi şəhərin də ləzzəti qaçıb.

-Ay kəndçi! Sən düzəlmədin ki, düzəlmədin,-Bəşir bir vaxtlar şəhərin tərifini göylərə qaldırıb, indi isə işi-gücü onu şəhər fikrindən danışdırmaq olan arvadına çətinə düşəndə həmişə "kəndçi" deyir.

-Olaram da kəndçi. Sənin tərifli şəhərlilərin kimi Kür suyu içmirəm ki, ağıllanam.

-Hər şeylərinə lağ eləmişdin, bircə qalmışdı suları. Onun nə əmması var?

-O əmması var ki, bütün Tiflisin kanalizasiyası Kürə axır. Bakıda da o suyu elə dümləyirlər ki, elə bil mət-zad içirlər.

-Niyə sən həmişə elə bilirsən ki, hamıdan çox bilirsən?-deyəndə Bəşir onu nəzərdə tuturdu ki, Kür suyunu təkcə şəhərdə içmirlər, Qazaxdan tutmuş üzübəri bütün respublika o sudan istifadə eləyir, bu bir. İkincisi də əsas odu ki, suya nə töküldüyünü göz görməsin. Guya, yeyib-içdiklərimizin nə olduğunun hansından xəbərdarıq ki?

-Deməli, bu millət səncə bilmir də harda yaşamaq sərfəlidi?

Nədə, nədə, bircə bu işdə Narın deməyə söz tapmırdı; millət bir ucdan şəhərə axışmaqda idi. Niyə uzağa gedir? Biri elə onların kəndi. Daha kimlər qalmadı ev-eşiyini satıb Bakıda köç salmasın? İndi onların yerli camaatından Bakının düz orta göbəyində əməlli-başlı bir kənd düzələr. Əksəriyyəti də bir səmtdə, bir məhəllədə.

Elə bil sözləşiblər ki, kənddəki kimi orda da bir yerə cəm olsunlar. Bə nədi: bunun səhər xeyir-şəri var, min cür dərdi-odu var. Əgər imkandırsa, niyə axı hərə bir dərəyə səpələnsin? Dağılasan, a dünya! Axırda allahın o çəpgöz Bilqeyisi də peyin iyi verə-verə kəndə daş qoyanın atabaatasına lənət yağdıra-yağdıra nələri vardısa bircə ayın içində dəyər-dəyməzinə satıb altı uşaqla Bakının birotaqlı beton mənzilini kənddəki ikimərtəbəli mülklərindən üstün tutdu. Gedəndə də nə desə yaxşıdı:

-Beş il yaşayasan, amma adam kimi yaşayasan.

-Get, get bircə sən qalmışdın gürcülərin peşovunu içməmiş.

Bəşir bu söhbətə görə evdə az qala qan salmışdı ki, Bilqeyisə niyə məhz o, cavab verməli idi? Yəni belə başbiləndi?

-Sən elə əzəl gündən məni şəhər sevdasından yayındırmısan,-bütün günü öz-özünə mırtdanan Bəşir, axır ki, hirsini arvadının üstünə tökəndə bilirdi ki, Narından yenə də həmişəki cavabı eşidəcək. Bir dəfə o, ərinin ara-sıra səngiyib, yenidən alovlanan şəhər barədə söhbətlərini bədəndə özünə çoxdan yer eləyib uzun illərdən sonra tərpənən qəlpəyə bənzətmişdi və hərdən söz düşəndə onu təkrarlamağı çox xoşlayırdı və tərs kimi Bəşir də bu sözdən inciyə bilmirdi. Amma o bu dəfə ərinin gözləmədiyi bir söz dedi:

-Çünki istəməmişəm sənin bəzi şeylərdə avam olduğunu hamı bilsin. Sənə elə şirin yalan deyiblər ki, ləzzətindən hələ də ayıla bilmirsən.

"Avam" sözündən sonra Bəşirin ağlına min cür qara-qura fikir gəlsə də, o bəzən susmağı hər şeydən üstün tuturdu.

İndi çox şey dəyişilib. Daha belə söhbətləri eləməyə canlarında həvəs də yoxdu. Onuca fikirləşirlər ki, necə eləsinlər başlarını bir yana çıxartsınlar. Bəlkə də, ər-arvad təkcanına olsaydılar, yaxşı-pis birtəhər dolanardılar, amma üç uşağın da çatısı Narının boğazındadı.

Üstəlik əri də onun əlinə baxır. Gör davadan qayıtdığı nə əyyamdı? Güzəranları da yaxşılaşmaq əvəzinə, günü-gündən lap da qolaylaşır.

Üç uşaq üç ağız deməkdir. Nə qədər sıxıntı, əzab-əziyyət içində yaşasalar da, sanki dəqiqəbədəqiqə böyüyürlər.

Daha nə yeyib-içməkləri əvvəlki kimidi, nə də əyin-başları siftəki qiymətədi. Körpə olanda nə vardı?

Onun köhnəsini buna, bununkunu o birisinə, ta cındırı çıxanacan. Amma indi onlar da üzə durublar, hamısı təzə şey istəyir, özü də lap qəşəngindən, bahalısından. "Yoxdu" deyəndə də onu-bunu misal çəkirlər ki, nə oldu, elə onlara çatanda yoxa çıxdı?

Əvvəllər az-çox hökumət də baxırdı. Elə camaatı, yaxşı oğlanları da sağ olsunlar, vaxtaşırı əl tuturdular.

Davadan qayıdanların sayı çoxaldıqca işlər də şuluqlaşdı, hökumətin özü kimi köhnə döyüşçülərə münasibət də dəyişildi. Fərhəng xalanın oğlu Teyyubu - hamı onun qəhrəmanlığından dəm vururdu - düz bir il ora-bura çəkib, axırı haqq-nahaq yeddicə ili güpədilər peysərinə ki, sən şübhəli adamsan, necə oldu, bu yeddi-səkkiz ildə od-alovun içindən keçə-keçə heç burnun da qanamadı?!

Fərzəndə arvadın oğlu da onun kimi. Davada bir qıçını itirmişdi, onnan belə, hələ indi də damdadı. Bakıda tutdular, elə ordan da basdılar getdi, heç niyəsini də bilən olmadı.

O arada elə onların özləri də az qorxu keçirmədilər. Belə hökumətə nə etibar: orda-burda baş girələyənlərə heç gözün üstə qaşın var deyən də yox, yapışıblar fəqir-füqəranın yaxasından ki, sənin nə marağın vardı gedib vuruşurdun?

De görək kimlərə qulluq eləmisən? Kişinin oğlu torpaq qədri bilən çıxıb. Elə bilirdin, bunların haqq-hesabını çəkən olmayacaq həə?! Ay hayy! Bu sözlərlə bizə kələk gələ bilməzsən, sənin kimilərini çox görmüşük.

Lap axırda da gəlib kənddə ona-buna əl tutana ilişdilər ki, bəs hardandı sizdə bu qədər qazanc ki, özünüz yediyiniz bəs deyil, hələ ona-buna da yedizdirirsiniz. Di gəl cavab ver.

Bəşirə dəyib-toxunmamaqlarını onlara edilən ən böyük yaxşılıq bilirlər. Qaldı ki yardıma-filana, eləməsələr ondan yaxşıdı. Elə bil borcun-zadın var onlara, minnət vururlar, artıq-əskik danışırlar. Hər dəfə eşitdirirlər ki, havayı hambalçılıqdan savayı, ortada bir şey yoxdu. Axı nə vaxtacan quruca "sağ ol"a işləyəcəklər? Hər ay bir dəfə rayona gedib-gəlməyin özü adamdan hövsələ istəyir, hələ onun yol haqqı, əzab-əziyyəti cəhənnəm. Hələ bir gərək ilbəil həkimdən keçəsən, sənəd-sünədləri təzələyəsən, əlillik haqqında təzə kağız gətirəsən. Hamısından da vacib odur ki, gərək özün mütləq orda olasan, çünki hər dəfə təzə bir şeyə qol çəkməli olursan.

Yaxşı-pis əvvəl gəlin özü ərini aparıb-gətirirdi, sonra ona-buna ağız açmalı oldular, çünki Narının bir ayağı Bakıda qalmışdı. Son bir ildi Bəşir rayona böyük oğlu ilə gedib-gəlir. Əvvəllər olduğu kimi həmişə də giley-güzarla qayıdır. Deyinib-deyinib kiriyəndən sonra isə ah-uf dəqiqələri başlayır:

-Axı allah niyə məni bu günə qoyurdu ki, mən də itə-qurda möhtac olum?-bax belə vaxtlar o bilmirdi, kimi söysün ki, ürəyi soyusun. Belə günlərin birində uzun həngamədən sonra, axır ki, kəndə əlil arabası ilə qayıdan Bəşir arvadını Bakıya - qəbula getməyə razı sala bildi:

-Səyavuş müəllimi tapırsan, deyirsən ki, Bəşirin külfətiyəm, qalan şeylə işin olmasın. Soruşsa, necə Bəşir, denən ki, bəs belə-filan!

-Getməyinə gedim, sözüm yoxdu, amma ağlın bir şey kəsməsin,-bunu eşidən Bəşir oddan köynək geydi. Hərçənd iki il idi onun arvadı ilə ucadan danışdığını görən olmamışdı. Hamı onun sakitliyini xəstəliyi tərəfə yozur. Elə bilirlər, ailəni Narın dolandırır deyənə Bəşir məcburdu sussun. Əslində isə bu günəcən də kənddə heç kim bilmir ki, Bəşir nə vaxtdandı bir kişi kimi arvadının hüzurunda diligödəkdir. Bundan ötrü o, arvadından yerdən-göyəcən razıdı. Bəlkə də, bir başqası olsaydı, çoxdan onu el içində biabır-caiz eləmişdi. İntəhası insaf da yaxşı şeydi: bir dəfə arvadın üstünə qışqırmaqla dünya dağılmaz ki! Allah tərəfi, Bəşirin indi buna haqqı da vardı: Narın o yolu onsuz da gedirdi, ilyarım idi, Bakını su yoluna döndərmişdi, ailənin çörəkpulu həyət-bacanın aparıb elə vağzaldaca bir yerdən verdiyi məhsulundan çıxırdı.

-Əyin-başını təmiz elə, qoy deməsinlər Bəşirin arvadı alverçiyə oxşayır,-əri Narına bunu da qandırmağa ehtiyac duydu. O istəmirdi, Səyavuş müəllim onların ağır güzəran keçirdiyindən xəbər tutsun. Hərgah belə olsaydı, şəhər söhbətinə nöqtə də qoyula bilərdi, özü də Səyavuş müəllim tərəfdən; başını kənddə dolandıra bilməyən adamın şəhərdə nə iti ölmüşdü? Yoxsa Narın nəyi necə eləməli olduğunu çox yaxşı bilirdi. Heç neçə müddətin ağır kişi işləri, yol əziyyəti də bir vaxtlar gözəlliyi eldə-obada adla deyilən Narının yaraşığına, sən deyən, bir elə xələl gətirməmişdi. Bəşir də allahından nədə narazı olsa, bircə şeydə razı idi ki, arvadında bir az avamlıq da var idi və bununçün o durub-oturub gecə-gündüz yaradanına min şükür eləyirdi. Yoxsa o boy-büsat kimdə olsaydı, gündə min cür qələt qırardı, özü də lap o yekəsindən. İllah da bir ayağı hər gün şəhərdə, vağzalda, qatarlarda olan adam: gündə yüz üz görürsən, yüz cür söz eşidirsən və üz dediyin də dəmir deyil ki, sırtılmasın...

-Deyirlər, çoxdan işdən götürüblər,-ertəsi gün Narın Bakıdan bəd xəbərlə və sonuncu elektrik qatarı ilə qayıdıb gəlmişdi.

-Gördün ki!-özünə bəraət qazandırmağa bəhanə tapan Bəşir arvadının çox dumanlı gözə dəydiyini elə əlüstü sezdi,-deyirdim axı onun başında nəsə var, ola bilməz ki, mənim məktublarımı cavabsız qoysun.

Sonra o, səhərəcən sualı suala caladı: görəsən, kişini işdən götürməyə necə əlləri gəlib? Hansı namərd qıyıb ona? Bə elə kişiyə də dəyib-dolaşarlar? Allah bilir, indi respublikadadı, ya yox? Əgər burdadısa, burda hardadı? Təzə iş veriblərmi, görən? Yoox, təzəsini verən idilərsə, köhnədən niyə götürürdülər? Bə görən, Narın niyə ev ünvanını, telefonunu soruşmayıb? Yəni bunu da ona başa salmaq lazım idi? Uşaq-zaddı bəyəm?

O, arvadının xasiyyətinə yaxşı bələd idi. Bir şeyə ki, könlü olmadı, boynunu vursaydın da, xeyri yox idi. Narının elə əzəl başdan alakönül olmağı indi onu bu yerli-yersiz sualların əlində girinc eləmişdi.

-Allah sənə baxıb, bizə rəhm eləsin, Bəşir!-Narın səhərəcən çimir eləməyən ərinə danüzü bircə bunu dedi,-görən sən niyə belə avamsan?
Bir dəfə də - onda o, növbəti dəfə həyətyanı sahə almaq üçün rayona iltimasa getmişdi - gecəyarıdan keçmiş qayıdıb gələn Bəşir canının ağrısından kirimək nədi bilmədi.

-Tüpürüm onların mənə hörmətinə də, özlərinə də. Təpələrinə dəysin elədikləri. Mən bir də ayağımı ora qoysam, kopoyoğluyam,-danışdıqca alovlanan bu adam kimlərisə söyüb yamanlayır, qaralarınca dişinin dibindən çıxanı deyirdi,-özümü öldürəcəm mən. İndi baxarsan sən. Daha bezmişəm hər şeydən. Bir gün gəlib eşidəcəksən ki, asmışam özümü. Bəsdi daha, qoy sizin də canınız qurtarsın, mənim də. Adam adama nə qədər yük ola bilər? Daha burdayam bax,-deyə hülqumunu - əksər arıq adamlar kimi Bəşirin də hülqumu iri idi - göstərən kişi yara yerlərinin sızıltısından canını qoymağa yer axtarırdı.

Narın onu başa saldı ki, onun da, balalarının da yolunda elədiklərindən zərrəcə də olsun usanmayıb. Heç bu haqda fikirləşmir də. Bu nə söhbətlərdi o tapıb danışır? Bakıya yox ha, lap ordan da o tərəfə getməyə hazırdı ki, onlara bir tikə ruzi qazana bilsin. Bu saat bütün millət onların günündədi.

-Əri əlil olan da, heç əri olmayan da. Bircə iki və daha artıq əri olanlar bizim gündə deyil,-gəlin zarafata saldı ki, ərinin könlünü ala bilsin,-niyə sən axı elə düşünürsən ki, bizimçün yükə çevrilmisən? Gör bu dünyada nə qədər sən günlü adam var? Belələri lap davadan qabaq da olub. Gərək, onda hamı özünü asaydı.

-Elə bilirsən, kor-zadam mən? Nə çəkdiklərini görmürəm? Niyə axı sən cavan canını Bakının yollarında çürütməlisən?

-Bu mənim qismətimmiş, nə eləmək olar?

-Mən neylim, ay allah, neylim mən?-Bəşir hikkə ilə yumruğunu divara döyəclədi,-elə bilirsən, mənim ürəyimdən heç nə keçmir? Kişi-zad deyiləm mən?... Mənə görə sən də bədbəxt olma, çıx get, hara istiyirsən çıx get, incisəm, kişi deyiləm.

-Mənim getdiyim yer elə buradı, burda da öləcəm. Qismətdən artıq yemək olmaz.

-Susuramsa, elə bilirsən, heç nə başa düşmürəm? Bəsdi daha, hər şeydən bezmişəm. Əvvəl-axır, onsuz da bu söhbəti bir gün eləməli idik.

Gəlin onu inandırmaq istəyirdi ki, elə şeylər var, onlar haqda heç vaxt danışmırlar. O, taleyi ilə onsuz da çoxdan barışıb.

-Sən elə bilirsən, məni yandıran ağrılarımdı? Yooox, onlara dözmək asandı. Məni bu soyuqluq yandırır. Elə hey fikirləşirəm ki, niyə belə dəyyus zamanasına gəlib çıxdıq biz?! Niyə axı belə olmalı idi? Bəyəm mən axmaqlıq elədim ki, gedib torpaq üçün can qoydum?

-Sən torpaq üçün yox, əclaflar üçün vuruşmusan.

-Nə əclaf? Hansı əclaf?

-O əclaflar ki, dava vaxtı hamısı xəstə çıxmışdı. Özün deyirdin ki, hansısa qəzetdə varmış ki, respublikanın doxsan faiz kişisi sənədlə yararsızdı. Bə nooldu? Nə tez qeyrətə gəldilər? Get gör o xəstələr Bakıda nə hoqqalardan çıxırlar? Bakı sən görən Bakı deyil. Nəyi necə istəyirlər, elə də eləyirlər. Var-dövlət də onlarda, hökumət də. Mən sənə o vaxt dedim axı nəyimiz var sat, getmə o xarabaya. Ya meyidin gələcək, ya da şikəst qayıdacaqsan. Heç kim də qaydına qalmayacaq. Gördün ki! Onsuz da o vaxt satılmalı olanları hamısını ehtiyac sonradan xırda-xırda satdırdı bizə. Dörd üzükdən bircəciyi barmağımda yoxdu. Sırğam, qolbağım, boyunbağım hanı? Onlar da onun kimi. Xalı-xalçamız qalmadı, hamısını Bakının bazarları uddu. Dediyimə vaxtında qulaq assaydın, indi mənim Bakının vağzallarında nə işim vardı?

-Bəs torpaq? Bəs Vətən?

-Torpaq deyib qışqıranların öləni çoxdan ölüb, özü də sənin bir sözün var e, millətin qaymaqları, ölməyəni də damlarda çürüyür, yerdə qalanları da sənin kimi şillər-şikəstlərdi. Dilinə bircə yol vətən kəlməsi gəlməyənlərsə bu gün elə keflər görürlər ki, səni-məni kimisi onu heç yuxuda da görməz. Onlar hamısı söz-nağıldı... Torpaq... Vətən... Sən hansı zəmanədən danışırsan?

-Vaxt gələcək mənim kimilərinə heykəl qoyacaqlar. Qeyrətli, qədirbilən oğullar da var axı. Hamı ölüb qurtarmayıb ki! Səyavuş müəl...
Narının istehzalı səsi ərinin sözünü ağzında qoydu:

-Söz açılıb, qoy deyim, yazıqsan. Özünü çox da üzmə. Bəsdi o göygözə allah gözüylə baxdığın. Məlumun olsun ki, sənin Səyavuş müəllimini işdən-zaddan çıxartmayıblar. Mən o vaxt canımın dərdindən sənə yalan demişdim. Şümürün vəzifəsini hələ bir pillə də böyüdüblər.

Xoş xəbər eşitməyəcəyini sezsə də:

-Narın!-deyə dirçələn Bəşirin gözündə qığılcımlar parladı.

-Qulaq as!-arvadı onu sakit elədi,-deyirəm ki, mən filankəsəm. Deyir, o kimdi elə? Mən belə adam tanımıram. Televizoru-filanı yadına salandan sonra, həəə, deyir, deyəsən, dörd-beş il əvvəl olub belə bir şey. Nə məsələdi? Dedim ki, hal-qəziyyə belə. Gülür. Deyir, bilirsən də, mənim yanıma düşmək üçün üç gün əvvəldən qəbula yazılmaq lazımdı. Sən şükür elə ki, burda başqa adam yoxdu, sənnən açıq danışacam, köməkçi mənə xəbər elədi ki, nazəndə bir xanım əyləşib burda, siyahıda adı yoxdu, neyliyək onu? Dedim, hələ bir soruşursan da? Dil bilən, söz anlayan xanımlara can qurbandı... Qaldı ki, bizim o qəhrəmanın məsələsinə, borcları idi torpaq uğrunda vuruşmaq, gedib vuruşublar. Onlar da vuruşmayanda, kim vuruşmalıydı? Vətən əldən gedirdi. Amma biz dursaq şilin-şikəstin hamısını şəhərdə mənzillə təmin eləməyə, onda Bakının adını yaxın vaxtlarda dəyişib qoyarlar şikəstlər şəhəri... İndi içi mən qarışıq bütün rəsmi dairələrin - Narın bu sözü yada salıb demək üçün on cür söz dəyişib, ərinin köməkliyi ilə, axır ki, onu tapa bildi - başı cəbhəyə qarışıqdı. Hələlik bizim qəhrəmana köməyim o olar ki, hərdən özüm şəxsi yardım edəm. O da asılıdı sənnən söhbətimizin necə alınmasından. Əlini cibinə salıb pul eşələyir, şümür gözlərini də düz zilləyib gözümə. Sizin ailəyə bundan sonra nə isə eləsəm, bilin ki, deyir, xud sizin xatirinizə eləmiş olacam. Mən açıq danışmağı xoşlayan adamam. Zəmanə ağırdı, gün gündən pis gəlir. Bunu sizi qorxuzmaq üçün demirəm. Bu arada çox adamlar elə acından öləcək, görəssən. Bunu dövlət özü də indidən görür. Amma nə eləmək olar? Bir müddət çətinliklərimiz olacaq. Söhbətindən belə başa düşdüm ki, ailənin bütün ağırlığı sənin o zərif çiyinlərindədi. İndi özün bax, bircə kəlmə sözün kifayətdi ki, həm sizə burda ev alım ki, həmişə yanımda olasan, həm də ailənizin ömürlük dolanışıq məsələsi həll olunsun. Nə deyəsən axı belə xaliqə? Zəri kənddə xəlq eləyib, zərgəri Bakıda... Hər şeyi belə tərs-məzhəbdi bu kişinin...

Qadın dayanıb mat-mat onu süzən ərinin düz gözlərinin içinə baxdı:

-Bax sən belə əclafların sağ qalması üçün can qoymusan, Bəşir. Aç qulağını eşit, bu davada bir nəfər də olsun əclaf ölməyib...

Çöldə yağış dünyaya divan eləyirdi...

iyul, 1997

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG