“İnsanların səadət qədər, fəlakətə də ehtiyacı var”
F.M.Dostoyevski
Müasir texnoloji dizaynın caynağında itib-batan qoca Qız Qalası.
Bu yaşlı abidə sevgilərini Xəzərin göy dalğalarına bağırmaq istəyən gənc aşiqlərin etiraf hücrəsi, bəlkə də,məhəbbət ibadətgahı idi.
Camal ilə Fəridə dörd il öncə elə bu məhəbbət ibadətgahının içəri pilləkənlərində rastlaşıb tanış olmuşdular.
Aradan keçən illər ərzində bir çox məhdudiyyətlərə baxmayaraq onlar öz məhəbbətlərini qoruya bilmişdilər
Camal əslən Gəncədən idi. Hərbi akademiyanı yenicə bitirmişdi.
Montində gürcü arvadın evində kirayə qalırdı.
O,həm də idman klubunda taekvando idman növündən uşaqlara dərs keçirdi.
Özü də məktəbli ikən iki dəfə Respublika çempionu olmuşdu.
Ancaq dizindəki çat səbəbindən yarışlara qatıla bilmir,gücünü bu idman növünü gələcək nəsillərə ötürməyə sərf edirdi.
Bundan başqa o qələm dünyasında yenicə tanınmağa başlamışdı: iki şeir kitabı və bir hekayələr toplusu nəşr olunmuşdu.Azərbaycan Yazıçılar Birliyinə üzv olmağa hazırlaşırdı.
Amma...
Fəridə isə Bakı Slavyan Universitetinin Regionşünaslıq fakültəsində,dördüncü kursda oxuyurdu.
Orta məktəb kimi ali məktəbi də əla qiymətlərlə bitirmək üzrə idi.
Əgər səhhətində problem olmasaydı magistraturaya da sənəd verəcəkdi.
Qış təzəcə girmişdi.
Hələ ilk günlərdə öz sərtliyini göstərməyə başlamışdı.
Gündüz çağında həddindən artıq şaxta olurdu.Adam lap qış yuxusuna getmək istəyirdi.
Amma Camal ilə Fəridə ən isti məhəbbət qucağında uyuyurdular.
İlk tanışlıqlarından dörd il keçmişdi və tarixin deja vusu onları yenidən qoca Qız Qalasına qonaq gətirmişdi.
Camal sol əlini arxadan apararaq Fəridənin çiyninə qoymuşdu.
Fəridə də başını onun sinəsinə söykəyib dənizin səthində qanad çırpan qağayılara tamaşa edirdi.
Aşağıda işə tələsən adamlar kiçik qarışqaları,"Sahil" metrosuna tərəf irəliləyən maşınlar isə kibrit qutusunu xatırladırdı.
Azneft meydanında üç rəngli bayraq səmada şaqqıltı ilə dalğalanırdı.
Arada gəmilərin sinirpozucu siqnalı qağayıları ürküdüb havaya qaldırırdı.
Camal ilə Fəridə sanki yupiterdə idilər.Bu an kainatda onlardan başqa heç kim yox idi.
Fəza tamamilə boşluq pərdəsinə bürünmüşdü."İlahi,Fəridə necə də gözəl qızdır" - Camal bunu daim düşünürdü.
Şeirlərinin çoxusunu da gözünün nuru sevgilisinə həsr etmişdi.
Fəridə qadının da qibtə edəcəyi qədər gözəl qız idi.
Tünd şabalıdı ipək saçları,min bir məna gizlənən qonur gözləri,körpə dərisi kimi şəffaf yanağı onun sadə üz cizgilərinə cəzbedici xüsusiyyət qatırdı.
Ətli şişkin dodaqları açıq çəhrayı pamada ilə boyalanarkən daha canalıcı olurdu. Səsi də adama xüsusi xoş təəssürat bağışlayırdı.
Bu dörd il ərzində onlar həyatın hər iki üzünə yaxşı bələd olmuşdular.Yalan və Həqiqət. Sədaqət və Xəyanət.
Onlar ən çətin vəziyyətlərdə bir-birinə arxa,dəstək olan əsl ər-arvad kimi sədaqətli idilər. İndi isə...
İndi isə Camal gedirdi.Fəridə üzünə tökülən saçlarını kürəyinə atıb Camala tərəf döndü:
- Orada çox qalacaqsan?Axı mən sənin üçün darıxacam.
- Bir ay yarım gözləyə bilməyəcəksən məni?
- Bir ay yarım?Mən səni ömrümün yarısı getsə də gözləyəcəm!Ömrümün yarısı!
Camal qayğıkeş tərzdə onu qucaqlayıb saçlarını tumarladı:
- Hər şey yaxşı olacaq,gözümün nuru.Hər şey yaxşı olacaq!
O,həmişə Fəridəyə "gözümün nuru"deyə müraciət edirdi.
Bu səmimiyyətdən doğan söz dörd illik sevginin kiçik nişanəsi idi.
Camal Fəridənin sıxıldığını görüb mövzunu dəyişdi:
- Dünən Sevinc xanımla danışdım.Möhkəm-möhkəm tapşırdı kı,çox duzlu yemək yeməyəsən. Sağlamlığının qeydinə qal,balaca xanım. Sənin saçının telinə bir şey olsa özümü təyyarədən ataram-deyib güldü.Fəridə də qaşlarını qaldıraraq gülümsədi:
- Oldu,müəllim. Sözünüzdən çıxmaram!Sevinc xanım çox mədəni, qayğıkeş həkimdir. Çox təmiz ürəkli qadındır.
-Sevinc xanım? Təmiz ürəkli?
- Hə,onu deyirəm.Nə olub ki?
- Heç bir şey-Camal fikirli halda başını sağa-sola hərlətdi.Onun çöhrəsində nədənsə qəmgin və narahat görüntü var idi.Bunun səbəbi müvəqqəti ayrılıq idimi,yoxsa...?
Camal Rusiyaya gedişinin səbəbini hələ bayaq Elmlərdən Baksovetə tərəf gələndə,yolda danışmışdı.
Taekvando üzrə MDB dövlətləri arasında beynəlxalq turnir keçiriləcəkdi.
O da Azərbaycanı təmsil etmək üçün öz tələbələrini turnirin keçiriləcəyi şəhərə,yəni Moskvaya aparmalı idi.
Dediyinə görə,təlim-məşq toplantılarına sərf olunan vaxtı da nəzərə alanda ay yarım sonra Bakıya qayıdacaqdı...Qayıdacaqdımı?
Fəridə daim nədənsə qorxurdu.Son vaxtlar oradan o qədər tabut gəlirdi ki...Meyit qoxuyan tabutlar...
Həmin gecə Fəridə səhərə kimi yatağında sağa-sola ağrı içində qıvrıldı.Artıq dördüncü gecə idi ki,dəhşətli bir sancı onun içini didib doğrayırdı.
Qoca nənəsi Firuzə xala hər dəfə onun çarpayısının yanında oturub qəmli-qəmli başını yelləyirdi.
Əlindən başqa heç nə gəlmirdi bu ağbirçək nənənin.
Nə gözlərindən qırışmış yanağına süzülən damcılar,nə də namaz üstündə etdiyi dualar gözəl nəvəsinin dərdinə dəva qılmırdı.
Deyəsən,Allah da üz döndərmişdi Firuzə nənədən. Hava isə çox sərt keçirdi.
Dekabrın ülgüc şaxtası,küləyi elə hey Yasamalın künc-bucağında yerləşən bu balaca daxmanı qamçılayırdı.
Döşəməsi betondan olan otaqda közərən azhəcimli qaz piltəsində də yetərincə qaz qalmamışdı.
Firuzə nənə qaz piltəsini gətirib yatağın yanına qoydu ki,nəvəsi bir azca qızınsın.
Amma fələyin çarxı döndə çox amansız olur - budur qaz piltəsi astaca pıqqıldayıb söndü...
Dekabr küləyinin qamçıları pəncərənin aralarından içəri doluşmağa davam edirdi.
Fəridə hələ də ah-nalə çəkə-çəkə yatağının içində yaralı ceyran balası kimi qıvrılırdı.
Ay Allah,bu necə dözülməz ağrıdır axı!O,şişkin dodaqlarının gəmirərək ufuldayırdı:
- Ana,öldüm ağrıdan.Kömək elə yalvarıram.
Anası Mehbarə isə başını yorğanın altından çıxarıb:
- Birdən o əclafdan hamilə qalarsan haaa.And olsun atanın goruna səni qarnındakı küçüklə birgə cəhənnəmlik edərəm.
Heç yeri deyildi! Keçi can hayında qəssab isə əxlaqını və mərhəmətini çoxdan itirmişdi!
Soyuq tər Fəridənin alnından boğazına kimi axırdı. Ağrıdan az qala ağlını itirəcəkdi:
- Nənə,qurban olum kömək elə. Ölürəm...ölürəm...
Ancaq Firuzə nənə sehrbaz deyildi ki,balasının içini parçalayan bu müdhiş sancını bircə illuziya ilə yox edə bilsin.
Ayağa qalxıb onun belini ovmaq istədi.Elə bu an Fəridə elə bir çığırtı vurdu ki, Firuzə nənənin qorxudan bağrı çartlayacaqdı:
- Əl vurma,nənə.Əl vurma, göynədir.
Ağbirçək qarı dünyagörmüş insan olsa da bu zəhrimar sancını hansı dərmanla,türkə-çarə ilə sağaldacağını bilmirdi.
Fəridə hələ ikinci kursda oxuyarkən böyrək əməliyyatı keçirmişdi.
Çürüməkdə olan böyrəyinin birini onun içindən kəsib götürmüşdülər.
Həyatının gənclik çağında bircə böyrəklə yaşamağa məhkum olmuşdu bu mələk üzlü gözəl.
Bəlkə də,bu,həmin əməliyyatın ağrıları idi,onun canından hələ də çıxmamışdı.
Firuzə nənə bircə bu zülmət gecənin sabahını gözləyirdi.
Qonşudan 103ə zəng vuracaqdı.Səhər tezdən saat altı radələrində tərsinə "Ambulance" yazılan təcili yardım maşını Fəridəgilin məhəlləsinə daxil oldu.
Həkimlər onu xərəyə qoyub təcili yardım maşınının arxasına yerləşdirdilər.
Semaşkoya çatanda onun vəziyyəti xeyli gərginləşmişdi.
Hətta, tibb bacısı narahat halda qışqırdı:"biz onu itiririk".Xəstəxananın dəhlizində dayanan Firuzə nənə bunu eşidib fəryad qoparmağa başladı.
Anası Mehbarə də övlad şirinliyini,deyəsən,əzrailin nəfəsini duyanda anlamışdı.
Dəhlizdə onun da "Ay bala,başına dönüm,ay bala" kimi yalvarışları da eşidilirdi.
Fəridə palatalarda can verir, Camal isə Moskvada təpik atmaqla məşğul idi.Axı hardan bilərdi ki,onun kef çəkdiyi vaxtda gözünün nuru ölümlə pəncələşir!
Zevsin dünyadan xəbəri yox idi.Zevs krassvord həll edirdi! Cizgi filminə baxırdı!
Xəstəxanaya sakitlik çökdü.Fəridənin çığırtıları nisbətən səngimişdi.
Deyəsən,onun bədəninə iynə ilə sakitləşdirici dərman yeritmişdilər.
Həkimlər elə ilk müayinədən sonra onun böyrək transplantasiyasına ehtiyacı olduğunu bildirdilər.
Gəncliyinin parlaq günlərində Fəridə artıq ikinci dəfə cərrah bıçağının altına yatacaqdı.Amma hər şey kaş ki,bıçaq altına yatmaq qədər asan olaydı.
Adi saçın da pulla satıldığı bir zamanda donor böyrək almaq baha başa gəlirdi.
Oğlunun məzarına baş daşı düzəltdirməyə pulu olmayan Firuzə nənə hardan tapaydı on minlərlə dolları?
"Sehrli lampadan cin çıxacaq və Fəridədən üç arzu istəyəcək. Fəridə də hər üç istəkdə donor böyrək deyəcək.
Ya da Santa Klausun göydən atdığı hədiyyə qutusunun içindən donor böyrək çıxacaq.
"Əlbəttə, bunlar Fəridə üçün çox gülünc və uşaqcasına xəyallar idi.Camalın Rusiyada olması Fəridənin həyat mübarizəsini azaldırdı.
Axı bu qəddar dünyada ona Camaldan savayı dayaq olacaq ikinci bir şəxs yox idi!Bəlkə də,yox idi.
Hər halda o, belə düşünürdü.Ümid və inam ölmüşdü.Sehrli lampadakı cin də ölmüşdü.
Santa Klaus da ölmüşdü.
Amma Allah!Allahın mərhəmətli nəzərləri hələ ki, Fəridənin üstündə idi.
Həqiqətən də,bəzən həyatda möcüzələr baş verir.
"Təcili donor tapılmalıdır!"-cərrah həkimin bu əmri xəstəxananı bir-birinə qatdı. Bu məlumat tezliklə digər bölmələrə də bildirildi.
Firuzə nənə dəhlizdəki skamyada dinməzcə oturmuşdu.
Hərdən əllərini açıb nəzərlərini tavana dikirdi.
Böyük Allahın dərgahına dualar qılmaq indi ən ümidverici çıxış yolu idi.
Hələ hər şey bitməmişdi.İndi onun qəlbində kədər və ümid hakim idi. Kədər və ümid.
Təxminən 40 dəqiqədən sonra cərrahın şad xəbəri onun ürəyindəki ümid közünü alovlandırdı:
- Gözünüz aydın Mehbarə xanım,donor tapıldı.
Yəni,bu qədər tez?Firuzə nənə sevincindən qocalığını unudub dəcəl uşaqlar kimi atılıb-düşmək istəyirdi.
Mehbarə xanım dizlərini yerə ataraq alnını metlax döşəməyə qoyub dodaqaltı nə isə pıçıldamağa başladı.
Bədəninin titrədiyindən ağladığını hiss etmək olurdu. Balasının yaşam mübarizəsi onun kindən qubar olmuş ürəyinə mərhəmət suyu səpmişdi.
Az sonra uzun dəhlizin o başından ortaboylu,qarayanız bir oğlan fiquru göründü. Gəlib Firuzə nənənin dayandığı yerə çatanda "Ürəyinizi buz kimi saxlayın, Mehbarə xala.Yaxşı olacaq inşallah"deyib əməliyyat otağına tərəf yollandı.
Onun arxasınca gedən gənc həkim qız,həmin oğlanı göstərərək:
- Bax,bu oğlan qızınıza donorluq etməyə razılıq verdi.
Şübhəsiz ki,onlar bu oğlanı görən kimi tanıdırlar.O,Fəridənin doğma dayısı oğlu Fikrət idi.
(O Fikrət ki,Fəridə onun evlənmək təklifini düz dörd dəfə rədd etmişdi.) Fikrət heç düşünmədən əməliyyat masasına uzandı.
O, ən həlledici anda Fəridənin rəğbətini qazanmağa müvəffəq ola bildi.
Artıq Firuzə nənə də,Mehbarə xanım da, hətta Fəridə özü də bu cavan oğlana əsl xilaskar kimi baxırdılar.
Əməliyyatdan təxminən iki həftə keçmişdi.Fəridə mütəmadi olaraq həkim nəzarətindən keçmək şərtilə evə buraxılmışdı.Ancaq ağır əməliyyat keçirmiş xəstənin
Yasamaldakı köhnə daxmaya aparmaq onun sağlamlığına pis təsir edə bilərdi.Onu daha rahat və əlverişli şəraiti olan bir evə aparmaq lazım idi.
Belə ev hələ Fəridə xəstəxanada yatanda hazırlanmışdı: Fəridəyə donorluq edən dayısı oğlunun,yəni Fikrətin evi.Fikrət Fəridəni məktəb vaxtından sevirdi.
Hər il 8 Martda,doğum günündə ona müxtəlif bahalı hədiyyələr alıb göndərirdi.
Ancaq Fəridə elə qız deyildi ki,öz sevgisini on qramlıq qızıl bilərziyə satsın.Fəridə Camalı sevirdi.
Camala görə,hətta ailəsindən də vaz keçməyə hazır idi bu qızcığaz. Yalnız Camal üçün döyünürdü onun zərif qəlbi.
Həmişə olduğu kimi bu gün Firuzə nənə yenə də öz nəvəsinə baş çəkməyə gəlmişdi.
Amma bu gün Fəridəyə qeyri-adi bir hədiyyəsi var idi bu ağbirçək qarının.
Hal əhval tutandan sonra jaketinin cibindən bir zərf çıxarıb Fəridəyə uzatdı:
- Al bunu, bala.Paçtalyon dedi ki,rusyətdən gəlib.
Bu,Camalın getdiyindən bəri yazdığı ilk məktub idi.
Fəridə sevincək halda zərfin küncünü cırıb məktubu içindən götürdü.
Oxuyarkən onun gözləri işıldayır,dodaqları gülürdü.
Elə bil,bu məktub onun ürəyinə qüvvət,gözünə işıq gətirən xoşbəxtlik iksiri idi.
"Salam,gözümün nuru.Əhvalın necədir?Mənə görə narahat olma.Həyatım qaydasındadır. Ancaq məşq zamanı iki barmağım sınıb.
Ona görə məktubu kompüterdə yazdırdım.Müəyyən səbəblərə görə turnir on gün sonraya təxirə salınıb.
Ola bilsin ki, Bakıya gec gəlim.Bizim mobil operatorlar burada işləmir.Buranın nömrəsini alan kimi səninlə əlaqə saxlayacam.Sənin üçün yeni şeirlər də yazmışam.
Elektron poçt ünvanına göndərəcəm.Sənin üçün çox darıxıram.Həddindən artıq çox!Ətrini yenidən duymaq ümidi ilə yaşayıram.
İmza: Camal 14 yanvar 2009"
Məktubu oxuyarkən həyəcandan onun sinəsi sürətlə qalxıb enirdi.
Oxuyub qurtardıqdan sonra ürəyinin üstünə qoyub əli ilə sıxdı.
Gözlərindən bir neçə damla yaş gilələndi."Niyə ağlayırsan,qızım?Camala nəsə olub?"-Firuzə nənə soruşdu.Fəridə qəhərini gizlətməyə lüzum görmədi:
-Hə nənə, barmağı sınıb.Ona gələn ağrı mənə gəlsin, Allahım.
Firuzə nənə qayğılı halda başını yelləyib nəvəsinin fədakarlığına heyrətləndi.Fəridənin Camala cavab məktubu özünü çox gözlətmədi:
"Salam,Camal.Məktubunu aldım.Elə sevincliyəm ki,canım mənim.
Ancaq sənə görə narahatam.
Bir az öz vəziyyətindən yaz.Necəsən?Oralarda neynirsən?Özünü qoru orda.Səni çox sevirəm.Fəridə. 19 yanvar 2009."
Bu məktubdan 1 həftə keçdi.Ancaq hələ də cavab məktubu gəlməmişdi.
Heç zəng də gəlmirdi.Elektron poçt ünvanına şeirlər də göndərilmirdi.
Fəridə getdikcə daha da səbrsizlənirdi.
Ona görə də gözləməyin mənasız olduğunu görüb yenidən Camala məktub yazdı:
"Salam Camal.Sənə nə olub?
Mən səndən çox nigaranam.
Maraqlandım,mənə dedilər ki,bu ərəfələrdə Moskvada heç bir idman turniri-filanı keçirilməyəcək.
Yalvarıram,məni aldatma.Orada nə işlə məşğulsan?
Cavabını səbrsizliklə gözləyirəm.Səni canından çox sevən Fəridə.29 yanvar 2009"
Demək,idman turniri keçirilməsi yalan imiş.Artıq Fəridə nələrinsə yolunda getmədiyindən şübhələnməyə başlamışdı.
O,hər gün namaz qılanda Camalı qoruması Allaha yalvarıb dua edirdi."Ucu-bucağı görünməyən Rusiyada insanın başına nə desən gələ bilər.
Bəlkə,o mafiyaya qoşulub?Bəlkə,başına nəsə bədbəxt hadisə gəlib?
Bəlkə,onu şər atıb həbs ediblər?Bəlkə,o kiminləsə...? Aman Allah,yox Camal belə bir iş tutmaz!
Camal heç vaxt məni atmaz!Mənə heç vaxt xəyanət etməz!"Buna bənzər fikirlər Fəridəni rahat buraxmırdı.
Bu psixoloji sarsıntılar,ruh düşkünlüyü onun səhhətində də bəzi problemlər yaradırdı.
Son vaxtlar əməlli-başlı yemək də yemirdi.
Baxmayaraq ki, Fikrətin anası Nazilə xanım onun rahatlığı üçün dəridən-qabıqdan çıxırdı.Fikrət də onun bütün dərman ehtiyaclarını qarşılayırdı.
Həftədə iki dəfə şəhərdə,dənizkənarı parkda gəzintiyə çıxarırdı.Yeni paltarlar alırdı.
Ancaq Camaldan xəbərsiz qalmaq Fəridənin səbr kasasını daşırdırdı.
Firuzə nənə axır ki,gözü yolda qalan balasına bir daha sevinc bəxş etdi:Camaldan məktub var idi.
Ancaq bu məktubda yazılanlar ona sevinc bəxş edəcəkdimi?
Yoxsa,Camalın yalanlar zəncirinə daha bir halqa qoşulacaqdı?
"Salam Fəridə.Bu məktubu yazana qədər çox fikirləşib götür qoy etdim.
Qərara gəldim ki,sənə hər şeyi olduğu kimi çatdırım.
Sən çox yaxşı insansan,gözəl qızsan.Amma...Amma mən daha sənin həyatında olmayacam.
Onsuz da münasibətimiz lap əvvəldən səhv idi.Nə isə!Bura ticarətə gəlmişdim.
Qanunsuz silah ticarətində çoxlu pul olduğunu mənə demişdilər.Ancaq bir zibilin ucbatından ələ keçdim,məni həbs etdilər.
Əgər tutulmasaydım ikimiz üçün də həyat əla olacaqdı.Məni üç ildən beş ilə qədər həbs qərarı gözləyirdi.
İrina adlı bir vəkilin köməkliyi ilə bəraət qazandım.O,mənə çox kömək etdi.
Həm də "Xəzan kölgəsi" adlı romanımı rus dilində nəşr etdirib yayımladı.Bakının kitab bazarına gələn ay gələcək,istəsən alıb oxuyarsan.
Yəqin ki,sənə hər şey aydın oldu.Gələn həftə onunla toyumuz olacaq.Maksim adlı balaca sarışın oğlu da var.
Elə gözəl uşaqdır ki.Allah sənə də qismət etsin. Bağışla məni...Əlvida.
Camal 2009."
Yox,bu,yalandır!Ola bilməz!Dəhşətdən yarpaq kimi titrəyən Fəridə məktubu ağzına tutub yavaş-yavaş diz çökdü.
Hönkürtü ilə için-için ağlamağa başladı.
Bu hönkürtülər içində Firuzə nənənin əhəmiyyətsiz sualları eşidilirdi:-"Nə oldu,ay bala?Camala nəsə olub?
Niyə ağlayırsan?"Oğlanların həsəd apardığı nur üzlü Fəridə artıq lazımsız kağız parçası kimi atılmışdı.
Camal onu hansısa rus zibilçəsinə dəyişmişdi.Köhnə corab kimi!
Qışın,necə deyərlər,oğlan çağı idi.
Yanvarın əvvəlində hava mülayim ötüşsə də sonradan sərtləşmişdi.Fevral ayı girəndən havalar daha yağışlı-qarlı,şaxtalı-boranlı keçirdi.
Fevral küləyi qəddar və rəhmsizdir.Küçələrdə az-az nəzərə çarpan çuxurlarda yağış suyu göllənib buz bağlamışdı.
Birinci qarı həsrətlə gözləyən uşaqlar hələ payızın sonlarından əlcəklərini alıb hazır qoymuşdular ki,qar yağanda qartopu oynasınlar,qar adamı düzəltsinlər.
Amma təbiət hələ ki, məxluqatın pasını yağışla yuyurdu.Camal Bakıya çatanda gecə yarısından keçmişdi.
Saat 2-3 radələri olardı.Dəmir yolu vağzalının yanındakı taksilərdən birinə oturub birbaşa Yasamala sürdürdü.
Yolun kənarında taksidən düşüb yuxarı məhəllələrə tərəf irəlilədi.Az sonra yorğun ayaqları onu Fəridənin yaşadığı evə gətirdi.
O,sevgilisinə qovuşacağı anı gözləyirdi.Var qüvvəsi ilə onu bərk-bərk qucaqlamaq istəyirdi.
Ona yazdığı şeirləri gödəkcəsinin döş cibinə qoymuşdu.Ağır-ağır qolunu qaldırıb qapını bir neçə dəfə taqqıldatdı.
Sonra yerdən xırda daş götürüb qapını döyməyə başladı.Firuzə nənə qapını açıb onu gördükdə:
-Ay əclaf,nə üzlə bu qapıya gəlmisən? Cəhənnəm ol,əl çək balamdan-deyib qapını onun üzünə örtdü.Camal nə qədər and verdisə də Firuzə nənə qapını açmadı.
Əlacsız halda dar küçəli məhəllədən çıxdı.
Küçənin tinindəki marketə gəlib yaşlı satıcıdan soruşdu:-Axşamın xeyir,dayı.Mənə rəhmətlik Mehmandarın qızı Fəridənin ünvanı lazımdır.Bilirsən?
-Hə, bizim daimi müştərimiz idi.Keçən ay köçdü.Nə olub?
-Hara köçdü?
-Gəlin köçdü daa,qardaşoğlu.
-Nə? Ola bilməz axı.Fəridəni deyirəm haa...Bənna Mehmandarın qızı.
-Ay qardaşoğlu,bir sakitləş görüm.Bilirəm onu deyirsən.Mən Fəridəni öz qızım kimi çox istəyirdim. Çox mədəni,ağıllı-kamallı qız idi. Elə buna görə də dayısı oğlu onu göydə götürdü. Ötən ay bir toyları oldu ki,hələ də o şənlikdən danışırlar.
Camal işlərin qarışıq olduğunu anlayıb astaca dodağını dişlədi.
Hə,deyəsən,fələyin çarxı 180 dərəcə dönüb əks qütbə yönəlmişdi."Fəridə ərə gedib?Yox!
Bu səfeh qocanın uydurmasıdır."Camal Fəridənin sadiqliyinə öz qibləgahı kimi inanırdı.Ancaq bu dayıoğlu məsələsi onun fikirlərini tarimar etmişdi.
Satıcı kişi nə qədər gəvəzə olsa da boş-boşuna dayıoğlu məsələsini ortaya atmazdı.Od olmayan yerdən tüstü çıxmaz. Deməli,od var idi.
O,bir az düşündükdən sonra Fəridənin dayısı oğlunun evinə getməyə qərar verdi.Sağ əlini şalvarının cibinə salıb gəzdirdi.Əlinə 10 rubl keçdi.10 rubl?
İndi 10 rubla adamın başına şillə də vurmazlar,o ki qaldı taksiyə minmək mümkün olsun.Space tv-nin yanına piyada getməkdən başqa çarəsi yox idi.
Yorğun və ac olmasına baxmayaraq addımlarını sürətləndirib yola düşdü.Şaxtalı külək onun yanaqlarını it kimi yalayırdı.
Gicgahlarından qopan dəhşətli ağrı əhvalını daha da pisləşdirmişdi.
Yuxusuzluqdan gözlərı qıpqırmızı qızarıb qan çanağına dönmüşdü.Qaşlarının ortasında iki dərin qırış yaranmışdı.
Pilləkənlərlə yuxarı çıxıb qapını astaca taqqıldatdı.Qapını Fəridənin açacağını heç xəyalına da gətirmirdi.
Cəftə içəridən buruldu,qıfıl şaqqıldadı və Fəridə heyrətdən donub qalmışdı.
Camal hərəkətsiz halda qapının önündə dayanmışdı.Gözlərinin altı gömgöy idi.
Üzünü cod tüklər örtmüşdü.
Yağışda islanmış cücə kimi təpədən dırnağa qədər suyun içində idi.Bütün bədəni üşütmədən tir-tir əsirdi.
Fəridə xalatının yaxasını bağlaya-bağlaya qapı önündə dayanmış Camala:
-Ay Allah!Camal bu,sənsən?
-Hə,mənəm, gözümün nuru.
-Yalvarıram çıx get burdan.Ərim toydan iki saat olar gəlib. Ölənə kimi içib,sərxoşdu. Get,yalvarıram,get.
- Fəridə,mənə demişdin ki,ömrümün yarısı da getsə səni gözləyəcəm. Budur bax,yarım il də gözləmədin. Yarım il!Niyə belə elədin?Axı biz bir-birimizi...
Şaqqq...Bu qıfılın səsi idi. Qapı Camalın üzünə çırpıldı.
O,özü də olanlara görə çaş-baş qalmışdı. Yəni,cəmi 6 ay Bakını, Fəridəni,ən əsas da onun sevgisini bu qədər dəyişdirib?
Saat təxminən beş olardı.
Camal dənizkənarı parka çatanda yağış və külək şiddətini daha da artırmışdı.
Fevral küləyi güllə kimi vıyıldayırdı.
O,sahilə yaxın skamyalardan birinə oturub siqaret yandırdı.Arxaya yastlanıb başını yuxarı qaldırdı.
Şaxta onun beynini keyitmişdi.
Gicgahlarındakı dözülməz ağrını da hiss etmirdi.Sadəcə,bir az aclığı var idi.
Yuxusuzluqdan gözləri qapanırdı.
Aclıqdan,yuxusuzluqdan və soyuqdan dayanmadan əsnəyirdi.
Bel nahiyəsindəki küt sancı ona bir az əziyyət verirdi.
Siqareti çəkib qurtardıqdan sonra islanmış skamyada arxası üstə uzandı.
Qatardan düşəndə taksafonla evlərinə zəng edib gələcəyini anasına xəbər vermişdi.Səhərin açılmağını gözləyirdi.
Bulvar mühafizəsində işləyən Mahir adlı dostundan borc pul alıb Gəncəyə gedəcəkdi.İkinci siqareti yandırıb iki tüstü vurmuşdu ki,onu yuxu tutdu.
Közərən siqaret əlindən yerə düşüb tüstüləməyə başladı.
Az sonra yağış tüstünü kəsdi. Havanın temperaturu aşağı düşdüyündə yağış qarla əvəz olundu.
Və bu yağıntı səhərə kimi bu davam etdi.Bakı zülmət gecəni bəyaz sabahla açdı.Amma Camal...
-...Ey qalx ayağa,bura sənin üçün beş ulduzlu otel deyil.Mahir,sən canın bir buna bax gör necə yatıb! Elə bil altındakı yaş oturacaq yox, isti çarpayıdır. Ay qardaş, səninləyəm ayağa dur. Ehh,yəqin,dilənçidir. Ey, tavariş, al bu bir manatı get başqa yerdə yat.(Camal ona heç əhəmiyyət də vermirdi.) Mahir,qadan alım,gəl kömək elə bunu sürüyüb ataq yerə.
Mahir skamyanın baş tərəfinə keçib Camalın qollarından yapışdı.Tez də buraxdı.Camalın üzündəki,boğazındakı qarı təmizlədi.Başını aşağı əyib onun üzünə baxdı:
-Camal? Sən burda neynirsən?Camal,səninləyəm qardaşım.
Camal buz kimi soyuq idi.Üzünün dərisi kağız kimi ağappaq ağarmışdı.Dodaqları bənövşəyi rəng almışdı...və o,nəfəs almırdı.Camal artıq canını tapşırmışdı.
Fevralın sonuncu günləri.Qadınlar bayramına bir həftədən bir qədər çox vaxt qalmışdı.
8 Martda Camalın meyiti anasına qara hədiyyə oldu.
Dilarə xanım hədiyyə bağlaması deyil,oğul tabutunu qucaqlamışdı.
Düz 8 mart günü gecə saat 4də Camalın meyiti ekspertizadan çıxarılaraq evlərinə aparıldı.
Sözsüz ki, Camalın ölüm xəbəri ailəsinə onun meyitini bulvarda tapan Mahir həmin gün xəbər vermişdi.
Ancaq ekspert müayinəsi uzun çəkdi:Camalın ölüm səbəbi,təkcə şaxtalı hava şəraiti deyildi.
Burda nəsə başqa məsələ də var idi.Lakin ekspertizanın nəticələrinin mühüm bir qismi onun ailəsindən gizlədildi.
Mart səhəri yenicə açılmışdı.Məktəbə gedən uşaqlar əllərində bər-bəzəkli gül dəstələri tutmuşdular.Yəqin ki,müəllimlərinin "Qadınlar bayramı"nı təbrik etməyə gedirdilər.
Dilarə xanım da əlində gül dəstəsi tutub gedirdi.
Ancaq o,bu gül dəstəsini oğlunun isti məzarına düzmək üçün aparırdı.
Dəfn mərasimində mərhumun yaxınları,o cümlədən, Fəridə də iştirak edirdi.
Qara paltar geyinmiş insanların hər birinin üzündə qəmgin görüntü var idi.
Kişilərin qaşları çatılmışdı,qadınlar isə dayanmadan ağlayıb göz yaşı tökürdülər.Fəridəni əməliyyat edən həkim də dəfn mərasimində idi.
O,başını qara yaylıqla örtmüş,gözünə də zil qara eynək taxmışdı.
Dəfn mərasimi tamamlandıqdan sonra hamı bir qayda olaraq mərhumun evinə gəldi.
Dilarə xanım sinəsindəki oğul dağının yanğısı ilə hönkürtü vurub ağı deyirdi.
Bu ətürpədici ortamda Camalın bacısı Səmayənin də fəryadı eşidilirdi.
Fəridənin də kirpikləri bir-birinə pərçimlənmişdi.Dilarə xanım mücrüdən çıxardığı qızıl üzüyü Fəridəyə göstərib:
-Qızım,bu üzüyü Camalım göndərmişdi.Demişdi ki,anacan,mən Azərbaycana qayıdan kimi bunu gəlininin barmağına taxarsan.Yazıq balam,səninlə nişanlanmağa hazırlaşırdı.
Fəridəni dəhşət bürüdü.Təəccübdən ağlını itirəcəkdi.Çəhrayı yaylıqla gözünün yaşını silərək:
- Siz nə danışırsınız?Mənimlə nişanlanacaqdı?
- Ay qızım,onun gözü səndən başqaşını görmürdü ki.Arzusu ürəyində qaldı Camalımın.Bədbəxt balam.
-Xəbəriniz yoxdur? Dilarə xala, oğlunuzun Rusiyada ailəsi, uşağı var idi.
-Balamın cəsədi hələ qəbrində soyumayıb.Şər atma,günahdır qızım,günahdır.
-Deməli,sizi də aldadıb? Həbs olunmağından, vəkil qadınla ailə qurmağından sizə heç nə deməyib?Sizə deməyib,amma bunların hamısını məktubda mənə bircə-bircə yazmışdı.
Dilarə ana ağlamaqdan başqa heç nə edə bilmirdi.
Düz doqquz gün idi ki,gecə gündüz dayanmadan ağlayırdı. Səmayə gözaltı anasına baxdı,ayağa qalxıb yan otağa keçdi.
Sirtməli şkafdan bir yığın kağız gətirib stolun üstünə tökdü:
-Fəridə,götür bunları oxu.
Fəridə pıçıltı ilə məktubları bir-bir oxumağa başladı.Bu məktublar məhəbbət qoxuyurdu.
Camal həmin məktublarda Fəridəyə olan sevgisindən,onunla ailə qurmaq istəməsindən,gələcək planlarından yazmışdı.
Ancaq Fəridə üçün yenə də hər şey qarışıq və anlaşılmaz olaraq qalmışdı.Axı Camalın ona göndərdiyi məktublardan yazılanlar açıq-aşkar ayrılıqdan bəhs edilirdi.
Fəridə məktubları stolun üstünə atdı:
-Yox,inanmıram! O,sizi də aldadıb,məni də.
Səmayənin qardaş yanğısından külə dönmüş ürəyinə qəribə bir qəzəb gəldi. Hirslə ayağa qalxıb qara üzlü bloknotu Fəridəyə uzatdı:
-Qardaşımın Rusiyada olarkən sənə yazdığı şeirlərdir.Pencəyinin döş cibindən çıxıb.Al oxu.
Fəridə bloknotu asta-asta açdı və hər sətiri məhəbbət qoxuyan şeirləri oxumağa başladı. Hər şeirin son bəndində də Fəridənin adı var idi.
Səmayə onun yanağından süzülən göz yaşını görüb ağlaya-ağlaya soruşdu:
-Bunlar da yalandır?Yalandır?! Məktubda yazılanlar yalan ola bilər,amma şeirlər əsla! Şeirlər incə,saf duyğulardan yaranır, Fəridə.Şeirlərdə yazılan sözlər yalan ola bilməz. Heç vaxt!Şeirlər yalan danışmır!
Fəridə daşlaşmış heykəl kimi yerində donub qalmışdı.
O, titrəyən əlini məktubların arasında görünən fotoşəkilə tərəf apardı.
Şəkildə sol tərəfdə Camal,onun yanında balaca uşaq,sağda isə sarı saçlı qadın oturmuşdu.
Sarı saçlı qadın?!Fəridə sözün əsl mənasında şok vəziyyətində idi.
Taqətsiz halda başını sola çevirib cərrah qadının,yəni Könülün üzünə baxdı:
-Siz???
O,daha heç bir söz deyə bilmədi.Sabahdan bəri ağladığı üçün halsızlaşmışdı.
Bir neçə saniyə dinməzcə həkim qadının üzünə zilləndi.
Və huşunu itirib bayıldı.Yarım saat sonra ortalıq sakitləşmişdi.
Fəridə Könülün tibbi müdaxiləsindən sonra ayılıb özünə gəlmişdi.
Könül isə hər şeyi olduğu kimi danışacağını qərara almışdı. Stolun üstündəki stəkandan iki qurtum su içib sözə başladı:
- Mən ərimi iki il bundan qabaq itirdim.O,Bakıdakı evində dəm qazından boğularaq ölmüşdü. Adı Vova idi.Bircə oğlumla tək qaldım. Vova rəhmətə gedəndə oğlumun cəmi 2 yaşı var idi, hələ ki, ata dayı anlayışlarını ayırd edə bilmirdi. Onun 3 yaşını qeyd etdiyimiz gün ilk dəfə məndən soruşdu: "Ana,bəs atam hanı? Nastya xalanın oğlu məndən atamın adını soruşdu dünən"
Oğlum mənə həyatımın ən çətin,bəlkə də, cavabsız sualını verdi. Axı bir tikə uşağa necə deyə bilərdim ki, sənin atan ölüb! Ona görə də hər dəfə yalandan uydururdum ki, guya atası Azərbaycandadır. İşini bitirən kimi gələcək.Amma gün keçdikcə oğlumun sualları daha da artırdı: "Ana,mənim atam güclüdür?Onun bığı var?Axı o,nə vaxt gələcək?" Oğlumun fikrini başqa yerə yönəltmək üçün hər gün onu luna parka,teatrlara aparırdım. Cürbəcür oyuncaqlar,paltarlar alırdım. Amma xeyiri olmadı. Hansı uşaq atasını unudub oyuncağı ilə oynayar? Oğlum,hətta bir dəfə rəsm çəkib mənə göstərdi:"Ana,bax bu, sənsən,bu,mənəm,bu da atamdır. Bu şəkili saxlayacam,atam gələn kimi ona göstərəcəm. "Mən işimlə əlaqədar Bakıya gəldim. Ayda iki dəfə Azərbaycana gəlirdim...və bir gün qərara verdim ki, Rusiyaya qayıdan kimi oğluma atasının öldüyünü deyəcəm.Ancaq gözləmədiyim anda mənim üçün qapı açıldı. Həmin gün Camal mənim qəbuluma düşərək böyrək transplantasiyasi haqqında bir-iki sual verdi. Mən məsələnin nə yerdə olduğunu dərindən öyrəndim. Dedi ki,həyat yoldaşım - o səni özünün həyat yoldaşı olaraq təqdim etdi, Fəridə...hə,dedi ki, həyat yoldaşımın böyrək köçürülməsinə ehtiyacı var. Qısası,sənin keçirdiyin birinci əməliyyat haqqında mənə xeyli danışdı. Üç gündən sonra səni bizim xəstəxanaya, mənim yanıma gətirdi. Yadındadır, yəqin ki?
Fəridə razılıq əlaməti olaraq başını tərpətdi.
Deyəsən,məsələnin nə yerdə olduğu ona qismən bəlli olmuşdu. İçəridə hamı, Dilarə ana,Səmayə, Fəridə susmuşdu. Könül isə söhbətinə davam edirdi:
-Qan qrupunuzun bir-birinə uyğun olmasını qabaqcadan mənə bildirdi.Belə olan halda Camaldan başqa sənə donor tapmağa ehtiyac yox idi.
Mən səni pulsuz əməliyyat edəcəyimi öz boynuma götürdüm.
Ancaq bir şərtlə:Camal mənimlə Rusiyaya gedib oğluma qısa müddətlik də olsa atalıq etməli idi.
O,heç tərəddüd etmədən təklifimi qəbul etdi.
Cəmi 15 gün tikinti işində işlədi. İş zamanı diz qapağındakı çat zədələnmişdi.İki həftə yatağa düşdü.
Oğlum onu o qədər sevirdi ki,başından bir saniyə də ayrılmırdı.
Bilirsən Fəridə, sən bətnində başqasının körpəsini, içində isə Camalın böyrəyini daşıyırsan.
Hamı heyrətdən yerində mat-məətəl dayanmışdı. Fəridənin sulu gözləri bərələ qalmışdı.Qəhər onun ulğumunu sıxırdı. Titrək səslə soruşdu:
- Bəs mənə donor olan adam həyat yoldaşım Fikrət deyil?
- Yox,o deyil.Mən çox alçaq bir iş tutmuşam. Bu,hətta,cinayətdir.Cinayət.Əslində, Fikrət də donor oldu. Amma,mən onun böyrəyini iran vətəndaşına satdım. Oğlumun müalicəsinə pul lazım idi. Camal sənə donorluq etməsi barədə məktubların birində yazmışdı.
- Yazmamışdı.Mən həmin məktubları hələ də saxlayıram...
- O məktubları Camal yox, mən yazırdım. Camal rus dilini yaxşı bilmirdi. Ona görə də poçtalyon gələndə onunla məktub məsələsini mən həll edirdim. Səndən gələn məktubu oxuyub Camalın adından sənə cavab yazırdım. Camala isə sənin adından tamam ayrı bir məktub yazırdım. Yadındadır,məktubların birində yazmışdım: "Fəridə,barmağım sınıb,ona görə məktubu kompüterdə dostuma yazdırıram".Bilirdim ki,Camalın yazı xəttini tanıyarsan. Bu səbəbdən də çap üsulundan istifadə etməli oldum. Əgər sən Camalın məktublarını oxusaydın... Aman Allah, necə gözəl sözlər yazırdı. O, həmişə səndən danışardı. Sənin xoşladığın yeməklərdən, kitablardan,filmlərdən danışardı... Səni çox sevirdi.
Fəridə ağlamağına fasilə vermədən əlini qaldırıb cərrah qadının üzünə möhkəm bir şillə çəkdi:
-Əxlaqsız! Allah səni öldürsün! Türmələrdə çürüyəcəksən!
Könül öz hərəkətindən olduqca peşman idi.Başını aşağı dikib yaylıqla üzünü örtmüşdü.Dilarə ana isə nədənsə susmuşdu.
Yaşlı qadın çox gözəl bilirdi ki,ayağa qalxıb Könülün saçından sürümək onun Camalını geri qaytarmayacaq.
Səmayə də bunun fərqində idi.Fəridə əllərini sinəsində çarpazlayıb
Camalın Rusiyadan qayıtdığı həmin gecəni xatırlayırdı.Həmin yağışlı gecədə Fəridə onu öz qapısından iti qovan kimi qovmuşdu.
Şeirlər isə...Şeirlər bağırırdı.Camalın sevgisini bağırırdı.Onu ilıq məzarına qovuşmaq üçün bağırırdı.
Həqiqəti söyləyən,həqiqəti bağıran səsiz şeirlər.Sükut edən şeirlər.
Əbədiyyən susan şeirlər.BƏZƏN SUSMAQ DA ÇOX ŞEYİ ANLADA BİLƏR.
Bahar fəsli təbiətin qucağında yaşıl çevrilmə yaratmışdı.
Çılpaq ağaclardakı körpə yarpaqlar,kəpənək yürüşünə məruz qalan ətirli çiçəklər,ot-qanqal kolları bozumtul torpağa yaşıl işıq vermişdi.
Bakıdan Gəncəyə doğru sürətlə irəliləyən ağ Nissanın içində Fəridə və onun 4 yaşlı oğlu da var idi.
- Fikrət, bir az asta sür,uşaq qorxur - deyə Fəridə maşını idarə edən ərinə səsləndi.
Bir müddətdən sonra onlar Gəncəyə çatmışdılar.
Qəbristanlıq və Camalın məzarı. Fəridə başına qara yaylıq bağlayıb dəmir qapıdan içəri keçdi.Balaca oğlu da onun ardınca ayaqlarını əyri ata-ata yeriyirdi.
Fikrət isə asfaltda,maşının yanında dayanıb onları gözləyirdi.O,qəbirlərə tərəf gedən oğluna səsləndi:
-Camal,oğlum bura gəl.Anan qayıdacaq indi.
(Fəridənin təkidi ilə uşağın adını da Camal qoymuşdalar.) Uşaq xırda addımlarla hoppana-hoppana qaçıb
Nissanın ön oturacağında əyləşdi.Fəridə isə əlindəki gül dəstəsini Camalın mərmərlə örtülü məzarına qoydu.
Aşağı əyilib əlini baş daşında gəzdirdi.Astaca pıçıldadı:-"Səni əbədiyyətə kimi sevəcəm.
Yanımda bir başqası olsa da,ürəyimdə daim sən yaşayacaqsan. Rahat yat,mənim unudulmuş şair,rahat yat..."
Onun gözləri dolmuşdu.Parıldayan yaş kirpiyindən süzülüb məzarın soyuq səthinə damcılayırdı.
Fikrət Fəridəni tələsdirmək üçün maşının sıqnalını bir neçə dəfə işə saldı.
Camalın ölümündən üç il keçsə də Fəridə hər il olduğu kimi indi də onun məzarını ziyarətə gəlmişdi.
Fikrət də həyat yoldaşının bu istəyini heç vaxt geri çevirməmişdi.Bilirdi ki,Fəridə piyada da olsa məzarı ziyarətə gələcək.
Sizcə, Fikrət çox düşüncəli insan idi? Elə isə bir şeyi etiraf etməliyəm,bu mənim üçün çətin olsa da:Hər dəfə evdə söz-söhbət,dava-dalaş düşəndə Fikrət donorluq məsələsini Fəridənin üzünə vurub deyirdi:"Bilsəydim o vaxt böyrəyimi sənə verməzdi.
Ölüb gedərdin,sənin də canın dincələrdi mənim də".Fəridə böyrək köçürülməsi haqqında həqiqəti ərindən gizlətmişdi.
Bu addımı ilə də özünü minnətli həyata məhkum etmişdi.
O,Könülü xəstə oğluna bağışladı.
Düşündü ki, Könülün həbsxana kameralarda çürüməsi Camalı geri qaytarmayacaq,amma onun balaca, xəstə oğlunu məhv edəcək.
Buna isə Fəridənin zərif qəlbi biganə yanaşa bilməzdi.
Bayırda yaz incəlikləri yaşanarkən Dilarə ananı evində qara qış hökm sürürdü.
Stolun üstündə Camalın ən sevimli əşyası olan şahmat taxtası var idi.
Açıq bacadan içəri püskürən xəfif külək şah fiqurunu aşırtmışdı.
Səmayənin gözləri yol çəkirdimi,ya yıxılmış şah fiquruna zillənmişdimi onu deyə bilmərəm.
Amma Dilarə ana mərhum balasının bənövşəyi gödəkçəsini qucaqlayıb aram-aram köks ötürürdü.
Şahmat taxtasının səthində isə soyuq və sükut hakim idi...
Elə Camalın məzarının səthindəki kimi...