Bu da son
bizlər ağlamaqçün doğulmamışdıq
nələr yapdılar nələr yapdılar
ağlatdılar
silah çiyinlərimiz atılmağa hazır
bizlər yıxılmaqçün doğulmamışdıq
necə yıxdılar necə yıxdılar
uçuq divarlara sıxdılar
bizlər sevilməkçün doğulmuşduq
sevmədilər
yaşamaqçün doğulmuşduq
qıymadılar
offff offf
bizi öldürməkdən doymadılar
Bazarlıq
qadın bir özünə
bir bəbəsinə baxdı
vaz keçdi yaşamaqdan
vaz keçdi
vaz keçdi özünü yaşamaqdan
gülümsəmələr yox oldu dodağından
gözlərindən işıq yox oldu
bir qadın yox oldu otağından
bir qadın vaz keçdı yaşamaqdan
bir qadın yıxıldı…
anasına oxşadı bir az
qardaşına, bacısına, atasına oxşadı bir az
qonşusuna, iş yoldaşına oxşadı
hər səhər mindiyi avtobusun sürüsünə oxşadı bir az
yeriyən məzarlığıydı qadın
ümid məzarlığı
eşq məzarlığı
qadın məzarlığı
… həyat bazarlığı…
Sənin küçən
küçə hər şeyi bilir
küçə heç nəyi bağışlamır
üzünü zirzəmilərdə
tinlərdə açır bizə həyat
üzə çıxır
hə, qardaşım,
orda ki qan dizə çıxır
orda ki bir-birinin qanına susayır adamlar
həyat var deməli
həyat var deməli həyatın yoxa çıxdığı yerdə
üzünü aç
indi ki sən də gəldin aramıza
sən də gəldin hər şeyi bilən gecəyə
üzünü aç
gecə hər şeyi bilir
gecə heç nəyi bağışlamır
Dil Xətası
sən susduğun yerlərdəyəm
sən tərk etdiyin köşələrdə
salam vermədiyin
üzünü heç görmədiyin adamlarla bir aradayam
sən vurduğun yaradayam
ağaclar həmən deyil
quşlar həmən deyil
sən dinləmədiyin nəğmələrdəyəm
sən gəlmədiyin
sən getmədiyin oradayam
azmışam məni tapmadığın yerlərdə
səsini versən yetər amma
əlini uzatsan yetər amma
gəl, şeytanım, gəl,
buradayam, buradayam!!!
Sən və ayaqqabım
sevmirsən sevmə
daha yuxularıma girib
ujas filmlər niyə göstərirsən
sən gedəli onsuz da
televizorum xarab olub
mırıq dişləriylə sirk göstərən
məmiş kişi də öldü
son günlər isə yenə kəskin düşüb
Nyü-York birjasında
Bir azərbaycanlının dəyəri
cəhənnəmə ki
sevmirsən sevmə
daha rəqsanənin mahnısına oynamağın nəydi
bu da ilk bahar yağışı
havalar küçələr qəzet köşkləri
araq qoxuyur
adamlar evə tələsmir
adamlar darıxır
sən də sevmirsən sevmə
daha ayaqqabım niyə su buraxır
Uşaq, Gənc, Qoca
uşaq idim
siyib
qar üzərində qonşu qızının adını yazardım
hərdən də yaz günlərində
bahar qoxuyan kənd yollarına
gənc idim
sevdiyim qızların adını
divarlara çizərdim
ağaclara
kitablara
ya da ucuz kafelərin
kasıb masalarına
əllərim utanardı…
indi qocayam, qoca
tərk etdiyim qadınların
adını tüpürürəm yalnız
xatirələrin üzünə
Qadın sözlüyü
bizi tərk edən qadınlarla gedən
yalnız ümidlər deyil hər dəfəsində
sevişdiyimiz yerlər də yoxa çıxır
hələ bu harasıdı?
balacam, pişiyim, sərçəm deyərdik…
dip-diri sözlər yoxa çıxar dilimizdən…
eh, qadınlar yalnız qəlbimizdən deyil
coğrafiyamızdan
sözlüyümüzdəm gedər həm də…
nə sevişməyə yerimiz qaldı
nə deməyə sözümüz…
yox olmağın zamanı gəldi
Haqqımız
sənin də könül qırmaq haqqın var
sənin də sevməmək haqqın
sənin də öldürmək haqqın var
sənin də ölmək
mənim də!
Uçqun divarlar
İçimdə bir qaranlıq,
İçimdə bir yuxu var.
Uçurumlar içində
Uçuram divar-divar.
Susadım səhərlərə
Susadım yağışlara
Bu ara sən də yoxsan-
Səhradan betər oldum.
İçimdə bir qaranlıq
İçimdə bir yuxu var
Bu yuxudan yoruldum
Bu şəhərdə heç kiməm,
Bu şəhərdən yoruldum
Gedirəm uzaqlara,
Sən yoxsan- mən də yoxam.
Gecəyəm, qaranlığam-
Özümdə, səndə yoxam.
Əlimdə soyuq pivə,
Damağımda siqara.
Çəkilməmiş şəkiləm-
Asılmışam divara.
Qaranlığam, gecəyəm-
Öz içimdən qopmuşam
Reklam bəzəklərinə
Metro işıqlarına
Qarışmışam, hopmuşam.
Şəhər məni əritdi-
İtirmişəm özümü-
Bu yan-yana düzülü
Bu üs-üstə yığılı
mərtəbələr, binalar
dəbdəbələr, zinalar…
səfsəfələr içində
Bu tıxaclar içində
Bu tox-aclar içində
özümü də itirdim
sözümü də itirdim.
Sən də yoxsan…
Soyuqsan…
Bu da sonum, sonluğum-
Şəhər məni əritdi-
Gedirəm… uzaqlara
Orda yağan yağışlar
Orda doğan günəşlər
Bəlkə məni kiritdi.
Bəlkə…
Məni…
kiritdi
kultaz.com