Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:42

Mübarək "yol xəritəsi"ni açıqladı


Təhrir meydanı, 8 fevral, 2011
Təhrir meydanı, 8 fevral, 2011
Fevralın 8-də Misirdə kütləvi etirazlar davam edib.

Yüz minlərlə insan Qahirənin “Təhrir” meydanına toplaşaraq prezident Mübarəkin istefasını tələb ediblər.

Bundan başqa bir qrup etirazçı meydandakı kütlədən ayrılaraq parlament binasının qarşısına yollanıb.

Onlar narazıdırlar ki, Təhrir meydanında iki həftədən çox tələblərini səsləndirsələr də, hökumətdən kimsə gəlib onların dərdini dinləmir.

Amma həmin qrup parlamentin binasına hücum etmək niyyəti nümayiş etdirmir.

Onlar dinc şəkildə binanın qarşısında dayanıblar.


Kütləvi etirazlar Misirin ikinci böyük şəhəri – İsgəndəriyyədə də təşkil edilib.

Etirazçılar prezident istefa verməyincə evlərinə dağılışmayacaqlarını deyirlər.

Baxmayaraq ki, hökumət kütləvi aksiyaların dayandırılmasına çağırır və bir-birinin ardınca etirazçılara güzəştlər edir.

Fevralın 8-də prezident Mübarək özünün islahatlar üçün “yol xəritəsi”ni açıqlayıb.

Bu plan üç komitənin yaradılmasını nəzərdə tutur.

Bu komitələrdən biri Konstitusiyaya hansı dəyişikliklərin edilməsinin zəruriliyini araşdıracaq.

Digər komitə kütləvi etirazlar zamanı aksiyaçılara qarşı güc tətbiqinin nəticələrini, ölümləri araşdıracaq.

Üçüncü komitə isə siyasi dialoqa mümkün qədər çox partiyanı cəlb etməyə çalışacaq.

Bundan başqa hökumət əhalinin dolanışığını yaxşılaşdırmaq niyyətində olduğunu göstərmək istəyir.

Fevralın 8-də Misir hökuməti bəyan edib ki, dövlət sektorunda işləyənlərin maaşlarını, eləcə də pensiyaları 15 faiz qaldırır.

Röyters agentliyi isə xəbər verir ki,

Misir həbsxanalarından 30-dan çox siyasi məhbus buraxılıb.

Onların son aksiyalar zamanı tutulan yox, Mübarək hakimiyyətinin uzun müddətdir həbsxanada saxladığı şəxslər olduğu deyilir.

Bu arada Google İnc şirkətinin yerli rəhbəri Vael Qonim də 12 günlük həbsdən sonra azadlığa çıxıb.

Prezident Mübarək
O etiraf edib ki, doğrudan da Misirdəki üsyanın başlanmasında onun fəaliyyətinin rolu olub.

Qonim həbsdə işgəncələrə məruz qaldığını da deyib:

“Biz öz ölkəmizin azadlığını istəyirik.

Amma xahiş edirəm məni qəhrəmana çevirməyin. Qəhrəmanlar meydandakılardır, mən isə 12 gün hədsdə yatmışam.

Biz ölkəmiz dəyişməyincə buranı tərk etməyəcəyik.”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG