Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:49

“Quqark” romanı əsasında film çəkilə bilər


Novel by Azeri author Seymur Bayjan
Novel by Azeri author Seymur Bayjan
Yazıçı Seymur Baycanın “Quqark” romanı əsasında film çəkilə bilər.

“Dərviş” Prodüser Mərkəzi romanın ekranlaşdırma hüququnu Seymur Baycandan aldı.

Bununla bağlı S.Baycan və şirkət arasında müqavilə bağlanıb.

Bu barədə Mərkəzin özü məlumat yayıb.

Müqavilə kommersiya xarakteri daşımır - müəllif şirkətə hüququ təmənnasız verib.

(Roman əsasında çəkiləcək filmin büdcəsi formalaşandan sonra müəllifə qonorar ödəniləcək).

Yazar Seymur Baycan romanın ekranlaşdırma hüququnu 2 il müddətinə “Dərviş” Prodüsser Mərkəzinə təqdim edib.

Şirkətin direktoru Əli İsa Cabarovun dediklərinə görə, belə bir addımın atılmasına bir neçə səbəb var.

Əli İsa Cabarov:

- Birincisi, əsər çox kinematoqrafik dildə yazılıb.


"Bəlkə bu dəfə də Azərbaycan kinosunu dramaturji krizisdən məhz Azəbaycan ədəbiyyatı qurtaracaq - yeni həyat materialı, səmimiliyi və həqiqiliyi ilə".
Seymur manyak dərəcəsində vuayyerdir və təsvir etdiyi epizodları bütün detallarınacan təsvir edir.

Demək olar ki mətn hazır rejissor ssenarisidir.

Romanda “yaddaş” bir bədii, psixoloji faktor kimi əsas priyomlardandır və bu, kino üçün çox əlverişlidir.

Tarkovskinin “Güzgü”sü, Fellininin “Amarkord”unun əsas tryuku “canlandırılmış yaddaş” və ya “materiallaşdırılmış yaddaş"dır.

Bu priyom və yaddaş kimi fenomen haqda düşündüyüm dövrdə belə bir romana rast gəldim, romanı vərəqlədikcə rejissor təxəyyülüm çox aktivləşirdi.

Belə şansı buraxmaq istəməzdim.

Romanda struktur da çox kinematoqrafikdir, əsərin müxtəlif “hissələri” çox uğurla montaj olunub.

Kino dili ilə deyə bilərəm ki, romanın çox uğurlu montaj həlli və stili var.

İkinci təbii ki müharibə haqqında sərt həqiqətdir.

Əli İsa Cabbarov
Əsgərliyim Qarabağda atəşkəs dövründə keçib və döyüşdən keçmiş əsgər yoldaşlarımın söhbətləri əsasında müəyyən müşahidələrim var.

Romanda da mən gözümlə gürdüyüm həqiqətləri və qulağımla eşitdiyim söhbətləri gördüm.

Çox səmimi yazılıb roman. Səmimiliyin həddi oxucunun matını-mutunu qurudur - deyərdim. Rusca buna “obezorujivayuşi iskrennost” demək olar.

Film “azbudcəli müstəqil layihə” formatında işlənəcək.

Belə polemik mövzuda filmə pulu bir qayda olaraq dövlət strukturları yox, müstəqil fondlar və qərb maliyyə mənbələri verir.

Azərbaycanda müstəqil kinonun maliyyələşməsi mexanizmi yoxdur.

Ona görə şirkət filmlə bağlı Avropa kino fondlarına müraciət edəcək.

Nə işlə məşğul oldunsa, təbii ki peşəkar olmalısan. Prodüsser təcrübəmə çox arxayın ola bilmərəm, çünki o qədər də zəngin deyil, amma öz sevgimə və intuisiyama inanıram.

Romanı oxuyanda mənim intuisiyam mənə işıqlı perspektiv göstərdi.

Gizlətmirəm ki sırf maliyyə baxımından da həmçinin.

Bu, sabaha qoyulmuş “investisiyadır”.

Son dəfə çəkdiyimiz “Arxası qibləyə” filminin müəlifi ilə ekranlaşdırma haqda razılaşanda maliyyə məsələsini necə həll edəcəyimiz haqda təsəvvürümüz yox idi.

Sonra vəsait də tapdıq, filmi də cəkdik və film festivallarda da iştirak etdi.

Bu cəhətdən mənə addımlarımı kinoya olan sevgim diktə edir.

Bir də bədii həqiqəti bəyan etmək kimi həddən ziyadə zövqverici bir ritualda iştirak etmək istəyi.

Seymur Baycan
Bu cəhətdən romana və atdığımız addımın əhəmiyyətinə şübhəm yoxdu.

Beynəlxalq kino bazarına çıxış vacib məsələlərdən biridir.

Biz necə kinolar çəkməliyik ki, dünyanı, Avropanı maraqlandıra bilək? Hansı qəhrəmanlarımız bizi dünyaya geniş tanıda bilər?

Romanın qəhrəmanı bu cəhətdən əlverişlidir. O, zəif adamdır.

Roman zəif adamın müharibəyə böyük etirazıdır.

Zəiflikdə gücü axtarmaq, gücü görmək incəsənətin daimi mövzularındandır.

Mənə də belə personajlar maraqlıdır.

Azərbaycan ədəbiyyatı həmişə milli kinomuzun dadına yetişib.

”Dəli kür”, “Tütək səsi” və daha neçə-neçə nəsr əsərlərinin uğurla ekranlaşdırılmasını misal göstərə bilərik.

Bəlkə bu dəfə də Azərbaycan kinosunu dramaturji krizisdən məhz Azəbaycan ədəbiyyatı qurtaracaq - yeni həyat materialı, səmimiliyi və həqiqiliyi ilə.

Həmçinin oxu
Seymur Baycan. Əvvəl söz olub

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG