Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:48

«Mən qul olmaq istəmirəm!»


AzadlıqRadiosunun «Can Bakı» proqramına qonaq olan tanınmış kulturoloqlar yenicə açılmış «Mədəniyyət» kanalına dəyərli məsləhətlər verdilər: İqtidara xoş gəlmək yox, başqa yol seçin!

«Zəncirdən hər hansı halqanı dəyişməklə zəncir dəyişməyəcək!»

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının «Mədəniyyət» televiziya kanalı ölkə efirində nəyi dəyişəcək?» mövzusunda açdığı müzakirəyə qoşulan kulturoloq Rəhman Bədəlov söylədi.

KƏSKİN, SƏRT VERİLİŞLƏR OLMAYACAQ

Rəhman bəyin fikrincə, hamı başa düşür ki, o kanal ölkənin nə televiziya mənzərəsini, nə də cəmiyyəti dəyişəcək. Amma mən yenə də belə bir kanalın açılmasını alqışlayıram. Ola bilər ki, bu kanal lokal mənada, prinsipial, inqilabi mənada heç nəyi dəyişməyəcək. Bunu gözləmək sadəlövhlük olardı. Düzdür, yenə də kimsə «Cin mikrorayonda» filminə baxacaq, yeni filmlər görəcək, təzə adlar eşidəcək, yaddan çıxan insanlar haqqında verilişə baxacaq, amma kəskin, sərt verilişlər olmayacaq”.

ZEHNİYYƏT DƏYİŞMƏLİDİR!


Verilişin digər qonağı «Kultura.Az» saytının təsisçisi, yazıçı Əli Əkbər də ölkədə ixtisaslaşmış kanalların olmasını yaxşı hal hesab etdiyini bildirdi. «İdman kanalı» var. İndi «Mədəniyyət» kanalı açıldı. Könül istərdi ki, uşaq kanalı da olsun. Uşaqlar üçün cizgi filmləri, bədii filmlər göstərilsin. Maarifləndirici sənədli filmlər verilsin. Amma zehniyyət dəyişmədən ciddi uğurlara imza atmaq mümkün olmayacaq. Biz hələ “mədəniyyət nədir”- sualına cavab tapmalıyıq. Hələ çox ciddi işlər görülməlidir. AzTV-nin bizə illərdir mədəniyyət adı ilə sırıdığı şeyləri təkrar göstərməklə yeni kanal yaratmaq olmaz”.

MƏDƏNİYYƏTİ FOLKLOR KİMİ BAŞA DÜŞÜRÜK

Əli Əkbər kanalın açılışının Muğam Mərkəzində baş tutmasını da təsadüfi saymır. «Biz hələ də mədəniyyəti folklor kimi başa düşürük. Və əminəm ki, «bozbaş estetikası» bu kanalda da dominant olacaq. Yenə filarmoniyadan çəkdikləri konsertləri göstərəcəklər. Ola bilər ki, bu konsertlər AzTV-dəki kimi gecə heç kimin baxmadığı saatlarda olmasın. Amma mən də professorun dediklərinə qatılaraq söyləyirəm ki, bu kanalda dəyirmi masaların, debatların keçiriləcəyini, fərqli fikirli insanların ora dəvət olunacağını düşünmürəm və görmürəm. Məncə, indiyəcən bizi dissidentlyə sövq etdikləri xətt davam edəcək».

İQTİDARA XOŞ GƏLMƏK YOX, BAŞQA YOL SEÇİN
!

Aparıcının «Ölkə» büdcəsinin hesabına yeni TV-lərin yaranmasına necə baxırsınız» -sualını cavablayan Rəhman Bədəlovun fikrincə, şübhəsiz ki, büdcədən maliyyələşmə öz təsirini bildirəcək və rəhbərliyin əl-qolunu bağlayacaq. «Bu, gerçəklikdir. Ancaq imkanlar daxilində də nəyi isə dəyişmək mümkündür. Yəni bu məhdudiyyət çərçivəsində də xeyli iş görmək olar. Bu o zaman olacaq ki, kanalın rəhbərliyi iqtidara xoş olmaq yox, bir iş görmək meylində olsun».

“ÖLÜ İRS” ESTETİKASI?»

Rəhman bəy mədəni irsi muzey kimi kanala gətirməyin əleyhinə olduğunu dedi: «Bir ildən sonra tamaşaçı ona baxmayacaq. O yenə də şou-bizneslə bağlı verilişə qayıdacaq. Bu da qorxulu deyil. Əgər 90 faiz ona baxıb, 10 faiz buna baxsa da olar. Qorxulu budur ki, heç 10 faiz də olmasın. Yəni onlar fikir və problemlərlə bağlı məsələləri qabartmasalar, heç 5 faiz tamaşaçı da toplaya bilməyəcəklər».

RUS TV-LƏRİ DƏYİŞMƏYƏ NƏDƏN BAŞLADILAR?


90-cı illərdə Rusiya televiziyalarının dəyişməyə tədris proqramından başladıqlarını vurğulayan Rəhman Bədəlov ən istedadlı adamların imkansızlıq ucbatından bu proqramları seçdiklərini dedi. «Onlar öz istəklərini həyata keçirdilər. Düşünmürdülər ki, bizə kimsə qiymət verəcək, deputat edəcək. Bizdə də belə adamlar var. Standart yolla getmək istəməyən adamlar azdır, amma var».

KANAL RƏHBƏRLİYİ, SÖZÜM SİZƏDİR!

Rəhman Bədəlov indi çox şeyin «Mədəniyyət» kanalının rəhbərliyindən asılı olduğunu bir daha təkrarladı: «Üzümü rəhbərliyə tuturam. Yenə deyirəm, imkanlarınız məhduddur. O kiçik imkanlardan istifadə etməsəniz, bir ildən sonra iqtidarı yox, sizi günahlandıracağıq! Əgər sizə büdcədən pul ayrılırsa, ondan səmərəli istifadə edin. Çünki o iqtidarın yox, bizim pulumuzdur!».

BÜDCƏDƏN MALİYYƏLƏŞMƏNİN BBC TƏCRÜBƏSİ


Əli Əkbər büdcədən maliyyələşmənin BBC modelindən danışdı. «Çox uğurlu təcrübədir. Daha az uğurlu TRT nümunəsi var. Dediyim odur ki, dövlətdən maliyyələşməyə faciə kimi baxmıram. Xalq öz pullarının xeyirli işlərə sərfinə etiraz edəcək deyil ki? Təki pullar belə işlərə sərf olunsun, mənasız tikintilərə yox. Bizim xalq yaxşıya layiqdir. Təəssüf ki, bu zehniyyət ona yaxşını verməyə qadir deyil. Odur ki, kanaldan böyük gözləntilərim yoxdur. Fürsət düşdükcə baxmağa çalışacam. Düzünü deyim ki, indi heç bir Azərbaycan telekanalına baxmıram. Azərbaycanla bağlı xəbərləri də internetdən- AzadlıqRadiosundan alıram».

«HAKİMİYYƏT-XALQ DİALOQU MÖVCUDDURMU?»

«Bu TV necə olmalıdır?» məsələsi ölkə KİV-lərində müzakirəyə çıxarılmadı. Sizcə bu cəmiyyətin belə bir TV-yə ehtiyacı olmadığını göstərir, yoxsa başqa bir səbəbi var?-sualını cavablayan Əli Əkbərin fikrincə, hakimiyyətin belə bir ənənəsi yoxdur: «Onlar xalqla nəyi razılaşdırıb, nəyi müzakirəyə çıxarıblar ki, bunu da çıxarsınlar? 2003-cü ildən hakimiyyət-xalq dialoqu mövcud deyil. Sıfırdır».

MƏN QUL OLMAQ İSTƏMİRƏM!

Rəhman Bədəlov bayaq sadaladığı imkanlardan kanal rəhbərliyinin istifadə edəcəyinə şübhə ilə yanaşdığını da əlavə etdi. Aparıcının: «Niyə? Niyə bu fikirdəsiniz ki, onlar bunu etməyəcəklər» -sualına belə cavab verdi: « Çünki bizdə kimisə vəzifəyə qoyurlarsa, o təyin edən adamlara minnətdar olmalıdır. Əvvəlcədən deyirlər ki, səni qoymuşuq, amma bunlar olsun! Daha bu adam fikirləşmir ki, imkan daxilində, kobud desək, hətta onları aldadım. Axı, mənim peşə tələblərim var, vicdanım var! Mən qul olmaq istəmirəm! Üsyan etmək istəyirəm! Bayaq dediyim rus kanallarında üsyanı bəyan etmirdilər, amma o işi görürdülər. Bu işin səmərəsi də oldu. Bəzi ziyalılar gündüzlər efirə gedən o proqramlara baxmağa başladılar. Mən özüm də o verilişlərdən xeyli faydalanmışam».

MƏN ONLARI QICIQLANDIRIRAM...

Bütün bunların baş tutması üçün istək. iradə və inamın gərək olduğunu deyən professor yəqin ki, bu dediklərini kanal rəhbərliyinin eşidəcəyini də istisna etmədi: «Mən onları çaşdırıram, qıcıqlandırıram ki, sonra deməsinlər ki, imkanımız olmadı. Mən –Rəhman Bədəlov sizə deyirəm ki, imkanlarınız var! Mən real adamam, bu ölkədə, bu cəmiyyətdə yaşayıram. Qeyri-təvazökarlıq olsa da, deməliyəm ki, mən məhz belə hərəkət eləyirəm. Qolum bağlı olsa da, demək istədiklərimi deyirəm».

QUL OLMAQ İSTƏMƏYƏNLƏRİN DİQQƏTİNƏ!

Bütün yazdıqlarımız 48 dəqiqəlik söhbətin heç yarısı da deyil. Odur ki, bu maraqlı müzakirəni hamınızın dinləmənizi istərdik. Verilişimizin ikinci yarısında nələri eşidəcəksiniz:

-Əli Əkbər İlham Əliyevin prezidentliyi dövründə hansı işləri qiymətləndirdiyini söylədi?
-Rəhman Bədəlov niyə «Arşın mal alan»ın 100 illiyi- bizim 100 illiyimizdir, bizi bu əsər yaradıb»- dedi? Bu yubileydə «Mədəniyyət» kanalının operettanın hansı xəttini açıb- göstərməsini arzuladı?
-Əli Əkbər müstəqil rus jurnalistlərindən nələr danışdı?
-Qonaqlarımız «Sizcə «Mədəniyyət» kanalının rəhbərliyi sizi öz proqramlarına dəvət edəcəkmi» -sualını necə cavabladılar? Bəs özləri kanalın çağırışına (əgər olsa) nə deyəcəklər?
-Və nəhayət, qonaqlarımız bu TV-də konkret hansı formatlı, hansı formalı proqramları görmək istərdilər və ya hansı halda məhz bu kanala baxardılar?
«Can Bakı» qarşınızdadır.
XS
SM
MD
LG