Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:52

Namiq Rəssam. Daxma
















DAXMA


Günəşin usanıb

Qərbdən doğacağı gün

İnsan gəldiyi yerə tüpürəcək.

Köntöy addımlarla qaçacaq ölümün ağuşuna.

Tanrı da bezəcək yaratmaqdan.

Dərin bir köks ötürəcək , qoca.

Peşman olacaq yaradılışı yaratdığına.

Ama , belə baxanda

Mənimçün nə fərqi var ki ?

Ölümdən gizlənəcəyim bir daxma..

İçimdə bir daxma var ki ,

Söz daxması.

Gündüzləri aydın ,

Gecələri sakit...səssiz ,

Bağçası səliqəli ,

Pəncərələri tərtəmiz .

Mənim daxmam.

Balaca bağçasında iki balaca qız oynaşar.

Balaca olsa da , mənim daxmam.

Bacasından tüstüsü beynimə sızar .

Beynim dumanlı ,

əllərim yazar.

Gözlərim Tanrını görənə qədər ,

Fikrim sonsuzluğa düşənə qədər ,

Sən mənim daxmama gələnə qədər .

Gündüzləri aydın ,

Gecələri sakit...səssiz ,

Bağçası səliqəli ,

Pəncərələri tərtəmiz ,

Bir də sən olsan orda...



ANLADIM

Anladım , qar çiçəyim.

Anladım , həyatımın mənası.

Xoşbəxt olmaqçün

Xoşbəxt doğulmaq lazım imiş.

Uzuun qışdan sonra

Ürəyimdə cücərən körpəcik bir nərgizsən.

Ürəyimin sevinci , ilk baharın carçısı.

...Fəqət !

Yenə şəkildəki narahat baxışların aman vermir mənə.

Qınayırsan məni , yenə.

De...nə edə bilərdim axı ?!

Nə etməliydim ?!

Özü , ailəsi ac səfil balıqçı kimi

Gəldim sahilə sarı.

Tilova xoşbəxtlik yox ,

Şairlik düşdü , gülüm.

O isə , mən şair yox ,

Xoşbəxt olmaq istirdim.

Gözlərim uzaqlara sakin.

Hislərim sığışmır misralara.

Sevincimi araqla ,

Kədərimi göz yaşıyla yuyuram indi.

Səssiz...sənsiz gecələrdə

Ağlayıram , qar çiçəyim.

Ağlayıram , həyatımın mənası.



KATARSİS


Doğuluş...

Axı sən nə bilirsən , nədir doğuluş ?!

Doğuluş , gur-gur yanan işıqlara

Kor-kor baxışlarla

Başıaşağı , gözucu baxmaq...

Köntöy-köntöy

Başıaşağı ,yavaş-yavaş rəqs etmək ...

Kimisə qucaqlayıb ,

Kiminsə xoş ətrini ciyərlərə çəkmək ...

Deyil !

Doğuluş , başdan - ayağa təsəllidir ,

Fani insanın əbədiyyət üfüqlərinə baxıb

Özü-özünə təsəlli verməsidir...


Mərhəmət ...

Axı sən nə bilirsən , nədir mərhəmət ?!

Mərhəmət , gözdən iraq küçələrlə yol getmək ,

Çadralı qoca bir dilənçiyə rastlamaq ,

Açılı qalmış bir ələ bir sikkə tullamaq

Deyil !

Mərhəmət , günahsızılığın həsrətli sevgilisidir .

Mərhəmət birgün günahsızılığa qovuşacaq .



Sevgi...

Axı sən nə bilirsən , nədir sevgi ?!

Sevgi , ilk baxışdan kimdənsə xoşlanmaq ,

İlk görüşdən kiməsə bağlanmaq ,

İlk ayrılıqdan kiməsə dəyər vermək ,

Və bütün bunların bədəlini istəmək ,

Qarşılıq görməyəndə ağlamaq

Deyil !

Sevgi , güzgüyə baxacağında

Əksini görməyəcəyinə əmin olub da

Güzgüyə baxmaqdır.

Böyük sevgilər hər zaman qarşılıqsız olur , əfəndim .


Ölüm...

Axı sən nə bilirsən , nədir ölüm ?!

Ölüm , 60-70 illik

Tanrıya aparan körpünün sonu ,

Danışmağın əbəs olduğunu anlayıb susmaq ,

İşığı boğan qaranlıq

Deyil !

Ölüm , unudulmaqdır,

Ya da şairin şeir yazma vərdişini tərk etməsi ...


Sus...

Axı sən nə bilirsən , əfəndim ?!

Bir düşün !




FEVRALIN 19-U

Fevralın 19-u...

Şənbə günü...

Şəhərimə yenə yağış yağır...

Ağına-bozuna baxmadan ,

Evimdən uzaqlaşan ,

Böyüklü-kiçikli çıxıb getməyə üz qoyan

Ayaq izlərini

Yuyub aparır qapımın kandarından.

Yazdığın dərmanları atmıram.

Ölümdən qorxmuram ,

Nə vaxt ölərəm -ölərəm .

Düşünəndə ki , insanlar

Yalnız qorxudan nəsə edirlər ,

Onda ,elə bil ,

Başıma bir qazan qaynar su tökürlər .

Sən demə , Əmir Teymur düz deyirmiş ,

Kainat qorxu üzərində bərqərarmış .

Biz ona görə , sərxoş oluruq ki ,

Qorxuruq...

Birdən , yaşlanarıq .

Biz ona görə yaşlanırıq ki ,

Qorxuruq...

Birdən ,əslində böyük uşaqlar olduğumuzu dərk edərik .

Biz ona görə uşaq böyüdürük ki ,

Qorxuruq...

Birdən , ahıl çağımızda tənha qalarıq .

Biz ona görə yaşayırıq ki ,

Qorxuruq ...

Birdən , ölərik.

Biz ona görə ölmürük ki ,

Qorxuruq...

Birdən , cəhənnəmə düşərik.

Unudulmaq qorxusu...

Aclıq qorxusu...

Kimsəsizlik qorxusu...

Ölüm qorxusu...

Biz heç vaxt

Özgürlük nə deməkdir bilməyəcəyik , əfəndim...



Yenə Fevralın 19-u ...

Yenə şənbə günü...

Yenə şəhərimə yağış yağır...

İki gündür ki , gündəlik tutmuşam özümə .

Anlamsız , xroniki günlərimi dəftərlə bölüşürəm .

Arada sevgilim yadıma düşür .

Arada oturub şeir yazıram.

Arada boz gödəkçəmi geyinib

Gedirəm sevgilimi uzaqdan seyr etməyə.

Arada evdə otururam ,

İçimə çəkilib ağlayıram .

Heç kim görmür göz yaşlarımı.

Arada qalmışam...



Yenə Fevralın 19-u...

Yenə şənbə günü...

Yağış kəsmiş ...

Gecə saat 12-yə 1 dəqiqə qalmaqda...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG