Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 12:18

Tərcümə əllaməçiliyi?


Ceyhun Musaoğlu

"525-ci qəzet"in "525 Kitab" seriyası fevralın 10-da XX əsr rus ədəbiyyatının möhtəşəm ismi Boris Leonidoviç Pasternakın şeirlərlərini "Misranın sahibi hisslər olanda" adıyla oxuculara təqdim edib.

Kitab bizə və 1890-cı il fefralın 10-da Moskvada doğulan Nobel mükafatçısının ruhuna hədiyyədi.

Deyirlər, hədiyyənin bahası-ucuzu, yaxşısı-pisi, böyüyü-kiçiyi olmur. Hədiyyəni müqayisə etməzlər - həm də belə deyirlər.

Oxuculardan üzr istəyib, bu qaydanı pozuram.

Pasternakın hədiyyə qutusunun içindəki şeirlərini yazıçı Anar və şair Səlim Babullaoğlu dilimizə çevirib. Bir neçə eyni şeir həm Anarın, həm də Səlimin tərcüməsində təqdim olunur.

İki "Qış gecəsi" şeirini oxuyuram. Bir-birindən yerlə göy qədər fərqlənməsə də, yerlə yerin altı qədər fərqlənir.

Düşünürəm, o "Qış gecəsi"mi, Pasternakındı, bu "Qış gecəsi"mi?..

"Zimnyaya noç" şeirini internetdə axtarış verib tapıram.


ЗИМНЯЯ НОЧЬ

Мело, мело по всей земле
Во все пределы.
Свеча горела на столе,
Свеча горела.

Как летом роем мошкара
Летит на пламя,
Слетались хлопья со двора
К оконной раме.

Метель лепила на стекле
Кружки и стрелы.
Свеча горела на столе,
Свеча горела.

На озаренный потолок
Ложились тени,
Скрещенья рук, скрещенья ног,
Судьбы скрещенья.

И падали два башмачка
Со стуком на пол.
И воск слезами с ночника
На платье капал.

И все терялось в снежной мгле
Седой и белой.
Свеча горела на столе,
Свеча горела.

Boris Pasternak
На свечку дуло из угла,
И жар соблазна
Вздымал, как ангел, два крыла
Крестообразно.

Мело весь месяц в феврале,
И то и дело
Свеча горела на столе,
Свеча горела.


Yazıçı Anarın tərcüməsi

Qış gecəsi

Bütün yer üzündə,
hər bir tərəfdə
külək sovururdu
qarı bu axşam
Masanın üstündə bir şam yanırdı,
yanırdı bir şam.

Yay vaxtı mığmığalar
alova üçan təkin
qarlar uçub gəlirdi
üstünə pəncərənin.

Çovğun şüşənin üstə
bəzək vururdu müdam,
amma bir şam yanırdı,
amma yanırdı bir şam.

Şölələnən tavanda
Kölgələr dolaşırdı.
Qollar çarpazlaşırdı,
qıçlar çarpazlaşırdı
tale çarpazlaşırdı.

Boris Paternak
Çəkmələr də düşürdü
taqqataq yerə.
Elə bu zaman
çıraqdan da mum idi
göz yaşı kimi
paltara daman.

Yox olurdu hər şey
bu ağ zülmətdə,
bu çal zülmətdə,
bu qarlı axşam.
Masanın üstündə bir şam yanırdı,
yanırdı bir şam.

Otağın küncündən
düz şama sarı
vururdu külək.
Ehtiras odu
xaç tək gərirdi
iki qanadın
sanki bir mələk.

Bütün fevral da
çovğunlu keçdi.
amma elə hey,
hər qarlı axşam,
masanın üstündə bir şam yanırdı,
yanırdı bir şam.


Şair Səlim Babullaoğlunun tərcüməsi

Lopa- lopa bütün dünya,
Künc- bucaq qardı.
Yanırdı bir şam masada,
Bir şam yanırdı.

Mığmığalar yay gələndə
Cuman tək oda,
Çırpılırdı çəngə-çəngə
Çöldən cama qar.

Ox - çevrə şəkli aynada
Çovğun yapırdı.
Yanırdı bir şam masada
Bir şam yanırdı.

Bəyaz tavanda kölgələr
Gəzirdi az-az.
Çarpazdı ayaqlar, əllər
Qədər də çarpaz.

Düşən zaman taqqıltıyla
Başmaqlar yerə
Gözyaşı mum damlayırdı
Şamdan ətəyə.

Ağdı qarlı qaranlıqda,
Hər şey dümağdı.
Yanırdı bir şam masada,
Bir şam yanırdı.

Şamı küncdən yel çəkirdi,
Həvəs "yaz!" deyə
Xaçqanadlı mələkə kimi-
Çəkirdi göyə.

Fevral boyu dayanmadan
Yağdı ki, yağdı.
Yanırdı bir şam masada,
bir şam yanırdı.

"Qış gecəsi"nin orijinalını və tərcümələrini oxuyub üzümü "Xəzər" jurnalının redaktoru şair-publisist Tofiq Abdinə tuturam. Ondan soruşuram: "Əgər rus dilini bilmirəmsə, öyrənməyim də mümkün deyilsə, Pasternakı necə oxuyum?

Abinin cavabı orijinalda:

Boris Pasternakın qəbri, Peredelkino
-Əsl tərcüməçi təkcə nəsr əsərinin məzmunu və sintaktik xüsusiyyətlərini verməklə kifayətlənməməli, onun daxili ritmini də oxuculara çatdırmaq üçün doğma dilin bütün imkanlarından istifadə etməlidir.

Anarın tərcüməsindəki "Qış gecəsi"ndə mətnə sadiqlik var. Rus dilindən tərcümədə bir sözün müxtəlif mənası var.

Tərcüməçı dili çox gözəl bilməlidir ki, şeirin ruhuna uyğun sözləri seçsin. Pasternakın "Qış gecəsi" şeirinin ilk misrasında Səlim Babullaoğlu "lopa-lopa qar" deyir, Anar isə "çovğun" kimi tərcümə edib.

O şeirə Anar Rzayev şeirin musiqisinə, ritminə və ahənginə uyğun olaraq yanaşıb. Bu tərcümə bizim klassik tərcümələrdi.

Dünya ədəbiyyatında belə bir fikir var ki, ümumiyyətlə şeir tərcümə olunmamalıdır. Necə olmalıdır əslində?

Şeir misrada necə varsa, o cür tərcümə edilməlidir. "Sevirəm" sözü ilə "istəyirəm" sözü arasında fərq böyükdür. "Sevirəm" sözünün altındakı məna, agrı, "mən səni istəyirəm" fikrindəki anlamla xeyli fərqlidi.

Əlbəttə, Səlim Babullaoğlunun da tərcüməsində haqq var. Amma tərcüməçi axşamı səhər, səhəri günorta edirsə, yaxud "çovğun" "lopa lopa qar" kimi tərcümə olunursa, bu şeirin, şeiri yazan müəllifin yox, tərcümə edən adamın şeirinə çevrilir.

Şeir tərcümə olunmamalıdır, ona görə deyirlər ki, bəzən elə şeir olur, onu dilə çevirmək mümkün deyil. Həmin şeiri necə var, elə də tərcümə etmək lazımdır.

Səlim Babullaoğlu kimi müəlliflərin də tərcümələri qəbul olunur, yazıçı Anarın da.

Amma oxucu hansını qəbul edəcək, artıq o onun ixtiyarına verilir.

Bu yerdə sual verməmək ağılsızlıq olardı. Ağılsızlıq eləmirəm:

- Bəs Pasternak bu tərcümənin hansını qəbul edərdi?

-Təbii ki, Anar Rzayevin tərcüməsini qəbul edərdi. On bir hecalıq şeiri, qoşmanı Azərbaycan dilinə sərbəst şeir kimi tərcümə etmək olmaz.

O tərcümə olmur, o şeiri anlatmaq olur.

Onda belə yazılsın: Səlim Babullaoğlu şeiri belə anladır, Anar tərcümə edir.

Nazim Hikmət ömrü boyu şeiri danışıq dilinə yaxınlaşdırmaq istəyirdi. Amma Səməd Vurğun tamamilə əksinə, dram əsərlərini şeirlə yazırdı.

Nazim Hikmət yazırdı:

Xoş gəldin qadınım mənim,
xoş gəldin.
ayağını basdın otağıma
qırx illik beton, çayır-çəmən indi
Güldün, güllər açıldı
pəncərəmin dəmirlərində.


Bu şeirdə qafiyə yoxdu, amma nə qədər musiqi var.

Son: Əgər misranın sahibi hisslərdisə, musiqi niyə eşidilməsin axı...

"Ədalət" qəzeti

(Səlim Babullaoğlunun C.Musaoğlunun yazısına cavabı tezliklə "Oxu zalı"nda)

Həmçinin oxu
Boris Pasternakın şeirləri Səlim Babullaoğlunun tərcüməsində
XS
SM
MD
LG