Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:35

Köçkünün limit problemi


Dövlətin problemlərini vətəndaşın üzərinə yükləmək həm qanuna, həm də məntiqə ziddir
Dövlətin problemlərini vətəndaşın üzərinə yükləmək həm qanuna, həm də məntiqə ziddir
Kəlbəcər köçkünü Hilal Allahverdiyev «Qaynar xətt»ə Daşkəsən rayon İcra Hakimiyyəti başçısının müavini Mövsüm Hüseynovdan şikayət edib. Deyir, aylardır ki, bir arayışdan ötrü icra hakimiyyətinə ayaq döysə də, bu arayışı ona verməli olan müavin onu incidir. Şikayətçi danışır:

«İSTƏDİYİ PULU VERMƏDİYİMƏ GÖRƏ MƏNİ SÜRÜNDÜRÜR»


- Məcburi köçkün kimi Kəlbəcər rayonunda ayrıca təsərrüfat kimi qeydiyyata alınmışam. Müvəqqəti qeydiyyatda Daşkəsən rayonundayam. Rayonun icra hakimiyyəti başçısının müavini Mövsüm Hüseynov subayları, 18 yaşına çatmış yeniyetmələri ayrıca təsərrüfat kimi qeydiyyata götürür, mən ailəli adamam, bir övladım var, məni ayrı təsərrüfat kimi qeydiyyata götürmür. Məni ən azı 30 dəfə icra hakimiyyətinə gətirib-aparıb. Hər dəfə gələndə ən azı 10 manat xərcim çıxır yola. O vaxt pul istəmişdi, mən də istədiyi pulu vermədiyimə görə süründürür.

«GÖZLƏYİRİK, DÜNYASINI DƏYİŞƏN OLSA...»

Məlum oldu ki, Hilal Allahverdiyev bizə elə icra hakimiyyəti başçısının müavini Mövsüm Hüseynovun otağının qarşısından zəng edib. Odur ki, təklif etdik telefonu başçının müavininə ötürsün ki, onunla danışaq. Az sonra söhbəti Mövsüm Hüseynovla davam etdirdik.

- Mövsüm müəllim, bu adamın problemi nədir? Kömək etmək mümkün deyilmi?

- Biz ona vaxtında rəsmi cavablar da yazmışıq. Bunlar məcburi köçkün kimi bizim ərazidə qeydiyyatdadırlar. Hilal Allahverdiyev bizim rayonun Gülbulaq kəndində müəllim işləyir. Dövlətin verdiyi 150 kilovat limitdən, başqa əlavə imtiyazlardan ailə tərkibində istifadə edirlər. Təbii ki, vətəndaş ailə qurub, artıq ailə tərkibindən ayrılmaq istəyir, məcburi köçkün kimi qeydiyyata dursun. Bunlar məcburi köçkün düşdükləri Kəlbəcər ərazisində ayrı təsərrüfat kimi qeydiyyata götürülüblər. Ancaq bizim rayonda 343 məcburi köçkün ailəsi var, bizim limitimiz də cəmi 343 ailədir. Gözləyirik, rayonumuzdan miqrasiya edən, ya dünyasını dəyişən olsa, növbəlik əsasında həmin adamı ayrı təsərrüfat kimi qeydiyyata götürəcəyik. Təbii ki, kömək etməyə borcluyuq. İndi də yığışmışıq, özü də gəlib, məsləhətləşəcəyik ki, görək, bu adama necə kömək edə bilərik.

«BU, ONA BƏNZƏYİR Kİ...»

Vəkil Xalid Bağırov deyir ki, köçkünün tələbi qanunidir və onun ayrıca ailə təsərrüfata çevrilməsini təmin etmək yerli icra hakimiyyəti orqanlarının vəzifə borcudur:

- Şikayətçinin tələbi ondan ibarətdir ki, ailə qurub, uşağı var, valideynlərindən ayrılaraq özünün ayrı ailə təsərrüfatını yaratmaq istəyir. Bu da vətəndaşın təbii tələbidir... Yerli dövlət orqanının nümayəndəsi bildirir ki, limit olmadığına görə mən bu adamı ayrı təsərrüfat kimi qeydiyyata götürə bilmirəm. Bu ona bənzəyir ki, dövlət deyir siz uşaq doğmayın, mən uşaqları hələ dolandıra bilmirəm. Bu, vətəndaşın problemi deyil, dövlət orqanlarının problemidir. Dövlət orqanı yuxarı instansiyalar qarşısında vəsatət qaldırmalıdır ki, onun siyahısında olan ailə təsərrüfatlarının sayı artıb. Bu baxımdan dövlətin problemlərini vətəndaşın üzərinə yükləmək həm qanuna, həm də məntiqə ziddir.

Buna da bax:

XS
SM
MD
LG