Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:52

Öldürülən əsgərlər, mülk qalmaqalı və...


Mətbuat icmalı
Mətbuat icmalı
İNTİHAR EDƏN ƏSGƏRİN LƏYAQƏTİ ALÇALDILIB?

«Hərbi hissədəki qətliamın şok təfərrüatı. Qanlı olayı törədən əsgərin ləyaqəti alçaldılıb».

«Azadlıq» qəzeti Göygöl rayonunun Toğana kəndində yerləşən «N» saylı hərbi hissədə baş verən qətliamla bağlı yeni məlumatlar əldə etdiyini yazır:

«Dünən əldə etdiyimiz məlumatlara görə, bir neçə gün əvvəl hadisəni törədən əsgər yoldaşları tərəfindən işgəncələrə məruz qalıb. Həmçinin, yoldaşları onun ləyaqətini alçaldan davranışlara yol veriblər. Buna dözməyən əsgər də qisas almaq qərarına gəlib və bu qanlı olayı törədib. Məlumatlara görə, Müdafiə Nazirliyi olayı ört-basdır etmək üçün dövriyyəyə qətliamın erməni kəşfiyyatı tərəfindən törədildiyi barədə məlumatlar buraxır. Lakin hərbi hissənin zabitləri və əsgərləri əməkdaşımızla söhbətində bildirib ki, bütün bunlar yalandır: «Bu hadisəni öz əsgərimiz törədib. Ona qarşı qeyri-insani hərəkətlərə yol veriblər, ləyaqətini alçaldıblar, o da bunun əvəzində silaha əl atıb».

ÖLDÜRÜLƏN ƏSGƏRLƏRİN YAS YERİNDƏ DANIŞIRDILAR Kİ...

«Yeni Müsavat» qəzeti isə öldürülən əsgərlərin ailələrinə baş çəkib. Qəzet faciə ilə bağlı müxtəlif versiyaların olduğunu, rəsmilərinsə susduğunu yazır:

«Əsgər atası deyir ki, mərhumun dəfn mərasiminə Yasamal rayon İcra Hakimiyyətinin başçısı və icra nümayəndələri qatılıblar. Z.Quliyevin atası bildirdi ki, dəfələrlə oğlunun xidmət etdiyi hərbi hissəyə gedib: «Orada çox olmuşam və bilirəm ki, 8 əsgər çox mehriban idilər. Ancaq nə baş verdiyini bilmirəm, bizə rəsmi və ya qeyri-rəsmi bir söz deyilməyib...».

Yas mərasimində iştirak edən əsgərlik yoldaşları və zabitlər adlarının çəkilməməsi şərti ilə bizimlə söhbət etməyə razılıq verdilər. Onlar deyir ki, həlak olan 8 əsgər «Yol evi» adlanan tağımda qulluq edib: «Həmin post ön cəbhədən uzaqdadır. Bu hadisənin ermənilər tərəfindən törədilməsini deyənlər də var. Amma bu, inandırıcı görünmür...Hərbiçilərin dediklərinə görə: «8 əsgərdən 7-si öldürülüb, biri sağdır. Sağ qalan balacaboy, cılız uşaqdır. Hətta, o yaralanmayıb da. Hazırda hərbi xidmətdədir. Nə baş veribsə, bunu həmin sağ qalan əsgər daha yaxşı bilir. Ola bilməz ki, həmin saatda onların hamısı yatmış olsun».

BAKININ MƏRKƏZİNDƏ YENİ MÜLK QALMAQALI

«Bizim Yol» qəzeti paytaxtda daha bir sahibkarın hüququnun pozulmasından xəbər verir. Sahibkar deyir ki, «Nizami» metrosunun yaxınlığındakı iaşə obyektinin yerində yaşayış binası tikmək məqsədilə ərazini dəyərini ödəmədən «ələ almağa cəhd edirlər»:

«Milli təhlükəsizlik nazirinin müavini general Əli Nağıyevin və Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəisi Bəylər Əyyubovun adından istifadə edən şəxslərin hərəkətləri mənim hüququmu pozur... Zərərçəkən deyir ki, iaşə obyektinin qanunla alınmış torpaq şəhadətnaməsi və mülk kağızı var. 2010-cu ildə «Eyfel» MMC-nin təsiri altında məhkəmə yeni qərar çıxardıb. Guya torpaq özəlləşməyib».

ƏLİ ƏHMƏDOV: CƏMİYYƏTİN İCTİMAİ PALATADAN XƏBƏRİ YOXDUR

«Yeni Azərbaycan» qəzeti YAP-ın icra katibi, deputat Əli Əhmədovun parlament seçkiləri ilə bağlı açıqlamasını yerləşdirib:

«Parlament seçkiləri kifayət qədər demokratik, şəffaf, bərabər seçki yarışı mühitində reallaşdırılıb. Bu gün Azərbaycan parlamenti artıq fəaliyyət göstərir, Azərbaycan cəmiyyəti seçilmiş deputatları və keçirilmiş seçkilərin nəticələrini qəbul edir. Beləliklə də, istər siyasi baxımdan, istər qanunvericilik-hüquqi baxımdan seçkilərin legitimliyi özünün əksini tapır».

Ə. Əhmədov deyir ki, indi növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında hər hansı bir qurumun təklif səsləndirməsi ciddilikdən çox-çox uzaqdır:
«Azərbaycan cəmiyyəti belə bir problemlə üz-üzə dayanmayıb. Azərbaycanda demək olar ki, heç kim belə bir məsələnin mövcudluğunu və ona ehtiyac olduğunu düşünmür. Eyni sözləri, ölkənin Konstitusiyasında islahatların keçirilməsi haqda tələbə də şamil edirəm. İctimai Palatanın özünün legitimləşdirilməsi prosesi baş verməlidir».

«AKADEMİK CƏLAL ƏLİYEVİN MƏKTƏBİNİN YENİ UĞURLARI»

«Azərbaycan» qəzeti molekulyar biologiya və biotexnologiya mövzusunda keçirilən seminarda Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun çıxışına xüsusi yer ayırıb. Nazir bildirib ki, «Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin, o cümlədən molekulyar biologiyanın, molekulyar genetikanın, gen və hüceyrə biotexnologiyasının əsası keçən əsrin 70-ci illərində akademik Cəlal Əliyev tərəfindən qoyulub və əsaslı şəkildə inkişaf etdirilib...».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG