Keçid linkləri

2025, 15 Fevral, şənbə, Bakı vaxtı 10:18

Steinberg antikorrupsiyadan, demokratik islahatlardan danışacaq


Matthew Bryza
Matthew Bryza
Fevralın 24-də ABŞ Dövlət katibinin müavini James B. Steinberg Azərbaycana gəlir. O, bundan əvvəl Ermənistanda və Gürcüstanda olub.

ABŞ-ın Azərbaycandakı səfiri Matthew Bryza səfərlə bağlı bunları deyib:

«Dövlət katibinin müavini Azərbaycanda antikorrupsiya kampaniyası və demokratik islahatların liberallaşdırılması yönündə geniş müzakirələr aparacaq. O, həmçinin vətəndaş cəmiyyətinin aparıcı nümayəndələri ilə görüşəcək, onların Azərbaycanda iştirak etdiyi proseslərlə bağlı fikir mübadiləsi edəcək».

Səfir deyir ki, Steinberg Dağlıq Qarabağ münaqişəsinə dair də müzakirələr aparacaq:

«Hamıya məlumdur ki, bu bölgədə Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yoluyla müzakirə edilməsindən daha vacib məsələ yoxdur».

«SABİTLİK DEMOKRATİK İSLAHATLARA SÖYKƏNİR»

«ABŞ-dan Azərbaycana demokratiya çağırışları olacaqmı? Yaxın Şərqdə baş verənlərdən sonra Vaşinqton avtoritar liderlərlə bağlı siyasətində dəyişiklik edəcəkmi?».

AzadlıqRadiosunun bu sualını ABŞ-ın Azərbaycandakı səfiri Matthew Bryza belə cavablandırdı:

«Gözləyirəm ki, ABŞ Dövlət katibinin müavini Steinberq bizim Azərbaycanda demokratiya və bazar iqtisadiyyatı ilə bağlı islahatları dəstəkləyən siyasətimizdən danışacaq. Biz ümidvarıq ki, bu yaxınlarda antikorrupsiya tədbirləri genişlənəcək və davam edəcək».

Sualın ikinci hissəsi ilə bağlı Matthew Bryza bunu söylədi:

«Mən bizim Yaxın Şərq siyasətimizlə bağlı şərh verməyəcəm. Mənim buna səlahiyyətim çatmır. Amma ABŞ hökumətinin inamını dilə gətirərək demək istəyirəm ki, sabitlik demokratik islahatlar nəticəsində meydana çıxır. Təkamül vasitəsilə baş verən dəyişikliklər də demokratik islahatlara söykənir».
XS
SM
MD
LG