Dekabr nəğməsi
balaca otaq
dekabr dolur içəri
gecəylə bir
küçədə maşın səsləri
artır
azalır
itir
sənsə dəyişməyən bir maddəsən içimdə
kiriməyən ağrı
o qədər uzaq tutdun ki məni
o qədər uşaq tutdun ki məni
sirrini paylaşa bilməyəcəyin qədər
uzaq olduğumu anlayanda
gec idi
hey əlində güzgü tutubmuş kimi yaşadın
efirdə yalnız özünsən
özünü görürsən
hər kəsdə özünü sevirsən
mən yoxam güzgülərdə
mən sənin əksin deyiləm, yavrum
əvvəıin, davamınam,
sən də mənim
sən yoxsan ya
mən bitdyimi anladım
nöqtə
sən anlamadın heç
nöqtə
yıxdı bu vergüllər evimizi
nöqtə
Yooo….
yenə bir təhlükə qoxusu çökdü içimə
yenə qurban verməli
geriyə çəkilmə yo
çəkilsəm körpüləri uçurmalı
dişimə çəkməli qumbaraları
savaşın səngər dodaqlarında
nəğmə kimi oxunmalı
bitməli…
ölməli
sifətimdən bir qaya misalı qopan
göz yaşıma
32 yaşıma and olsun
yenidən başlamalı həyatı
yenidən yaşamalı
təhlükə anam olsun
yenidən doğmalı bu savaşdan
geriyə çəkilmə yo
həyatı bağrına basmalı
dinləməli torpağın səsini
məni çağıran torpağın
…ulduzlara yaxın
günəşə yaxın
bir yerdən başlamalı
Son
ölü quşların qanadlarında
uça bilməyən çöl atlarında dincələr göy üzü
şəhidin açıq gözlərində
dərvişin uçuq sözlərində…
kultaz.com