Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:22

Korrupsiya «qaynar xətt»ləri işləyirmi?


Bakı sakini Səxavət Mustafayev sahibkarlıqla məşğuldur. Deyir ki, əvvəllər uzaq səfərlərə gedərkən, tez-tez lazımsız yerə yol polisləri onu saxlayırdı:

«Yenə də maşınla gedərkən dayandırmışdılar. Mübahisəmiz yarandı, Daxili İşlər Nazirlinin 102 saylı Qaynar Xəttinə zəng vurdum, dərhal reaksiya verdilər, məsələ çox qısa müddətə tam ədalətli həll olundu».

161-Ə NƏ QƏDƏR ŞİKAYƏT GƏLİB?

Bəzi bölgələrdən gələn informasiyalarda deyilir ki, yerli sakinlər rüşvətxorluğa qarşı əməlli-başlı mübarizəyə başlayıblar. Onlar ciblərində «qaynar xətt» telefonlarının nömrələrini gəzdirir, kimsə rüşvət istəsə, dərhal bu telefonlara zəng edirlər.

Rüşvətxorluq və korrupsiyaya qarşı rəsmi kampaniya başlanandan sonra martın 3-də Baş Prokurorluqda 161 saylı «Qaynar xətt» fəaliyyətə başlayıb. Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyir ki, Mərkəz istirahət və bayram günləri də daxil olmaqla 24 saat ödənişsiz xidmət göstərir.

«Qeyd olunan tarixdən ötən müddət ərzində Mərkəzə vətəndaşlardan daxil olan müraciətlər üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə tam ədalətli və hərtərəfli araşdırmaların aparılması və nəticələrinin baş prokurora məruzə edilməsi təmin edilib».

Ancaq Eldar Sultanov bir həftə ərzində qaynar xəttə nə qədər şikayət gəlməsi, onların ümumi mənzərəsi barədə məlumat vermir. Deyir ki, «məlumatlar tam hazırlanandan sonra ictimaiyyətə açıqlanacaq».

HANSI NAZİRLİKLƏRİN QAYNAR XƏTLƏRİ CAVAB VERMİR?

AzadlıqRadiosunun «Qaynar xətt»inə müraciət edən Əsgər Miriyev adlı dinləyici isə bir neçə nazirlikdə yaradılmış qaynar xətlərin cavab verməməsindən gileylənir.

«Təhsil Nazirliyidir, Sosial Müdafiə Nazirliyidir, qaynar xətləri işləmir. Bunlar yalandan xalqı, prezidenti aldadırlar».

Biz də gün ərzində bir neçə nazirliklərin «qaynar xətt»lərinə zəng etdik. Səhiyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin qaynar xətlərinə cavab verən olmasa da, Fövqəladə Hallar, Müdafiə Nazirliklərindən gün ərzində 24 saat xidmət göstərdiklərini bildirdilər.

Qaynar xətləri cavab verməyən nazirliklərin mətbuat xidmətləri ilə də danışmaq mümkün olmadı.

ŞİKAYƏTLƏRİN MONİTORİNQİ APARILACAQ

«Şəffaflıq Azərbaycan» Təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva isə korrupsiya ilə bağlı şikayətlər üçün qaynar xəttin yaradılmasını müsbət hal sayır:

Rəna Səfərəliyeva
«Ümumiyyətlə nə qədər çox qaynar xətt olsa, o qədər yaxşıdır. Amma bizdə qaynar xətlərin idarə edilməsi üçün nə qanunverici baza, nə də vahid standart mövcuddur. Çünki hər təşkilat özü bildiyi kimi qaynar xətt yaratsa, bu düzgün alınmayacaq».

Rəna Səfərəliyeva martın 10-da Baş prokuror yanında Korrupsiya ilə Mübarizə İdarəsi ilə danışıqlar aparıb. Onun sözlərinə görə, dövlət qurumu qaynar xəttin idarə edilməsi sahəsində təcrübəsi olan qeyri-hökumət təşkilatından məsləhət istəyib.

Rəna Səfərəliyeva deyir ki, 161 saylı qaynar xəttə daxil olan şikayət və müraciətlərin monitorinqini Şəffaflıq Azərbaycan təşkilatı aparacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG