Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:55

Hikmət Carçılı ORHUN. Mələk və Şeytan















Sınmış fincan


bu gün fincanımı salıb sındırdı anam,
sevindim
sevindim ki, on doqquz ildən sonra fincanımı dəyişəcəm
sınan fincanımı zibilliyə atıb...
yığıb fincanımın qırıntılarını,
on doqquz illik can yoldaşımın sınmış qulpunu,
artıq yetim qalmış nəlbəkisini
zibil qabına atanda
bir anlıq mənimlə yaşıd olan daha nələrisə,
sındırıb atmaq keçdi ürəyimdən;
sındırıb atmaq istədim gözümüzü yağır etmiş məmur tayfasını,
üzərimdən atamın nəzərlərini,
yetim quzular kimi ələ baxan olmağımı,
ata qorxusunu
kəndimizdə asfalt yolda çalaları,
bu millətin məndən də böyük mərhəmət hissini,
yaxşısını, pisini...
hələ də sovet düşüncəsiylə yaşadıqlarından
polisdən qorxduğu üçün
haqqını tələb edə bilməyən qartlaşmış ağsaqqallarını...
hər şeyi yeniləmək keçdi ürəyimdən bu gün,
köhnə nə varsa, hamısını ya zibilliyə, ya tarixin arxivinə atmaq istədim
sınmış fincanım kimi...

bu gün salıb sındırdı fincanımı anam,
sevindim.

23.II.2011


Görmədim..

görmədim bu günə kimi gülər üzünü,
xoş sözünü
eşitmədim ömrümcə sənin...
gördüyüm göz yaşları, eşitdiyim
ağı-zəhirmar...

görmədim sevirəm deyəsən mənə
mən yetimin də üzü gülə bir kərə,
sevinə heç olmasa bir kərə
“çor” deməyin nəfi nədir dünyada”
“can” deyəndə dünyamı çökəcək üstünə,
daşmı düşəcək başına...
daş düşəydi başına canım qurtaraydı,
gördüklərimdən...

ancaq görmədiklərim yandıracaq məni,
ölsən...

25.II.2011


Mələk və Şeytan

hər gecə səni görürəm yuxularımda
bir mələk cildində görürəm səni,
görürəm çiynimə qonmusan
məni qoruyursan yad qüvvələrdən,
əvvəl mənə belə sevgi qıymayan – sən
indi əlində sehirli çubuq
hər kəsə sevgi bəxş edirsən
yaman dəyişmisən görürəm gülüm,
yaman dəyişmisən
yuxularımı bəzəyirsən baxçaları bəzəyən qızılgül kimi,
daha hər sözümdən inciyən,
daha gündə beş dəfə küsüb-barışan
dava-qırğın salıb
növbəti görüşü şübhə altına alan
ərköyün qız yoxdu indi,
indi hər görüşün sonu
növbəti görüşə zəmin yaradır yuxularımda...
bəli yuxularımda
ancaq yuxularımda belə görürəm səni
qaraqaş, qaragöz, uzunsaç ağıllı ev qızı...
ayılanda görürəm ki, nəyinə vurluduğumu bilmədiyim,
dalınca sürüm-sürüm süründüyüm,
dərdindən öldüyüm,
hər ağzını açanda bir yığın söyüş eşitdiyim şeytanmışsan, şeytan...
və o an Hacıbalanın etibarsız sementlə tikilən binaları kimi,
yıxılır könül evim...

hər gecə səni görürəm yuxularımda
bir mələk cildində görürəm səni....

23.II.2011

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG