Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:15

Gədəbəyli qəssab rüşvətlə necə mübarizə aparır


"10 İL PULSUZ VERDİM BƏSDİR" - DEYİB

Gədəbəy bazarında ət satan sahibkar İkram Musayev korrupsiyaya qarşı mübarizə kampaniyasından ruhlanaraq bazar rəhbərliyinə pulsuz dəri verməkdən imtina edib.

Sahibkarın dediyinə görə, 10 il ərzində hər gün kəsdiyi iki qoyunun dərisini bazar rəhbərliyinə havayı verirmiş. Amma Ramiz Mediyevin çıxışını eşidəndən sonra dərini pulsuz verməkdən imtina edib: “Dedim Ramiz Mehdiyevin korrupsiyaya qarşı mübarizə çıxışı var, mən bundan sonra dərini pulsuz verməyəcəm. Əvəzində mənim stolumu yığışdırdılar. Bir kvadrat metr üçün hər ay 90 manat yer pulu və hər gün də kəsdiyim iki qoyunun dərisini məndən pulsuz alırdılar. Dərinin biri 3 manatdır. Bu da bir aya 180 manat edir. Amma heç vaxt mənə dəriyə görə pul vermirdilər”.

Hər ay 180 manatlıq dərinin ondan pulsuz alınmasını əsl korrupsiya sayan sahibkar mübarizəni belə aparmaq qərarına gəlib. Amma sahibkarın korrupsiyaya qarşı mübarizəsi onun bazardan çıxarılması ilə nəticələnib.

MÜBAHİSƏ POLİSƏ DƏ BƏLLİDİR

İkram Musayev yaranmış vəziyyətlə bağlı rayon polis idarəsinə müraciət edib. Deyir ki, hər gün polisə çağırılıb sual-cavab olunmaqdan artıq bezib.

Rayon Polis İdarəsi rəisinin müavini Bəhman Məmmədov isə bildirir ki, İkram Musayevin müraciətinin polisə heç bir aidiyyatı yoxdur.

Qaldıki sahibkarın hər gün polisə çağırılmasına rəis müavini deyir ki, sahibkarla yanaşı bazar rəhbərliyi də şikayətçidir. Həmin şikayətdə bazar rəhbərliyi İkram Musayevin qeyri-qanuni hərəkətlərə yol verdiyini qeyd edib.

Rəis müavinin deməsinə görə, hazırda bu şikayət əsasında polis idarəsinin təhqiqat şöbəsi araşdırma aparır: “Ola bilər ki, vətəndaşın hər gün çağirılıb dindirilməsi bu məsələ ilə bağlıdır. Bizim araşdırmalarımızdan aydın oldu ki, tərəflər əmək müqaviləsinin bağlanmasında razılığa gələ bilmirlər. Bu da polisin səlahiyyətinə aid məsələ deyil. Tərəflər özləri hansısa razılığa gəlməlidilər”.

2011-ci il yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev korrupsiyaya qarşı mübarizə ilə bağlı müşavirə keçirib bu sahədə mübarizənin gücləndirilməsinin vacibliyindən danışıb. Bundan sonra dövlət qurumları bir-birinin ardınca müşavirələr keçirərək özlərində korrupsiyanı pisləyir, buna görə kimlərinsə işdən çıxarıldığını bildirirlər.

Prezident İlham Əliyev də fevralın 9-da Qərb bölgəsinə səfəri zamanı yerli sakinlərlə görüşündə korrupsiyaya qarşı mübarizənin daha da gücləndiriləcəyini bildirib. Prezident vətəndaşlardan xahiş edib ki, bütün xoşəgəlməz hallar barədə prezident Administrasiyasına məlumat versinlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG