Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:27

Azərbaycan mətbuatı yazır...


Mətbuat icmalı
Mətbuat icmalı
Müxalifyönlü qəzetlər 11 mart tarixli saylarında əsasən «11 mart - Böyük Xalq Günü» adı altında gənclərin aksiya keçirmək istəməsinə geniş yer ayırıb. Bəzi qəzetlər Bakıda ciddi hadisələr baş verə biləcəyini ehtimal edir, bəziləri isə əksinə, ciddi bir hal baş verməyəcəyini proqnozlaşdırır.

Hakimiyyətyönlü qəzetlər isə bu aksiyaların təxribatçılıq olduğunu qeyd ediblər. Qəzetlər o cümlədən, prezidentin göstərişi ilə bir gecədə yumurtanın qiymətinin aşağı salınmasına da gen-bol yer ayırıblar.

«KÖKLÜ DƏYİŞİKLİKLƏR OLMASA, XALQ SÖZÜNÜ MEYDANLARDA DEYƏCƏK»

«Azadlıq» qəzeti
Azərbaycan Liberal Partiyasının lideri Lalə-Şövkət Hacıyeva ilə müsahibəsində gənclərin fəallaşmasına, onların bəzilərinin həbs olunmasına, son müddətdir hakimiyyətin başlatdığı antikorrupsiyaya toxunub. Lalə-Şövkət Hacıyeva deyir ki, sistemli dəyişiklərə ehtiyac var, ayrı-ayrı tədbirlərə yox: «Yuxarı eşelon təmiz olmasa, bu piramidada ondan sonra gələnlər təmiz işləyə bilməzlər».

Lalə-Şövkət Hacıyeva bildirir ki, köklü dəyişikliklər olmasa, xalq sözünü meydanlarda deyəcək.

«OBAMANIN TƏŞKİLATI BAKIDAN QOVULUR»

«Yeni Müsavat» qəzeti yazır ki, ABŞ-ın Milli Demokratiya İnstitutuna (MDİ) Bakı ofisini bağlayıb ölkəni tərk etmək göstərişi verilib. Hazırda MDİ-ni həm də prezident Barak Obamanın təşkilatı hesab etmək olar:

«Əslində, Azərbaycan hakimiyyətinin bu təşkilatdan, eləcə də Beynəlxalq Respublikaçılar İnstitutundan əvvəldən xoşu gəlməyib. Onların müxalifətlə təmaslarını məhdudlaşdırmağa çalışıb. Lakin indiki situasiyada Obamanın təşkilatına ultimativ formada qapını göstərmək məhz hakimiyyət içərisində yaranmış inqilab xofu və narahatlığı ilə əlaqəli ola bilər. Təşkilatın əsas fəaliyyət sahəsi kimi gənclərlə işi seçməsi də hakimiyyəti indiki həssas məqamda qıcıqlandıran amildir. Çünki hakimiyyət düşərgəsində əmindirlər ki, istər ərəb ölkələrindəki inqilabların, istərsə də Azərbaycanda müşahidə olunan sosial fəallaşmanın arxasında dayanan güc Amerika, onun institutlarıdır. Lakin MDİ-ni Bakıdan qovmaq həm də Amerikaya, hakimiyyətdə olan Demokratlar Partiyasına açıq savaş açmaqdır. Yəni bu addım hakimiyyətin Qərblə, beynəlxalq ictimaiyyətlə münasibətlərini daha da pisləşdirəcək».

«İŞSİZ QALAN MİLYONLARIN HÜQUQLARI TAPDALANIR»

Zahid Məmmədov
«Bizim yol» qəzeti ölkədəki «İşsiz qalan milyonların hüquqları tapdalanır» sərlövhəli yazısında iqtisadçı Zahid Məmmədovla ölkədəki iqtisad durumu müzakirə edib.

«Ən böyük faciə odur ki, heç bir qabiliyyəti olmayanlar istedadlıları əzir. Niyə bəzi regionlar belə bir dövlət proqramları qəbul edildiyi halda nədən mərkəzi büdcə vəsaiti hesabına fəaliyyət göstərirlər? Mən icra hakimiyyətlərinə bu sualı vermək istəyirəm. Niyə sizlər bu günə qədər rayonda dövlət proqramı qəbul edildiyi, vəsait ayrıldığı halda iş yerləri açılmayıb, gərəkli addımlar atılmayıb? Nə üçün vətəndaş sosial müavinətdən çıxıb vergi ödəyicisi halına gəlməsin? Vətəndaş nədən sosial müavinətçi olmaq arzusundadır? Bax, bu gedişat bütövlükdə dəyişməlidir. Ona görə də bu məsələləri bilən, rayonların inkişafını həyata keçirməyi bacaran insanlara ehtiyac var».

«GÜCLÜ CƏMİYYƏTİN ZƏİF MÜXALİFƏTİ»


«Azərbaycan» qəzeti «Güclü cəmiyyətin zəif müxalifəti« sərlövhəli məqaləsində yazır ki, ötən prezident və parlament seçkiləri bir daha göstərdi ki, müxalifətin artıq xalqa deyəsi heç bir sözü qalmayıb, o, tükənib, aşınıb, köhnəlib:

«Belə bir uğursuz sonuc nəticə etibarilə müxalifətin səhnədən üzüsulu getməsini şərtləndirməli idi. Bu, iqtidarın arzusu, yaxud hansısa siyasi qrupun istəyi deyil, konkret situasiyada özünü təsbit edən yeganə məntiqi variantdır. Bu gün onların arasında gənc müxalifət yetişir. Onlar tək yaşlarına görə deyil, həm də düşüncə, ideya etibarilə mütərəqqi və gəncdirlər. Sıralarındakı köhnə təfəkkürlü, antimilli adamları görürlər, müasir tipli mübarizə vasitələrinə meyil edirlər, intellektual üstünlüyə, ağıl və əməlin prioritetinə önəm verirlər. Anlayırlar ki, sivil mübarizə yolu ilə, ağılla məqsədə daha tez və rahat çatmaq mümkündür, nəinki küçələrə tökülüşüb fit calmaq, daş atmaq, məzhəkə çıxarmaqla».

«BU İDEYA TƏXRİBATÇI FƏALİYYƏTİN NƏTİCƏSİDİR»

«Yeni Azərbaycan» qəzeti isə «11 mart - Böyük Xalq Günü» ilə bağlı Yeni Azərbaycan Partiyasının gənc üzvləri arasında keçirdiyi dəyirmi masadan reportaj verib.

«Bu dəyirmi masada gənclər bildiriblər ki, bu qrupun yaradılması Azərbaycanı sevməyən qüvvələrin növbəti təxribatıdır. Mən də bu qrupla bağlı qısa araşdırma apardım və bu qənaətə gəldim ki, «11 mart - Böyük Xalq Günü» qrupu ideyası xaricdən maliyyələşən, spekulyativ və təxribatçı fəaliyyətin nəticəsidir. Bu, müxalifət mətbuatında şişirdildiyi kimi təhlükəli deyil. Çünki, bugünkü Azərbaycan gəncliyi dünyada və ölkəmizdə gedən prosesləri, inkişaf tendensiyalarını müşahidə və müqayisə edib düzgün nəticə çıxarmağı bacarır. Hər kəs yaxşı bilir ki, bu qrupun yaradılması da Azərbaycanı sevməyən qüvvələrin növbəti təxribatıdır».
XS
SM
MD
LG