Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:09

"Rəşad Məcidin dedikləri mənim mövqeyimə təsir edə bilməz"


"Pen klub"un aparıcısı İlqar Rəsul və verilişin qonağı Zahir Əzəmət. Azadlıq Radiosunun Bakı studiyası. 24 fevral 2011
"Pen klub"un aparıcısı İlqar Rəsul və verilişin qonağı Zahir Əzəmət. Azadlıq Radiosunun Bakı studiyası. 24 fevral 2011
"Pen klub" verilişinin qonağı - Milli Kitab Mükafatının eksperti, şair Zahir Əzəmətdir.

Ekspertlər indi 20-liyi müəyyənləşdirməyə çalışırlar...

Zahir Əzəmət:

- MKM müsabiqəsinə ümumən 112 əsər təqdim olunmuşdu. Təxminən 20-dək əsər müsabiqənin şərtlərinə uyğun olmadığı üçün kənara qoyuldu.

Məsələn, kimsə bədii əsər olmayan tarixi bir kitabı göndərmişdi, kimsə ulduz falı, başqa biri fotoalbom təqdim etmişdi.

Söhbət onların pis, yaxud zəif olmasından yox, sadəcə şərtlərə uyğun olmamasından gedir.

AzadlıqRadiosu:

- Bəlkə müsabiqənin şərtlərini bir az da ətraflı izah etməyə ehtiyac var?

Zahir Əzəmət:

- Yox, ətraflı izahat verilir əslində. Media vasitəsilə, hətta ilk müsabiqədə əyalətlərə gedilib görüşlər keçirilməsi ilə şərtlər barədə kifayət qədər məlumat verilib.

Sadəcə bəzi insanlar başqalarının da xəbər tutması üçün kitablarını göndərirlər.

Bundan başqa Azərbaycan vətəndaşı olmayanlar kitab göndərmişdilər. Halbuki, müsabiqənin şərtinə uyğun deyil və sairə....

AzadlıqRadiosu:

- Müəlliflərə kitablarının kənara qoyulması barədə məlumat verilir?

Zahir Əzəmət:

- Bu artıq ekspertlərin yox, təşkilat komitəsinin işidir. “Əli və Nino” kitab mağazası şəbəkəsi yəqin ki, bu işlə məşğul olur.

AzadlıqRaiosu:

- Müsabiqəyə təqdim olunan əsərlərdə hansı janr üstünlük təşkil edir?

Zahir Əzəmət:

- Təbii ki, hekayə topluları da var.

İlkin dəyərləndirmə mərhələsində diqqətimizi çəkən bir çox kitablar var ki, onlar hekayə toplularıdır. Amma çoxluq baxımından roman üstünlük təşkil edir.

Zahir Əzəmət
Özü də ötən ilki müsabiqədən fərqli olaraq bu dəfə Azərbaycan dilli əsərlər mütləq çoxluq təşkil edir.

Amma yenə də rus dilində də əsərlər var.

AzadlıqRadiosu:

- Bu əsərləri oxuyub başa çıxmaq nə dərəcədə rahatdır?

Müsabiqənin münsiflərindən olan Rəşad Məcid "Pen klub" verilişində bəzi fikirlər söyləmişdi konkret əsərlər barədə. İstər-istəməz belə təsəvvür yarandı ki, bəzi əsərləri oxumaq çox əziyyətlidir.

Zahir Əzəmət:

- Əslində münsiflər hamısını deyil, yalnız bizim müəyyən edəcəyimiz 10-luğa daxil olan əsərləri oxuyurlar.

Bu halda isə mümkündür ki, Rəşad Məcid əvvəlcədən həmin əsərlərin neçəsinisə oxumuş olsun.

Yerdə 4-5 kitab qalacaq onun oxuması üçün. Bu da elə bir əziyyətli iş sayılmır, ona görə də Rəşad bəy gərək bu qədər gileylənməsin.

Amma Rəşad Məcid ümumi oxumaqdan yox, ayrı-ayrı konkret kitablardan gileylənmişdi.

Zahir Əzəmət
Mən də bir ekspert kimi hesab edirəm ki, əslində o hələ bilə bilməz ki, hansı əsərlər 10-luğa düşəcək.

Ona görə də o, hansısa konkret əsərlərə münasibət bildirməkdə tələsir. Rəşad bəy müsabiqənin onun vəzifəsinə aid mərhələsində əsərlərə münasibət bildirə biləcək.

İndiki halda isə o bir oxucu kimi öz mövqeyini bildirməkdə azaddır.

Hamısını sona qədər oxumağa gəlincə, biz bunun üçün bir neçə mexanizm tətbiq edirik. Amma ümumilikdə əlbəttə oxuyuruq.

Amma elə əsərlər var ki, məsələn tam son səhifəsinədək oxumağa ehtiyac qalmır. Tutaq ki, hekayələr toplusudur.

5 hekayəni oxuyandan sonra artıq bilirsən ki, onun ümumi orta qiyməti neçədir. Axı biz 1-2-3-cü yeri təyin etmirik. 90-88-70-60 yazarın içindən bir-birindən daha çox seçilənləri ayırd edirik.

Hərəmiz oxuduqlarımızın içindən ilk olaraq ən yaxşını seçirik və ona nisbətdə öz 20-liyimizi tərtib edirik.

O mənadə əgər birinin 4 hekayəsi yaxşı olursa, onun qalanını oxumağa ehtiyac qalmır. Digər tərəfdən biz illərdir ədəbiyyatla məşğuluq və kitab oxumaq elə də əziyyətli olmasın gərək.

AzadlıqRadiosu:

- Hər halda az əsər deyil və keyfiyyət də hamıda yüksək olmaya bilər. Olubmu ki, hansısa əsəri oxuyanda əsəbiləşəsiniz?

Zahir Əzəmət:

- Əsəbiləşmək yox, təəssüf hissi keçirtdiyim olub. Baxmışam ki, ideya var, onu çox naşı şəkildə yazıb.

AzadlıqRadiosu:

- Diqqətinizi çəkən əsərlər daha çox hansı yaş dövrünü əhatə edir?

Zahir Əzəmət:

- Gənclər də var, yaşlı nəsil də. Ədəbi prosesdə olmayan, ilk dəfə görünən imzalara məxsus əsərlər də var diqqətimi çəkən.

AzadlıqRadiosu:

- Müsabiqəyə təqdim olunan əsərlərə münasibətiniz necədi, onlara baxanda sizcə bu sahədə vəziyyət nə yerdədir?

Zahir Əzəmət:

- Əsərlər haqqında ümumi onu deyə bilərəm ki, yaxşısı da var, orta əsərlər də var, bərbadları da var.

Amma hər halda bu, yaxşı mənada nəsr bumunun inkişafda olduğunu göstərir.

AzadlıqRadiosu:

- Dinləyici Tural yazır ki, (SMS) “Zahir bəy, “Çöl” romanı MKM müsabiqəsinə təqdim edilibmi?

Rəşad Məcid
Edilibsə, bir mütəxəssis kimi fikriniz maraqlı olardı. Bir də, Rəşad Məcidin 20-lik müəyyən olunmamış Pərvizin romanı haqqında dedikləri ekspertlərin rəyinə təsir edə bilərmi?”

Zahir Əzəmət:

- Kəramət “Çöl” romanını təqdim edib. Amma əlbəttə ki, qaydaların əleyhinə gedib əsərə münasibətimi açıqlaya bilmərəm.

İkinci məsələyə gəlincə, Rəşad Məcid bir oxucu kimi hər hansı əsər barədə fikir söyləyə bilər.

Amma o söhbət MKM müsabiqəsi ətrafında getdiyi üçün məncə bir münsif kimi Rəşad bəy bir az səbirli olmalı idi.

Bununla belə, istər Rəşad Məcidin, istərsə də başqa birisinin istənilən açıqlamasının bir ekspert kimi mənə, yaxud digər həmkarlarıma təsir edə biləcəyinə inanmıram.

Biz öz rəyimizdə müstəqilik. Amma hesab edirəm ki, əslində bütün bu müzakirələr normal bir şeydir.

AzadlıqRadiosu:

- Anar yazır (SMS) “Keçənilki biabırçılıqdan sonra necə oldu ki, yenidən ekspert olmağa razılıq verdiniz.

Axı yenə münsiflər istədikləri adamı qalib elan edəcəklər. Bu aydın deyil? Niyə sizdən istifadə etməyə imkan verirsiniz?

Siz zəhmət çəkib əsərləri oxuyursunuz sonra kitab oxumağa vaxtı və hövsələsi olmayan qoca münsiflər onun bunun tapşırığı ilə kimisə qalib edirlər".

Zahir Əzəmət:

- Biz keçən il ekspertlər olaraq 20-yi və 10-luğu müəyyən etmişdik və cəmiyyət də bunu kifayət qədər yaxşı qarşıladı.

Əlbəttə ki, tənqidlər də oldu və bu təbiidir. Münsiflərin seçiminə gəlincə, buna təşkilat komitəsi münasibət bildirə bilər. Bizim işimiz proses onlara çatanda bitir.

Qaldı ki... bizdən heç kim istifadə etmir. Bu ölkədə pis-yaxşı, bir kitab müsabiqəsi başlayıb.

Onun tənqidi nöqtələrini qabartmaq, geri çəkilib daha bərbad hala düşməsinə imkan verməkdənsə biz müsabiqənin daha irəli getməsi üçün davam etmək qərarına gəldik.

Təşkilatçılarla da bu barədə müzakirələrimiz olub. Müsabiqədə müəyyən islahatlar da gedir. Onu da deyim ki, bir işi tənqid etmək qədər asan şey yoxdur.

Amma o tənqidin qarşılığında nə təklif edirsən sualı da olmalıdır.

AzadlıqRasdiosu:

- Qeyri rəsmi məlumatlara görə artıq 30-luq müəyyən olunub.

Zahir Əzəmət:

- Konkret rəqəmi təsdiqləyə bilmərəm, amma seçim mexanizminə uyğun olaraq prosesi getdikcə daraldırıq və 20-yə çatanda nəticə ortaya qoyulacaq.

AzadlıqRadiosu:

- İndiyə qədərki prosesə rəğmən ədalətli olmaq baxımından özünüzü tam rahat hiss edirsinizmi?

Zahir Əzəmət:

- Təbii. Düzdü, subyektivlik də olmamış deyil. Çünki hər ekspertin özünün müəyyənləşdirdiyi 20-likdən gedir söhbət.

Amma ən ümumi mənzərə baxımından götürəndə ötənilki 20-liyi daha normal sayıram, nəinki növbəti mərhələdə 10-gu və ondan sonraki qalib və ya digər məsələləri..

Bizim işimiz 20-liyi və 10-luğu təyin etmkdir. Və bu il də işimizi ədalətli və şəffaf görməyə çalışırıq.

Özümüzü də ədalətli hesab edirik. Bütün ekspertlər də bu məsələdə bir-birimizə nəzarət edirik ki, kimsə hissə qapılıb hansısa əsəri səxsi münasibətə görə dəyərləndiməsin.

Məni tanıyanlar bilir ki, kimsə şəxsən mənə hər hansı təsir imkanına malik deyil.

Hansısa əsər barədə fikirlər haçalananda yığışıb müzakirə edirik. Bizdən asılı olanları edirik.

Amma bir də görürsən tanınmış bir imzanın keçmədiyinə görə bizi qınayırlar. Amma heç kimin xəbəri olmur ki, məsələn, filan xalq yazıçısının təqdim etdiyi əsər nə vəziyyətdədir.

AzadlıqRadiosu:

-Emma yazır (SMS) “MKM müsabiqəsi özünü biabır edib. Kim var ki, orada kimi də seçələr. Yalan deyirəm?”

Zahir Əzəmət:

- Onun da bir oxucu, yaxud müəllifdisə, müəllif kimi qiymətləndirmək hüququ var. Amma bu müsabiqədə məqsəd ölkədə kitab bazarını canlandırmaq, ədəbiyyatı diqqət mərkəzinə gətirmək, bunların müzakirəsinə nail olmaqdır.

Müsabiqə buna daha çox da nail olur. Kimlər bundan razı deyillərsə, onlar da başqa bir müsabiqə təşkil etsinlər.

Çünki Azərbaycan kimi ədəbiyyatın inkişafına ehtiyacı olan ölkə üçün 1-2 müsabiqə çox azdır.

AzadlıqRadiosu:

- Rəhbərlik etdiyiniz “Kultaz.com” mədəniyyət portalınin vəziyyəti nə yerdədir?

Zahir Əzəmət:

- “Kultaz.com” ədəbiyyat portalı 4 il əvvəl yaranıb.

Bu ilin uyun ayında 4 yaşı tamam olacaq. Onu öz şəxsi təşəbbüsüm və şəxsi vəsaitim hesabına yaradıb bu günədək gətirib çıxartmışam.

Və mədəniyyət portalı olaraq sırf öz profilinə görə ölkədə yeganədir.

Böyük oxucu, böyük müəllif ordusu var. Amma o saytın heç bir gəliri yoxdur.

Təbii ki, ölkədə reklam bazarı nəzarətdə olduğu üçün heç bir iş adamı siyahıda olmayan saytlara reklam verməkdə maraqlı deyil, təzyiqlərdən ehtiyatlanır.

Üstəlik bizim saytın mövqeyi rəsmi mövqedən fərqlənir.

Alternativ baxışa çox yer ayırırıq.

Sadacə bu yaxınlarda bizim öz oxucu və müəlliflərimizə bir müraciətimiz oldu.

Yəni saytın daha da genişlənməsi və əlavə imkanların yaradılması üçün müəyyən maddi vəsaitə ehtiyac var.

Saytın rus, ingilis və başqa versiyalarını yaratmaq fikrimiz var. Saytın texniki imkanlarını genişləndirmək istəyirik.

Bu yolla saytda yerləşdirilən əsərləri xaricə çıxarda, digər ölkələrlə əlaqələr qura bilərik.

Ona görə müraciət etdik ki, əgər bunu istəyirlərsə, yığışıb bir ortaq qərar verib, bunun maddi tərəfini həll edib həyata keçirmək olar.

Çünki artıq bu tək Zahir Əzəmətin saytı deyil və Zahir Əzəmət bəlkə də orada ən az görünən müəllifdir.

Kənardan bunun bəzən pis görünəcəyini düşündüyüm üçün özümü o saytda dərç etməkdən mümkün qədər qaçıram.

AzadlıqRadiosu:

- Sənətkar kölgədə qalır....

Zahir Əzəmət:

-Hə. O mənada ki, son illər Azərbaycanda dərc olunan ədəbiyyat əlavavələrinin, qəzetlərin əksəriyyəti bilavasitə mənim iştirakımla dərc olunub deyə təbii ki, özümü cap etməkdən qaçırdım.

Deyirdim camaat özümü təbliğ elədiyimi düşünər. Bütün bunlarsa ona gətirib çıxardır ki, özüm az görünürəm.

Hesab edirəm ki, belə də olmalıdır.

Digər tərəfdən başım bu təşkilati işlərə çox qarışır, eləcə də az-çox məni tanıyırlar deyə özümü hər an dərc etməyə ehtiyacım yoxdur.

Və hesab edirəm ki, kitab mərhələsi artıq başlayıbsa, müəlliflər hər gün şeirlərini dərc etdirməkdənsə, bütöv kitab halında görünmələri yaxşıdır ki, kitaba da bir tələbat olsun, adiləşməsin.

VERİLİŞƏ TAM ŞƏKİLDƏ BURDA QULAQ ASMAQ OLAR

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG