Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:41

Parlamentdə korrupsiya söhbəti


«Belə bir təəssürat yaranır ki, guya korrupsiyaya qarşı mübarizə sahəsində indiyədək heç bir iş görülmürdü, indi hansısa bir xüsusi mərhələdir. Azərbaycan iqtidarı islahatları məhz xalqın rifahı üçün həyata keçirir. Təbii ki, korrupsiyaya qarşı mübarizə bizim həyata keçirdiyimiz islahatların bir hissəsidir. Həmişə olub, davamlı da həyata keçirilir. İndiki mərhələdə bu məsələyə daha ciddi fikir verilməsinin yeganə səbəbi var. Bir müddət öncə cənab prezident Azərbaycanın inkişaf etmiş ölkələr siyahısına daxil olması yönündə işlərin həyata keçirilməsinə dair hakimiyyət orqanları qarşısında çox ciddi bir vəzifə qoyub. Budu məqsəd. Və korrupsiyaya qarşı mübarizənin yeni mərhələsi ancaq bununla bağlıdır».

Bunu parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov son günlər Azərbaycanda korrupsiya ilə bağlı aparılan mübarizənin səmimiliyinə inanmayanlara cavab olaraq deyir. Milli Məclisin fevralın 11-də keçirilən iclasında cari məsələlərə ayrılan vaxtda əksər deputatlar korrupsiyaya qarşı mübarizədən danışdılar.

İSLAHAT NİYƏ QEYRİ-SƏMİMİ OLMALIDIR Kİ?

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bu mübarizənin effektli olması üçün parlamentə bu işi sistemləşdirməyi təklif etdi.
Bitərəf deputat Fuad Muradovdan tutmuş, YAP təmsilçisi spiker Oqtay Əsədova qədər bəzi deputatlar inandırmağa çalışdılar ki, korrupsiyaya qarşı müşahidə olunan fəallaşma nə müvəqqətidir, nə də kənar amillərin təsirindən baş verir. Bu bir islahatdır və o dərinləşəcək.

Bəs niyə xüsusilə bitərəf və hakim partiyanın təmsilçiləri dönə-dönə bu islahatların görüntü xarakterli olmadığını deyirlər?

Səbəb bəllidir. Bəzi siyasi dairələrdə, eləcə də ictimai fikirdə bu məsələyə yanaşma heç də birmənalı deyil. Nazirliklərin, dövlət qurumlarının bir birinin ardınca iclaslar keçirib bəzi hallarda korrupsiyanmı etiraf etmələrini Yaxın Şərqdə baş verən hadisələrlə bağlayanlar, hakimiyyətin narahat olduğu üçün korrupsiya ilə mübarizə sahəsində görüntü yaratdığını düşünənlər də var.

«BUNUN NƏTİCƏSİ BİLİNƏCƏK»

Ümid partiyasının sədri İqbal Ağazadə hesab edir ki, atılan addımlar ciddi sonucu olmayacaq kampaniya xarakteri daşıyır və bunun səbəbi heç də islahatçılıq deyil:

«Bu görüntünü müxtəlif aspektlərdən izah etmək mümkündür. Yaxın Şərqdə baş verən hadisələr. Avropa ölkələrinin, bütövlükdə qərb dünyasının Azərbaycana münasibəti, eləcə də hakimiyyət daxilində ayrı-ayrı adamlarda artıq rüşvət və korrupsiyanın əndazədən çıxması qənaətinin yaranması buna səbəb ola bilər. Bunun dəqiq səbəbini bu gün demək bir qədər çətindir. Bu, proseslərə rəğmən nəticəsi bilinəcək bir hadisə olacaq».

İqbal Ağazadə Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Prezident Adminstrasiyasının üzv olduğu Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının bu istiqamətdə iş aparmasını mümkün hesab etmir. Deyir əhalinin böyük əksəriyyətinin şikayət etdiyi orqanların indi korrupsiyaya qarşı mübarizə aparmasını nə ictimaiyyət, nə beynəlxalq təşkilatlar, nə də sadə vətəndaşlar qəbul etməyəcək. Onun fikrincə, əgər hakimiyyət həqiqətən də korrupsiyaya qarşı mübarizə aparmaq və ictimaiyyəti müntəzəm məlumatlandırmaq istəsəydi bu komissiyaya cəmiyyətin müxtəlif təbəqələrini-QHT-ləri, siyasi təşkilatların nümayəndələrini cəlb edərdi.

KORRUPSİYAYA QARŞI PROQRAM BU İL BİTİR

Korrupsiyaya qarşı mübarizə komissiyasının üzvü, deputat Bəxtiyar Əliyevin isə məsələyə münasibəti fərqlidir. Onun sözlərinə görə ölkədə korrupsiya ilə mübarizə yeni bir şey deyil. Bu dövlət başçısının imzaladığı Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya –yəni 5 illik proqramlar əsasında həyata keçirilir. Sonuncu belə proqram 2007-2011-ci illəri əhatə edir. Bu il yekun ili olduğu üçün komissiya proqramdakı işlərin necə yerinə yetirildiyinə baxır.

«Təbii ki, proqramda qeyd olunan işlərin hamısı icra olunmalıdır. Çünki bunları icra etmədən, islahatları tam başa çatdırmadan ölkənin növbəti mərhələdə keyfiyyətli inkişafını təmin etmək çətindir. Dövlət bu işləri edir və bu istiqamətdə də daim davamlı addımlar atacaq. Yəni bu, deyək ki, hansısa icra orqanında müəyyən bir problem yaranıb onunla, yaxud hansısa kənar amillərlə bağlı deyil. Bu islahatları hansısa kənar amillərlə əlaqələndirənlər qeyri- səmimi adamlardır».

Bəxtiyar Əliyev komissiyanın tərkibi barədə deyilənlərlə də razılaşmır. Deyir Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının yanında işçi qruplar da var. Həmin qruplarda yerli və beynəlxalq ekspertlər, KİV və QHT-lərin nümayəndələri var. Bu komissiya şəffaf işləyir. Bununla belə o hesab edir ki, korrupsiyaya qarşı mübarizədə bütövlükdə cəmiyyət də ictimai nəzarəti həyata keçirməlidir.

KORRUPSİYA PİK NÖQTƏYƏ QALXANDA...


Siyasi ekspert Toğrul Cuvarlı isə hesab edir ki, baş verənlər müvəqqəti kampaniyaya oxşamır. Çünki dövlət qurumları bir- birinin ardınca bu prosesə qoşulur və bəzi etiraflar edirlər. Bu isə cəmiyyəti də prosesə cəlb edir. Bu, birinci maraqlı məqamdır.

İkinci odur ki, Dünya Bankı ilə Azərbaycanın korrupsiya ilə bağlı 4 illik proqramı var. O proqramı heç kim görməyib. Nə vaxt hakimiyyət həmin proqramdan real danışsa, bu mübarizə onda inandırıcı olacaq. Toğrul Cuvarlıya görə, bu kampaniya təkcə ərəb ölkələrinin təsirindən başlayana da oxşamır.

«Mən inanmıram ki, bu tək Misirin təsiridir. Fikrimcə, bu eyni fövqəldövlətlərin nəsə bir tapşırığına da oxşayır, ya da Azərbaycan nəsə vəd verib. Çünki artıq hamıya aydındır ki, Amerika bu gün artıq qaçan Hüsnü Mübarəkə, o boyda Misirə cürət edib tövsiyələr verirsə, Azərbaycana da 100 faiz vaxtaşırı tövsiyələr verir. İndi hansı səbəbə Azərbaycan bu dəfə bu tövsiyələri qəbul edir, onu araşdırmağa dəyər».

Toğrul Cuvarlı deyir ki, korrupsiyanın cəmiyyəti nə vəziyyətə gətirdiyini nümunəsini heç ərəb ölkələrində yox, Rusiyanın timsalında da görmək mümkündür. Korrupsiya bəlli bir nöqtəyə gəlib çatanda aydındır ki, iqtisadiyyatı içəridən dağıtmağa başlayır. Bax ölkədə korrupsiyanın həddi o nöqtəyə dirənəndə hər bir hakimiyyət istər- istəməz təşvişə düşür.
XS
SM
MD
LG