Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:55

«Mükəmməl dördlük»



CEYRAN BAŞI SEVƏNLƏR...


Yəqin, dəbdəbəli evlərin divarlarını bəzəyən ceyran başına rast gəlməmiş deyilsiniz. Rəssam Fərid Rəsulovun «Ailə» əsəri ceyranı şişə çəkəndən sonra onun başından da mənəvi zövq alanları hədəfə alıb: Torvarı, boş iki ceyran fiquru divardan asılmış balalarının başına tamaşa edir. «Təbiətin təntənəli və cəzasız qalan məhvi» – rəssamın yanaşması budur.

Martın 2-də gənc rəssamlar Faiq Əhməd, Rəşad Ələkbərov, Orxan Hüseynov, Fərid Rəsulovun «Mükəmməl dördlük» adlı sərgisinin açılışı olub. Sərginin ilk günü 1000-ə yaxın ziyarətçi qeydə alınıb.

KÖLGƏ - ƏSƏR

Sərgidə Rəşad Ələkbərovun taxtalardan düzəldilmiş şəbəkə işi təqdim edilir. Əsər salonda quraşdırılmış işıq effektlərinin köməyilə taxtaların kölgəsindən ibarətdir.

Rəşad Ələkbərov deyir ki, marağın səviyyəsindən asılı olmayaraq onlar sərginin təşkilində maraqlıdırlar:

«Biz hər bir halda sərgini edirik. Azərbaycanda 10 ildən çoxdur müasir incəsənətlə məşğuldurlar. Amma insanlara bir o qədər də maraqlı deyil. Və biz istəyirik ki, daha maraqlı olsun, daha populyar olsun müasir incəsənət. Buna konseptual incəsənət də deyirlər, aktual incəsənət də deyirlər. İstəyirik ki, daha da maraqlı olsun, böyük kütlə maraqlansın. Sərgi əsasən cavanlara nəzərdə tutulub».

DƏMİR XALÇA

Rəssam Faiq Əhmədin nümayiş olunan işi dəmir xalçalardır. Bundan başqa, rəssam dəmir lövhə üstündə «Qoca mələklər»i canlandırıb. Onun fikrincə, müasir incəsənət daha çox maraqlı ideyanın təqdimatına söykənir:

«İncəsənətdə birinci növbədə ideya, fikir vacibdir. Artıq material, hansı üslubla işləmək sonranın işidir. Ümumiyyətlə, ənənəvi rəssamlığa özünü yönəltməyə də bilər rəssam».

YARARLILIQ MÜDDƏTİ ÖTMÜŞ KİŞİLƏR...


«Mükəmməl dördlük» təkcə incəsənət bacarıqlarını sərgiləmirlər. Əsərlərinə bir neçə cümləlik açıqlama verməklə öz dünyagörüşlərini təqdim edirlər.

Məsələn, Faiq Əhməd «Qoca mələklər»i belə şərh edir: «Yararlılıq müddəti ötmüş bütün kişilər zərərsiz mələklərə çevrilir».

«Pişiklər axmaqdır. Axmaq pişiklər oynaqdır. Onlar ecazkardır, göz oxşayandır, gözəldir. Onlar da öləcək». Bunu isə rəssam Orxan Hüseynov plastik şüşə ilə işlədiyi əsərinə yazıb. Rəssamın pişiyi ölüm ayağındadır, hətta bağırsaqları bayıra tökülür, amma öz əyləncəsindən əl çəkmir: kəpənəklə oynamaqda israrlıdır.

İÇALATIN ESTETİKASI


Rəssam Fərid Rəsulov hesab edir ki, hər bir estetikada onun təqdim edilmə formasından asılı olmayaraq, qeyri-estetik tərəflər tapmaq olar. Onun bu fikri həm də sərgidəki «İçalat» əsərinin təqdimatıdır.

Gənc konseptualistlərin sərgisi hələ 3 ay ziyarətçilərin üzünə açıqdır. Digər əsərlərlə tanış olmaq istəyənlər «KiçikQalaArt» Qalereyasına baş çəkə bilərlər.
XS
SM
MD
LG