Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

Bahalaşma Novruz bayramına qədər davam edəcək


Mətbuat icmalı
Mətbuat icmalı
«Yeni Müsavat» qəzetinin son sayındakı «Rüşvətlə mübarizə bahalaşma yaradıb» sərlövhəli məqalədə ərzaq məhsullarının qiymətinin enmədiyi, əksinə, son bir ayda daha da artdığı yazılır.

Məqalə müəllifi mazağalarda apardığı araşdırmalardan sonra bu qənaətə gəlib ki, «qiyməti ən çox yüksələn məhsullar çərəz və şirniyyatdır ki, bu da qarşıdan gələn Novruz bayramı ilə bağlıdır. İçkilərin də qiyməti son zamanlar artıb. Satıcılar deyir ki, qiymət artımı müdiriyyətdən asılı deyil, qiymətləri topdansatış mağazalarında qaldırıblar. Satıcılardan aldığımız məlumata görə, antikorrupsiya tədbirləri vergi müfəttişlərinə az da olsa təsir edib. Onlar deyir ki, vergi müfəttişləri obyekt sahiblərini əvvəlki qədər «yad» etmirlər, daha az gəlirlər. Gəldikləri zaman isə vergi adı altında aldıqları məbləğ əvvəlki qədər olmur, daha az pula qane olurlar. Satıcılar onu da qeyd edir ki, tərəvəz məhsullarında hazırda gözəçarpan bahalaşma Novruz bayramına qədər davam edəcək. Bu günə qədər bahalaşan bütün məhsulların qiyməti bayramqabağı daha da artacaq».

SÖHBƏT KORRUPSİYADAN GEDİRSƏ, NİYƏ HƏBS OLUNAN YOXDUR?

«Azadlıq» qəzetinin 6-7 mart tarixli sayında politoloq Eldar Namazovla müsahibədə antikorrupsiya tədbirlərinin nəticələri təhlil edilib, ərəb dünyasında baş verən inqilablarla Azərbaycandakı proseslər arasında müqayisə aparılıb.

«Azərbaycan üçün indiki vəziyyət dözülməzdir» sərlövhəli müsahibədə Eldar Namazov bildirir ki, hakimiyyət korrupsiya ilə mübarizə görüntüsü yaratmaq istəyi:

«Təbliğat hay-küyü açıq-aydın süni xarakter daşıyır. Məsələn, bəzi nazirlər filan qədər adamın işdən azad edilməsi ilə bağlı hesabat verir. Ancaq deyilmir nəyə görə. Əgər söhbət korrupsiyadan gedirsə, təkcə işdən azad etmək yox, cinayət işi qaldırılmalıdır».

Eldar Namazov deyir: «Təxminən eyni «avtoritar» xəstəliyi olan bir neçə ölkə var ki, onları «risk» qrupuna aid etmək olar. Təəssüf ki, bizim ölkə də həmin qrupdadır. Ona görə də insan haqlarının kütləvi şəkildə pozulduğu, korrupsiyanın çiçəkləndiyi bu risk qrupunda olan ölkələrdən hər biri sabah Misir və Tunisin vəziyyətində ola bilər. Azərbaycan üçün hazırkı vəziyyət xüsusən dözülməzdir. Çünki məhz Azərbaycanda müsəlman Şərqində ilk dəfə olaraq demokratik parlament respublikası bərqərar olub. Bizim cəmiyyətin çox böyük demokratik potensialı var. Bu vəziyyətdə avtoritarizm və korrupsiya bizim ölkənin əksər vətəndaşları üçün qeyri-normaldır».

SOÇİDƏ PREZİDENTLƏR XİZƏK SÜRÜBLƏR

Rəsmi dövlət qəzeti «Azərbaycan» isə son sayında prezident İlham Əliyevin Soçi səfərindən reportaj verib, üç prezidentin görüşdən sonra xizək sürdüyünü vurğulayıb:

«Martın 5-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekununa əsasən birgə bəyanat qəbul etmişlər.

Bəyanatda qeyd edilir ki, dövlət başçıları, o cümlədən «hərbi əsirlərin dəyişdirilməsini ən qısa müddətdə başa çatdırmaq» barədə razılığa gəlmişlər. Bundan əlavə, sənəddə «bütün mübahisəli məsələləri dinc vasitələrlə həll etmək və atəşkəs xətti boyunca yarana biləcək insidentləri tərəflərin iştirakı ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında, təşkilatın fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin köməyi ilə təhqiq etmək» istəyi vurğulanır».

Qəzet yazır ki, rəsmi görüşdən sonra prezidentlər dağ xizəksürmə mərkəzinə gedib orda xizək sürüblər, sonra da nahar ediblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG