Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:32

Yeni MSK və 2013-cü il prezident seçkiləri


Fevralın 22-də Milli Məclis Mərkəzi Seçki Komissiyasının yeni tərkibini təsdiqləyib.
Beləliklə MSK-nın keçmiş sədri Məzahir Pənahov da daxil olmaqla 6 nəfər parlament çoxluğu olan YAP-ın, 6 nəfər bitərəflərin, 6-sı isə parlamentdə azlıqda olan BAXCP, Vətəndaş Həmrəyliyi, Ümid, Demokratik İslahatlar, Böyük Quruluş və Ana Vətən partiyalarının hərəsindən 1 nümayəndəsindən formalaşdırılıb.

Mövcud Seçki Məcəlləsinə görə, MSK 6 nəfər parlamentdə çoxluqda olan partiyanın, 6 nəfər azlıqda olan partiyaların, 6 nəfər isə bitərəf deputatların nümayəndələrindən formalaşdırılmalıdır.

«MSK ETİMAD MÜHİTİ YARATMIR»

Ümid partiyasının sədri, deputat İqbal Ağazadə isə hesab edir ki, MSK tərkibi bu cür formalaşdırılmamalıdır. Çünki bu şəkildə MSK etimad mühiti yaratmır. Onun fikrincə, əslində hakimiyyət bitərəf deyilən 6 nəfəri ora təyin etməklə növbəti mərhələ üçün MSK-da çoxluğu özündə saxlamış olur. Çünki bitərəflər hakimiyyətin yanında olanlardır.

«Biz təklif edirdik ki, əslində MSK təkcə parlamentdə təmsil olunan partiyalardan yox,
hətta majoritar qaydada olsa belə, seçkilərdə iştirak etmiş və müəyyən faiz səs toplamış bütün siyasi qüvvələr arasında bölünsün. Əgər «azlıq» termini «çoxluq» termininin qarşılığı kimi işlənirsə, burada söhbət ancaq iqtidar və müxalifətdən gedə bilər. Tutaq ki, hakimiyyət yönlü Sosial Rifah, Ana Vətən və digər partiyalar əslində hakimiyyətin siyasətinə qarşı çıxmayıb onu dəstəklədiklərinə görə, onların tərəf kimi MSK- da iştirakı yolverilməzdir. Bunun üçün qanunvericiliyi dəyişmək lazımdır. Qanunvericiliyi bəhanə gətirib hər dəfə etimad göstərilməyən bir şəkildə MSK-nı formalaşdırmağın özü yanlışdır».

İqbal Ağazadə deyir ki, əgər hökumət antikorrupsiya tədbirləri həyata keçirirsə, islahatlar adı ilə hansısa proseslərə başladığını göstərmək istəyirsə, ən böyük islahat cəmiyyətin böyük əksəriyyətinin, xüsusilə siyasi qüvvələrin narazılıq etdiyi MSK-dan başlanmalı idi.

«ƏHALİNİN 90 FAİZİ BİTƏRƏFLƏRDİR»

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə bu deyilənlərlə razılaşmır. O hesab edir ki, MSK tərkibinin formalaşdırılmasındakı bölgü ədalətlidir. Çünki dünyanın hər yerində ölkə əhalisinin cəmi 10 faizi siyasətlə məşğul olur. Qalan 90 faiz bitərəflərdir. Ona görə də MSK tərkibini formalaşdıranda bitərəflərə bərabər yer verilməsindən ədalətli bölgü ola bilməz. Digər partiyalara gəlincə, Siyavuş Novruzov hesab edir ki, onların təmsilçiləri də bu postda bitərəflik nümayiş etdirməlidilər.

«YAP da daxil olmaqla MSK üzvlərinin qarşıya qoyduğu məqsəd ondan ibarət olmalıdır ki, onlar öz addımlarını partiyalarının nizamnaməsinə, proqramına uyğun deyil, qanunvericiliyin tələblərinə uyğun atsınlar. Onda indiyədək keçirilən tam ədalətli, demokratik və şəffaf seçkilərin davam etdirilməsinə nail olacaqlar».

Azərbaycan müxalifəti neçə illərdir ki, MSK tərkibinin əslində 6 iqtidar, 6 müxalifət təmsilçilərindən formalaşdırılmasını təklif edir. Digər 6 yerin sahiblərinə-yəni bitərəflərə gəlincə, müxalifət partiyaları hesab edir ki, onların hamısı birbaşa hakimiyyətə yaxın adamlar olurlar. Bu da komissiyanın tərkibində bölgünü kəskin şəkildə fərqləndirir. Ona görə də müxalifət təklif edir ki, bitərəflər üçün nəzərdə tutulan 6 yerə 3 nümayəndə iqtidar, 3 nümayəndə isə müxalifət tərəfdən təklif edilsin. İqtidar isə bunu bitərəflərə qarşı ədalətsizlik hesab edir razılaşmır.

Siyavuş Novruzov isə deyir ki, əslində MSK üzvlərinin hamısı bu quruma seçildikdən sonra bitərəf olmalıdılar.

MSK-NIN GÖZLƏNƏN TƏRKİBİ

Bəs olmaq istəyəcəklərmi? Yaxud belə bir istək olsa, bunu gerçəkləşdirmək mümkündürmü?

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzindən Bəşir Süleymanlının fikrincə bu mümkün deyil. Çünki indiyəqədərki müşahidələr əslində MSK-dakı bitərəflərin özlərinin də fəaliyyətlərində bitərəflik nümayiş etdirmədiklərini deməyə əsas verir.

«MSK –da çoxları bitərəflərlə hakim partiyanın təmsilçilərini fərqləndirə bilmir. Çünki bitərəflər daha çox hakimiyyətin nəzarətində olan insanlardır və onlar seçki komissiyalarında təmsil olunurlar».

Bəşir Süleymanlı deyir ki, əslində MSK –nın tərkibinin belə olacağı əvvəlcədən gözlənilən idi. Çünki Seçki Məcəlləsi də bunu deyir. Amma o hesab edir ki, MSK-da yerlər iqtidar və ənənəvi müxalifət partiyaları arasında bölünməlidir. Söhbət o müxalifətdən gedir ki, hətta saxtalaşdırmalara rəğmən ötən parlament seçkilərində xeyli səs toplamışdılar. Onların indi parlamentdə azlıq sayılan partiyalardan daha çox səs topladıqları halda yeni MSK-da təmsil olunmamaları düzgün deyil. Belə çıxır ki, 2013-cü ilin prezident seçkilərində iştirak edəcək əsas siyasi qüvvələr MSK-da təmsil olunmayacaq.

MSK-nın sədri, sədr müavini, katibi qurumun ilk iclasında seçiləcək. MSK üzvü Fuad Cavadov AzadlıqRadiosuna deyib ki, ilk iclasın nə vaxt keçiriləcəyi barədə onda məlumat yoxdur.
XS
SM
MD
LG