Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:30

Nardaranlılar: «Kəskin tələbimiz odur ki...» (Video)


Nardaranda etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:02:14 0:00
Direct-ə keçid

Nardaranlılar sosial problemlərinin həllini tələb edirlər

«Kəskin, qəti tələbimiz var ki, gəlsinlər bu camaatla otursunlar, problemləri həll eləsinlər, əks halda bu etiraz aksiyaları böyük faciələrə gətirib çıxaracaq»

Bu fikirləri fevralın 25-də sosial problemlərin həlli tələbi ilə bağlı Bakının Nardaran kəndində keçirilən mitinqdə kənd ağsaqqalı Hacıağa Nuriyev səsləndirib.

O bildirib ki, kənd sakinləri meydana mitinq xatirinə deyil, dərdlərini, problemlərini yuxarıdakılara çatdırmaq üçün yığışıblar. Ona görə də səslənən tələblərə yuxarılar biganə qalmamalıdır.

Hacıağa Nuriyev Nardaran kəndində mövcud problemlərə görə məmurları günahlandırıb.

BƏZİ MƏMURLARIN HÖKÜMƏTƏ QARŞI TƏXRİBATI


«Hesab edirəm ki, bu gün Azərbaycan hakimiyyətində olan bəzi məmurlar bu xalqı düşünülmüş şəkildə hökumət və dövlətlə üz-üzə qoymaq istəyirlər»

Onun fikrincə, Nardaran kəndinə qaz verilməməsi bəzi məmurların hökumətə qarşı təxribatıdır.

«BİR AZ QAZ VERİN EVLƏRİMİZİ QIZDIRAQ»


Kəndin axundu Hacı Mirpaşa da çıxışında bildirib ki, onlar meydana çıxmaqla soyuqdan evlərində otura bilmədiklərini məmurlara çatdırmaq istəyirlər.

«İki dəfə qaz pulu yığanlar gəliblər qaz olmaya-olmaya bir dəfə 30 manat, bir dəfə də 20 manat pul vermişəm. Bu söhbət olmadı axı, deyir gəlirsə də ver, gəlmirsə də ver. Evimizdə hal-hazırda elə bir soyuqdur ki, «odeyal»a bürünüb otururuq. Biz meydana bu dərdə görə gəlmişik. Gəlməmişik ki, kiməsə özümüzü göstərək ki, biz belə asanıq, belə kəsənik. Gəlmişik ki, dövlət də görsün ki, qazımız yoxdur. Kənddə sosial problemlər var. Evlərimiz soyuqdur deyə bura gəlmişik. Biz nə dövləti pisləyirik, nə rəhbərliyi. Biz deyirik evlərimiz soyuqdur, bir az qaz verin ki, evlərimizi qızdıraq».

HİCAB MƏSƏLƏSİ

Mitinqdə çıxış edənlər məktəblərdə hicaba qoyulan qadağaya da öz etirazlarını bildirdilər. Təhsil Nazirliyinin tətbiq etdiyi hicab qadağasının insan azadlığına zidd olduğunu bildiriblər. Bundan başqa mitinqdə ötən ilin sentyabrında narkotik ittihamıyla həbs edilən kənd sakini Əli Hüseynovun tezliklə azadlığa buraxılması ilə tələbi də səslənib.

Kənddəki gənclərin işsizliyindən danışan kənd sakini Mehman Məmmədov isə deyib ki, büdcə vəsaitləri hesabına müxtəlif iri layihələrin həyata keçirildiyi bir vaxtda Nardaran kəndində bir neçə yüz gəncin çalışa biləcəyi iş yerinin aşılması heç kimi maraqlandırmır.

«Yüzlərlə cavanlarımız var, hamısı işsizdir. Bizi işlə təmin eləsinlər. 1 milyard manata stadion tikirlər, kimə lazımdır o stadion. Camaatın vəziyyəti gün-gündən pisləşir»

«KƏND SAKİNLƏRİNƏ DİALOQ İMKANI YARADILSIN»

Kənd sakini Natiq Kərimov isə bildirdi ki, onlar istəyirlər ki, hakimiyyət dialoq imkanı yaratsın və onlar kənddəki problemləri rəsmi şəxslərlə müzakirə etsinlər və kənd sakinlərinin meydanlara çıxmasının səbəbi onlara tam aydın olsun.

«İstəyir siyasi, istəyir iqtisadi sahədə dialoqa hazırıq. Bizim dialoq aparacaq adamlarımız kifayət qədərdir».

Aksiya iştirakçıları ölkədə başlanan korrupsiyaya qarşı mübarizəni müdafiə etdiklərini bildiriblər.

«...DEMƏK PREZİDENT DƏ ALDADILIR, XALQ DA»

Azərbaycan Birlik Partiyasının sədri Xudu Xudulu isə çıxışında deyib ki, əgər Nazirlər Kabinetində keçirilən müşavirədə ölkənin inkişaf etməsindən danışılırsa bu adamların gün-güzəranında hiss olunmalıdır.

«Əgər bu hiss olunmursa, demək prezident də aldadılır, xalq da»

Son vaxtlar Azərbaycanda aparılan korrupsiyaya qarşı mübarizəyə toxunan partiya sədri bildirib ki, əgər prezident də bunu istəyirsə onda xalqla əl-ələ verməlidir.

«Korrupsiya dövlətin içində nazirlik səviyyəsində rüşvət mexanizmidir. Biz də istəyirik i, o yıxılsın, sındırılsın. Əgər prezident də bunu istəyirsə onda xalqla əl-ələ verməlidir».

Mitinqdə səslənən bəyanatda isə bildirilib ki, ölkəyə irihəcmli neft pullarının axını başlasa da nə Azərbaycanda, nə də Bakı kəndlərində bu vəsaitlərin real müsbət təsiri hiss olunmur. Bakı və Abşeronda həyata keçirilən infrastruktur layihələrinə külli miqdarda vəsait ayrılmasına rəğmən əksər Bakı kəndləri qaz-işıq, kanalizasiya, su , normal ictimai nəqliyyat üzünə həsrətdir.

MİTİNQDƏ PREZİDENTƏ TƏŞƏKKÜR DƏ EDİLİB

Aksiyanın sonunda kənd ağsaqqalı Hacıağa Nuriyev 2011-ci il yanvarın 31-də Fələstin Dövlətinin Azərbaycanda Səfirliyinin fəaliyyətinə maddi-texniki yardım göstərilməsi haqqında sazişin təsdiq edilməsi barədə sərəncam imzaladığına görə prezident İlham Əliyevə təşəkkür edib.
XS
SM
MD
LG