Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:54

Boş sərgi salonları...


Azərbaycanın əməkdar rəssamı Rasim Babayevin sərgisi 2 gündür açılıb. «ART-Group» sərgi salonun səs-küyü elə açılış günündəcə qaldı...

Bakıda gözəllik salonlarından fərqli olaraq, incəsənət salonlarında növbəyə dayanmaq, basabasa düşmək problemləri yaşanmır. Rəsm qalereyalarında hökm sürən qəbir sükutunu ancaq addımlarım pozurdu...

«ART-Group» sərgi salonunun əməkdaşı Kamilə Cəfərova deyir ki, iş günü boş salonda kompüterin arxasında keçir.

«Bura alıcılar gəlir...»

«Gələnlər istədiyimiz qədər deyil. Cavanlar daha çox maraq göstərir. Əsasən rəssamlar və incəsənətə meyli olan adamlar gəlir. Və bu dəfə Rasim Babayevin özünü, sənətini sevən adamlar gəlmişdi. Sıradan adamlar az idi. Bura o adamlar gəlirlər ki, konkret alıcılardır. Baxmağa gələnlər nadir hallarda olur».

Bakının əsas sərgi salonlarında keçirdiyim vaxt ərzində gözə dəyən tək-tük ziyarətçilər də salon işçilərinin yolu burdan düşən tanışları, sifariş edilmiş yeməyi ünvana çatdıran şəxslər idi.

Sənətşünas Əsmər Abdullayevaya da Rasim Babayevin sərgisində rast gəlirəm. Açılışa gəlmək imkanı olmadığı üçün 2 gün sonra seyrə gəlib.

«Nə qədər çox təbliğat olunsa, televiziya, radio, internet vasitəsilə, keçirilmiş sərgilər reklam cəhətdən inkişaf etsə, əla olardı. Çünki bizdə sırf incəsənətlə məşğul olan insanlar belə sərgilərə gəlir. Amma adi insanlar yenə də uzaqdır».

25 yaşlı rəssam Fərid Rəsulovun Bakıda 5-6 fərdi sərgisi təşkil olunub. «Kiçik qala» qalereyasında təşkil olunmuş son sərgisi 3 ay davam edib, hər gün 30-40-a yaxın ziyarətçi qeydə alınıb. Fərid Rəsulov bu göstəriciyə güclü reklam sayəsində nail olunduğunu deyir.

«İnsanlara hələ çatmayıb ki, incəsənət cəmiyyətə lazımdır...»

«Azərbaycanda ümumiyyətlə, mədəniyyətə, incəsənətə həvəsin olmamasından irəli gəlir. İnsanlara hələ çatmayıb ki, incəsənət cəmiyyətə lazımdır. Rəssamlara olan bir baxış var: «əşi, rəssamdır də». Sərgilərə birinci gün adətən dostlar, tanışlar gəlir, onlar da ancaq yeyib-içməyə. Eyni adamlar gəlir, deyib-gülürlər, 5 dəqiqəlik işlərə baxdılar, getdilər. Ümumi kütlə isə gəlmir».

Rəssam, kinorejissor Teymur Daimi düşünür ki, indi mədəniyyətin bütün sahələrində vəziyyət eyni dərəcədə aşağıdır. Onun fikrincə, sərgi salonlarına böyük bir axın gözləmək də düzgün deyil:

«İndi cəmiyyət seqmentlərdən ibarətdir, hər hansı təbəqələrdən ibarətdir. Ola bilər, elə belə də olmalıdır, az adam gəlməlidir, seçilmiş adamlar gəlməlidirlər teatra, kinoya, sərgi salonlarına... Sovet sistemində bir düşüncə vardı ki, hamı baxmalıdır. Yox. Seçilmiş adamlar gəlməlidirlər. Ola bilər ki, 5 faiz, 10 faiz».

Teymur Daimi deyir ki, nəinki Azərbaycanda, ümumiyyətlə dünyada sərgi salonları açan bəri başdan uğursuz biznesi gözə almalıdır:

«Kim açır bu salonları? O biznesmenlər ki, onun əsas biznesi var. Onlar tamamilə başqa bizneslə məşğuldurlar. Eyni zamanda, paralel olaraq bir salon açırlar. Kimdəsə möhkəm bir biznes varsa, o da hobbi kimi bir sərgi salonu açır. O da özü üçün. Amma onu gəlir əldə etmək məqsədilə açmaq düzgün deyil».

Azərbaycanda incəsənət tədbirlərinin elanlarını çoxları sosial şəbəkələrdən alır. Məsələn, «Facebook»-da «Arts-on» adlı qrupun 987 üzvü var. Qrupun meneceri Fəridə Allahverdiyeva deyir ki, düzgün məlumatlandırma incəsənətə maraq göstərənlərin sayını artırır.
XS
SM
MD
LG