Keçid linkləri

2025, 29 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:45

Mirmehdi Ağaoğlu "Evə dönüş" (Hekayə)


İşdən altıda çıxsa da əl-ayaq çəkilənəcən kəndə qayıtmaq istəmədi.

Çayxanaya gedib iş yoldaşları ilə domino oynayıb bir az vaxtını öldürdü.

Sonra şəhərdə gəzindi. Rastlaşdığı tanışlarla söhbətləşdi.

Şəhərin çıxışında taksilər dayanan səmtə gəlib, köhnə bir Jiquiləyə oturdu.

Kəndləri rayon mərkəzindən xeyli uzaq idi.

Adətən səhər tezdən yoldan ötən maşınlardan birinə oturub rayon mərkəzinə gəlir, bir də axşam işdən çıxandan sonra, əgər rayonda bir işi gücü olmazsa tezcə kəndə qayıdardı.

Neçə il idi, o hər gün bu yolu gedib gəlirdi.

Artıq bu yollarda onda maraq oyadacaq heç nə qalmamışdı.
Onunçün maşına oturan kimi qulaqlıqları taxıb başını oturacağın söykənəcəyinə dayayar, bir də kəndlərində, evlərinin yolu üstə maşını saxladardı.

Bezmişdi bu yolu getməkdən. İşi olmayanda rayon mərkəzinə gəlməzdi. Bütün günü kənddə veyllənərdi.

Bu gün bu yolu ikinci dəfə qayıdırdı.

Qabaqda oturub qulaqları çıxarıb telefonda bir mahnı seçdi. Şofer bir nəfər də müştərinin gəlməsini gözləyirdi.

İki yaşlı qadın artıq arxada yerlərini rahatlamışdılar.

Səhər işə gələndə sakitçilik idi. Bir azdan toplanış olub, sonra məntəqələrə bölünəcəkdirlər.

O adətən patrul maşınlarından birində bazar tərəflərə çıxır, axşama kimi patrul maşınında fırlanır, ya da bazarda piştaxtaların arasında tovlanırdı.

Ara günlər bazarda sakitçilik olardı, bu onun işində arzuolunmaz hal sayılırdı.

Maşın yaşlı adamlar kimi bir –iki dəfə xırıldayıb yerindən tərpəndi.

Həyəcanı daha da artdı. Gözlərini yumub sakitləşməyə çalışdı.

Çiynindəki paqonlar ona rahatlıq verirdi.

Həmkəndliləri nə qədər ona qarşı acıqlı olsalar da qorxularından cınqırlarını da çıxarmayacaqlarını bilirdi.

Uzaq başı dalısıyca söyəcəklər. Bu elə böyük faciə sayılmaz, işdə yoldaşları ilə zarafata gündə yüz dəfə bir-birlərini söyürlər.

Qorxusu kənd arvadlarından idi.

Allah eləməmiş biri ilə, lap elə oğlunu maşına basıb şöbəyə gətirdikləri Nənəbacı arvad ilə qarşılaşsaydı şalvarını əynindən çıxarıb başına keçirəcək, heç paqonuna da baxmayacaqdı.

Maşına minəndə də birinci gözucu qaranlıq salona boylanıb qadınları süzdü.

Başqa kənddən olan qadınları tanımadı.

Toplanışda rəis müavini əmr və tapşırıqlarını verdi.

Jurnalistlərə toxunmamağı, amma çəkilişə də maneə olmalarını tapşırdı.

Aksiyaçılar barədə isə həmişəki qaydada davranmaq əmri verdi. Bu qaydanı gözəl bilirdilər.

Dəbilqə və qalxanlarını götürüb şöbənin həyətində dayanmış avtobuslara doluşmağa başladılar.

O hamıdan əvvəl avtobusa minərək arxa cərgədə özünə yer eləyib qalxanına söykəndi.

Dəyənəyin sapını əlinə keçirib sallamışdı. Avtobus kəndlərinə gedirdi.

Avtobusa doluşan narazı polislərin deyinmələri ehtiyatsızlıqdan bir-birinə toxunan dəbilqə-qalxanların danqıltısına qarışmışdı.

Polislər bikef idilər. Gündəlik iş rejimləri pozulmuşdu. Bütün günü gərginlik içində qaşdı-qovduda olacaqdılar.

Posta çıxdıqları sahələrdə əhalidən gündəlik nəsə qoparır, xeyirləri olurdu.

Bu gün qazancları da olmayacaqdı.

Neçə gün yağış ara vermirdi. Kənd-kəsək palçığın, lehmənin içində batırdı.

Kənddə narazı camaatı dağıtmaq üçün ördək kimi palçıqda eşənək atacaqdılar.

Adam sifətindən çıxacaqdılar. Barmaqlarının arasına kimi ayaqları palçıq olacaqdı.

Xəbər gəlmişdi ki, su basmış kəndlərin sakinləri aksiya keçirməyə hazırlaşırlar.

Səhər kənddən çıxanda skitlik idi, onun aksiya barədə xəbəri olmamışdı.

Bəlkə də xəbər tutub rayonda əlaqədar qurumlara bildirməsin deyə sakinlər ondan gizli tutmuşdular.

Kəndə çatanda seldən sonra Kürün qabağın almaq üçün salınmış bəndin üstündə bir dəstə adam göründü.

Əllərində plakatlar, şüarlar tutmuşdular. Ucadan bağıraraq tələblər irəli sürürdülər.

O aksiyaçıları avtobusun tərli şüşələrindən də aydın seçirdi. Qonşu kəndlərdən də çoxlu adam yığışmışdı.

Hamısını tanıyırdı. Avtobus şoferi münasib yerdə maşını durdurana qədər tağım komandiri ayaq üstdə bir əli ilə tutacaqdan yapışıb əmr və tapşırıqlarını verdi.

Avtobusun qapıları fıslıtıyla açılan kimi dəyənəklərini qalxanlarına danqıldada-danqıldada töküləşərək dəstəyə tərəf götürüldülər.

Zərəçəkmiş sakinlər aldadıldıqlarını, kompensasiya almadıqlarını kameralara söyləməyə macal tapmamış polislər üstlərinə şığıyır, ağzını açanı dartıb kameradan uzaqlaşdırırdılar.

Xeyli aksiyaçını tutub avtobuslara doldurdular, müqavimət göstərənləri dəyənəklədilər.

Ayrı vaxt kənddə qabaqlaşanda görüşüb hal-əhval tutduğu tanıdıqları indi onu görən kimi yanpörtü qaçırdılar.

Atası gözünə dəymirdi. Yaxşı ki, o aksiyaya qoşulmamışdı. Onun ailəsi də zərərdidə idi.

Su basmış evləri tamamilə sıradan çıxmış, birtəhər aşxananı təmir edib ailəcə içinə doluşmuşdular.

Onun da etiraz etməyə bir çox səbəbi vardı. İşdən çıxarılacağı qorxusundan susmağa məcbur idi. Əynində forma olmasaydı o da aksiyaçılar arasında olardı. Nə bilmək olardı?

Əvvəlcə həmkəndlilərinə dəyənək qaldırmağa ürək eləməsə də rəis müavininin qəzəbli baxışlarını üzərində hiss edəndən sonra qabaq evlərdə yaşayan Arifin kürəyindən dəyənəyi necə ilişdirdiyini heç özü də bilmədi.

Bircə onu gördü ki, sir-sifəti palçığın içində itmiş Arifi qolundan tutub sürüyə-sürüyə çəpər dibinə aparırlar.


Aksiyanı dağıtmaq o qədər çətin olmasa da üst-başları tapdanmaqdan lehməyə dönmüş palçıqdan tanınmaz hala düşmüşdü.

Camış kimi yanbızlarına qədər palçığa batmışdılar. On nəfərə yaxın adam tutub şöbəyə gətirəndən sonra axşama qədər yuyunma otağında təmizləndilər.

Taksini bu dəfə həmişə saxlatdırdığı yerdə dayandırmadı. Bir zamanlar kolxozun pavilyonu olmuş, indisə tikinti materialları dükanı kimi fəaliyyət göstərən binanın qabağında durdurdu.

Axşamlar adətən buralarda adam olmurdu. Taskidən düşən kimi siqaret yandırıb könhə pavilyonun arxasına keçdi. Əvvəlcə özünü binanın tininə verib ayaqları üşüyəndə yaxşı saxlamayan böyrəklərini boşaltı və yağış yağanda palçıqlı olan qəbristanlıq yolu ilə kürqırağı getməyə başladı.

Daş yola çıxanacan ayaqqabının altına yapışmış palçıqdan ayaqlarını qaldıra bilmirdi.

Yolda heç kəsə rast gəlməməyinin sevinci ilə alaqapıya az qalmış addımlarını yeyinlədib dəmir qapını cırıltıyla açaraq özünü içəri atdı. Artıq rahatlamışdı. Heç kəs qarşısına çıxmadığına görə o da çətin vəziyyətə düşəsi olmamışdı.

Ayaqqabısını astanada möhkəm çırpıb gödəkçəsinin kəmərini aça-aça içəri daxil oldu.

Qapıdan xeyli aralıda masanın arxasında stulda bir ayağını altına alıb o biri ayağını dizindən qatlamış atasının kefsizliyi qadınlara da sirayət eləmişdi.

Gəlin-qaynana artırmada piletkada yemək bişirirdilər. Təkcə 3-də oxuyan şeytan qızı öz işində idi.

Babasının yanında oturub dərsini hazırlayırdı. Nəvəsinə misalın həlli yolunu izah edən atası sakit tonla “Qolun güclüymüş. Arifin anası deyirdi, oğlunun boynundan dümbülünəcən göy zolaq uzanır. Özüm də gördüm, elə bil təkər eşib.”

-Ata, ay ata. - Yaxşı ki, qızı araya girdi. Onsuz deməyə söz tapmayacaqdı. - 345 qoyunun illik gəliri nə qədər edər?

-Nəyinə gərəkdir, qızım? Belə misal olar? - Söhbətin mövzusunn dəyişməsinə sevincək olub gödəkcəni soyunmağa başladı.

-Mən soruşurdum.

-Yaşınını bu vaxtında sənə qoyun lazımdır? Pulumuz olsaydı, evi düzəldib qışacan içinə köçərdik.

-Deyirəm görəsən o vaxt satıb səni işə düzəltdirdiyim qoyunlar qalsaydı indi nə qədər gəlirləri olardı? Bayaqdan nəvəmlə ha fikirləşirik, tapammırıq. Deyirəm bəlkə sən kömək elədin?

Çarpayının üstünə tulladığı gödəkcə sürüşüb yerə düşsə də əyilib götürmədi. Artırmaya çıxdı.

Atanın qorxusundan gecə yerlər salanacan gödəkcəni götürməyə heç kəs ürək eləmədi.

abzas.net
XS
SM
MD
LG