Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:18

Füzulinin böyük səhvi


QAN TURALI


Asif Ata Leyli və Məcnun haqqında yazırdı:

“Məcnun üçün Leyli hər şeydir. Leyli yoxdursa, dünya da yoxdur”.

Deyəcək bir söz yoxdur, çox dəqiq izahdır.

Lakin bu dəqiq izah doğrudurmu?

İntihar edənlər bu fəlsəfə ilə yaşadıqları üçün, “sən yoxsan, dünya da yoxdur” dedikləri üçün qıymazlarmı canlarına?

O yoxdursa, sənin sms-lərin cavabsızdırsa, onun üçün maraqsızsansa, bir ot, bir böcək səndən daha çox nəvaziş görürsə, o zaman daha neynirsən bu dünyanı?

Amma bir əl saxla!

Füzuli səhv etmiş ola bilməzdimi?

Aristotel qadınının 16 dişi olduğunu demirdimi?

Tolstoy Şekspirin heç nəyə yaramadığını yazmadımı?

Axundov Füzulinin şair olmadığını söyləmədimi?

Dahilər də səhv edirlər.

Bu səhvlərin nəyə görə buraxıldığını anlatmaq zaman alır.

Amma dövr dəyişdi, çox dəyişdi.

Bir sevgili böyük bir şeydir.

Fromm nə deyirdi bu haqda: Bir eşqdə kişi də, qadın da yenidən doğulur.

Bir yenidən doğulmadır eşq, indiyənə qədər görmədiyin bir həzzi dadmaqdır, bütün günü kimsə haqda düşünməkdir - gözəldir, möhtəşəmdir, amma hər şey deyil.

Bunu anlayana qədər bütün insanların üzü gülməyəcək.

Əlbəttə ki, bir sevgilin olacaq.

Əlbəttə ki, bir insanı hamıdan çox sevəcəksən.

Lakin onun yoxluğu ilə dünya yıxılmayacaq.

Onun yoxluğu sənin varlığını parçalamayacaq.

Nazım Hikmətin dediyi kimi:

“Seni asarlarsa

seni kaybedersem;”

diyorsun;

“yaşayamam!”

Yaşarsın karıcığım,

kara bir duman gibi dağılır hatıram rüzgarda;

yaşarsın, kalbimin kızıl saçlı bacısı

en fazla bir yıl sürer

yirminci asırlarda

ölüm acısı.

İndi isə XXI əsrdir.

İnsanlar daha sosialdır, sosial şəbəkələr günü-gündən genişlənir.

Mən uşaq olanda “Yüz il bundan sonra” adlı bir roman oxumuşdum.

Bu romanda qəhrəman qəzetləri adını vermədiyi bir cihazdan oxuyurdu.

Amma elə bu həftə Rupert Merdok “İpad”da qəzet buraxdı.

Xəyallar sürətlə gerçək olur.

Dünya xeyli kiçilib, insanlar xeyli yaxınlaşıb.

İnternetə girib Okeaniyada belə özün kimi düşünən bir adam tapa bilərsən.

“Sən yoxsansa, dünya yoxdur” sözü reallığını itirdi artıq, dünya artıq çox maraqlı, çox rənglidir.

Arada xatırlarsan köhnə sevgilini.

Məktəbə getdiyin ilk günləri xatırladığın kimi.

Amma həyatın sürətli ritmində belə geridönmələr belə sənin üçün maraqlı olar, bu səni indi yanında olana daha çox bağlayar.

Yanında olanı itirsən belə…

Bu hər şeyin bitməsi deməz.

Qısası, eşq çox şeydir, amma hər şey deyil.

Bunu bütün yaradıcılıqlarını eşqə həsrə edən şairlər də anlasa artıq…

Bilirəm, sizin bütə çevirdiyiniz gerçəkləri məhək daşına vurdum.

Sizin ümidinizi üzdüm, düşündüklərinizi sorğuladım.

Amma inanın ki, bu cür yaşamaq daha asandır.

Füzuli də səhv edə bilərdi.

Böyük adamların səhvləri də böyük olur.

lent.az

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG