Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:58

Prezidentin ingilis və ərəb atları


Binə ippodromu. Burda bir atlar var ki, iki göz istəyir tamaşasına dura. Zil qara, boz, inci ağlığında, xal-xal. Boy-boya veriblər. Hətta onlardan birinin gözəllik yarışında qalib gəldiyi deyilir.

PREZİDENTİN İNGİLİS VƏ ƏRƏB ATLARI

İppodromda prezidentə müxtəlif səfərlərdə bağışlanan bir neçə atın da saxlandığı deyilir:
Şalal, Samia, Elbrus, Albakır, Zedapiri, Baku-brız, Parafe.

Əksəriyyəti ingilis və ərəb atlarıdır. Aralarında Qarabağ atı da var. Qarabağ atını dövlət başçısına Ağdamda bağışlayıblar.

Zedapiri adlı atsa Gürcüstan prezidentinin hədiyyəsidir.

- Bunun adı Zedapiridir. Dörd-beş ildir burdadır. Bu atı Gürcüstanda bağışlayıblar prezidentə.
- Minmək olar bu ata?
- Yox, olmaz.

EŞKİYA TÜRKİYƏDƏYMİŞ


Atlar arasında iki il öncə Rusiya prezidentinin kubokunu alan Eşkiyanı axtarırıq. O zaman Azərbaycan prezidentinin atı yarışda birinci olmuşdu. Deyirlər ki, həmin at Türkiyədədir. Azərbaycan bayrağı altında yarışlara qoşulub.
Burda təkcə prezidentə bağışlanan atlar saxlanmır.

BAL, KİŞMİŞ VƏ MASAJ


Bələdçimiz bizə cıdır atlarının gündəlik rejimindən danışır:

- Səhər altıda idmana çıxırlar. Yarım saat, 45 dəqiqə idmandır. Sonra ayaqları yuyulur. Saat 12-də su, yem verilir. Axşam yenə gəzintiyə çıxarılır, ayaqları yuyulur. Axşam saat 8-də yemək verilir, saat 12-də həm yem, həm də su verilir. Yarış qabağısa masaj olunurlar.

Hə, o ki qaldı, atların menyüsnə. Gündə on kiloqram yemlə yanaşı yerkökü, bal, kişmiş yeyirlər. Yarış öncəsi yeməkləri artırılır. Üstəlik atlar masaj olunurlar.

Hüseyn əmi deyir ki, ippodromdakı atlar elə də bahalı deyil. Əliylə ingilis atlarını göstərir:

- Bunları altı-yeddi min dollara almaq olar. İngilis atlarıdı. Bəziləri Amerikadana gətirilib, döl almaq üçün.

ATLARIN QAZAX SƏFƏRİ

Tövlədə iki zil qara at da var. Deyirlər Hollandiyadan gətirilib. Onları görəndə adamın ürəyi atlanır. Amma bu atlara minməyə icazə yoxdur. Mehtər deyir ki, bunun üçün qonşu tövləyə keçin, orda 45 dəqiqə üçün on manat ödəyib istənilən ata minə bilərsiz.

Hollandiyadan gətirildiyi söylənən bu atlar isə xüsusi hallar üçün saxlanır. Məsələn, məşqçi Hüseyn əmi deyir ki, yaxınlarda bu atlar Qazaxa aparılıblar. Dövlət başçısının bölgəyə səfəri zamanı.

- Bu atlar qışa dözümlüdür. Qəşəng atlardır. Bu atları yaxında Qazaxa aparmışdıq. Hörmətli prezidentimiz ora gedəndə «verxovoy yezda» üçün. Yəni görsünlər ki, necə qəşəng atlardır. Dörd gün orda qaldılar.

- Qazaxın özünün də yaxşı atları olmalıdır axı, Dilboz atları.

- Var. Dilboz atlarının vətəni Qazaxdır. Dözümlü atlarıdır. İngilis atlarına baxanda, qaçışda sürətli deyillər. Amma uzaq məsafəli yol getməyə dözümlüdürlər.

Qonşu tövləyə baxırıq. Mehtər deyir ki, bəzən at həvəskarları saxlatmaq üçün atlarını Binə İppodromuna verirlər. Onların burda qalması üçün ayda 200 manat ödəyirlər. Bura həm yem, həm qulluq, həm də yer haqqı daxildir.

Azərbaycanda yaşayan bəzi əcnəbilər də atların burda saxladırlar.

Hüseyn əmi deyir ki, gərək həftəarası gəlməyəydiz. Həftəsonu burda adam əlindən tərpənmək olmur. Gələnlərin kimliyini soruşuruq. Deyir ki, at həvəskarlarıdır. Kasıbı da gəlir, varlısı da.

İPPODROM BAĞLANIR?


Tövlələrdə 17-18 yaşlı gənclər həm atlara qulluq edir, həm də yarışlara hazırlaşırlar. Bəziləri elə burda qalır. Aydasa 190-200 manat maaş alırlar. Amma şikayət də eləmirlər. Dediklərinə görə, indiyədək özəl olan Binə ippodromu bundan sonra Atçılıq Federasiyasına tabe olmalıdır.

Məşqçi Hüseyn əmi deyir ki, tərəflər razılaşıb artıq. Narazılıq da yoxdur. Burda çalışanlar ümidlidirlər ki, bu addım onların xeyrinə olacaq, maaşları bir qədər artacaq.

Amma ippodrom rəhbərliyi danışmaqdan imtina edir. Bir onu deyirlər ki, Binə İppodromu bağlanır. Atlar da, ippodrom da başqa quruma keçir. Səbəblərini isə açıqlamadılar.

Atçılıq Federasiyası isə bununla bağlı sorğumuzu cavabsız qoydu.
XS
SM
MD
LG