YENİLMƏYƏN DOSTLARA
Bu gün yenə saçları dağınıq dostum
İçki bardağı əlində, siqaret ağzında
Təbiətə istehza edirsən.
Yenə ölümə meydan oxudun
Diktatoru duelə çağırdın
Yenə öldün, yenə canlandın.
ögürlüyə bağlandın
Yenilmədin zülmə
Yenilmədin ölümə…
Kim bilir nə qədər öldürdülər səni
Qılıncla doğradılar, kəndir keçirdilər boğazına.
Cəlladı gözləmədin, özün itələdin
ayağının altına qoyulan
Yaşamla ölüm arasındakı sərhədi.
Səni heç yenəmədilər
Bunca işgəncələr
Bunca zülümlər
Ancaq saçını dağıtmağa yetdi.
İndi saçı dağınıq dostum.
Bir bardaq da mənə gətir.
İçək növbəti ölümlərin sağlığına…
17.11.2011
1:25
YAĞIŞLARINDIR
Yağış olmuşdum
Üfiqin ötəsindən yağırdım
Sənin olduğun yerlərdə hər zaman günəş vardı.
Bizdə isə bulutlu idi.
Havalar darıxdırıcı idi.
Tutqun idi, karıxdırıcı idi..
Amma yağmuru hər zaman sevdim mən.
Sənin olduğun diyarların suyu idi
Buxarlanaraq mənim olduğum yerə yağırdı.
Hər yağmur damlasında sənin ətrini hiss etdim.
Yağmuru içdim…
Yağış suyunun nə gözəl dadı varmış
Ruhumu bir sərinlik sarmış..
Mənim ruhum artıq yağışlarındı
Qışda qar olmuşdum
Sizdən baxanda üfiqdə bir ləkə kimi görsənən
Dağın başındaydım
Günəşi salamlayırdım zirvələrdən
Atəşpərəst ruhum təskinlik tapırdı.
Məni atəşpərəst edən, sənin odlu baxışlarındı.
08.01.2011
22:33
ALLAHLARIN MƏCLİSİ
Bu gecə yığmışam bütün allahları
Səhərədək söhbət edəcəyik
Olimpli Zevsi, yeraltının Aidini
Dəmirçi Hefesti, parıldayan Heliosu
İçkilər Poseydondan olacaq,
suların hamisidir o
Eskulap şəfa paylayacaq
Erot öz sevgisini.
Afrodita yanımda əyləşəcək
Afina müdrik kəlamlar söyləyəcək
Mars bu gün sülh elan edəcək.
Yurtda sülh, cahanda sülh olacaq…
Titanlar atəşkəs elan edəcək
Dionis bərəkət verəcək süfrəmizə.
Artemida canlı təbiəti sərəcək
Ares ən gözəl ovu gətirəcək.
Səhərədək dünyanın gərdişi-dövranını
Uydurduqları yalanları, zavallı insanları
Yada salıb güləcəyik…
Yuxarıdan nə qədər zavallı görsənirsən, Sizif.
O, daş dünyanın simvoludur, düşüb qalxmaq,
İşıqlı sabaha çıxmamaq onun qədəridir.
Sən mi dəyişdirəcəksən onu?
Ya sən Prometey?!
Süfrəmizdə sənin də ciyərlərindən
Ləziz yeməklər var.
Oğurlamaq istədiyin odda bişiririk sənin ciyərlərini.
Süfrəmizdən alma oğurlamaq istəyən Adəm oğlu.
Eyib deyilmi sənə, bunca nemətlər bəxş etmişkən sənə.
Cənnət şərablarından içmək, ağacların kölgəsində.
Yastıqlara söykənmək varkən, bir almaya göz dikmək
Yaraşdımı sənə!!!
Vurun qədəhlərə, ey insanların yaratdığı allahlar
Minillərdir yox ikən, onlar yaşatdı sizləri xəyallarında.
İçək bunu, öz tanrılıqlarını itirmiş bəndələrimizin sağlığına!!!
Nə qədər ki, gerçək Tanrını tapmayıblar.
Hələ bizə çox lazım olacaq bunlar…
01.01.2011