Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 03:08

Azadlığa sadiq qalmaq


Azər Qaraçənli
"Azadlıq nitqləri" kitabından

əvvəli burda

Azadlığa sadiq qalmaq


Azadlığa sadiq qalmağın çətinliyi nədədi?

Birincisi ondadı ki, insan təkcə xeyirxah varlıq deyil, insanın şəri də var və bu şər bizi həmişə azadlığın da əleyhinə yönəldir.

İkincisi, insan elə bir varlıqdı ki, o, daim azad vəziyyətdə, azadlıq hissiylə baş‐başa qala bilmir, onun təbiəti buna imkan vermir, o biri hisslər kimi azadlığın da gücləndiyi, öləzidiyi, sürüşüb əldən çıxdığı vaxtlar olur.

Üçüncüsü, azadlıq bəzən başqa dəyərlərlə, xüsusən ədalət, sevgi və birliklə toqquşur və bilmirsən hansına güzəştə gedəsən.

Dördüncüsü, azadlıq bəzən heç bir dəyərlə toqquşmur, amma boyük bir sınağa çəkilir.

Buna xüsusən insanın ölüm qorxusu – ölmək və ya öldürülmək təhlükəsi altına düşdüyü anlar aiddi.

Beşincisi klassik təsnifatların hamısında var: azadlıq, yoxsa rahatlıq. Altıncısı da klassik təsnifata daxildi: azadlığın çörəklə sınağa çəkilməsi.

Daha bir çətinlik ondadı ki, azadlıq bəzən adama yük olur, çünki azadlıq məsuliyyət daşımaq, seçmək, qərar qəbul eləmək deməkdi.

Azadlığa sadiq qalmaq çoxmənalı sözdü, hərdən o, azadlığı qorumaq – özünün və ya başqalarının azadlığını qorumaq, hərdən də azadlığı qazanmaq – özünə və ya başqalarına qazanmaq deməkdi.

Azadlığa sadiq qalmaq azadlığı nəzərə almaq, onu yaddan çıxarmamaq kimi də başa düşülə bilər.

Azadlığa sadiqlik özünü ifadə eləmək, özünü reallaşdırmaq demək də ola bilər.

İnsan azadlığa mənəvi simasını itirməmək, öz gözündən və ya başqalarının gözündən düşməmək üçün də sadiq qala bilər.

Azadlığa faydalı, sərfəli olduğu üçün sadiq qalmaq da mümkündü. Azadlığa ümumi axında və ya başqa bir təsadüfdən də sadiq qalmaq olar.

İnsan azadlığa vicdanının, qrupun, xalqın, dövlətin, xaricin təhrikiylə, dəb xatirinə, Allahın və ya şeytanın əmriylə də sadiq qala bilər.

Bir sözlə, müxtəlif və ziddiyyətli səbəblər ola bilər.

Azadlığa sadiqliyi ümumi şəkildə belə ifadə eləyə bilərik: ondan əl çəkməmək, onu nəyəsə dəyişməmək, onun əleyhinə çıxmamaq.

Biz azadlığa sadiq qalmağın çətinliyindən danışdıq, ancaq bu çətinliyi dəf eləməyin çətin yollarından danışmayacağıq.

Biz adamları çətin işlərə çağıra bilmərik, biz adamlara yalnız asan işləri təklif eləməliyik.

Biz arzulamalıyıq və çalışmalıyıq ki, azadlığa sadiq qalmaq asan bir işə çevrilsin.

Nə qədər çətin şərait olur‐olsun biz azadlığa sadiq qalmağın asan yollarını tapmalıyıq və adamları həmin yollara yönəltməliyik.

Ən təhlükəli vəziyyətdə belə azadlığa sadiq qalmağın təhlükəsiz yolları var, o yolları adamlara ya göstərmək, ya da adamları onu axtarıb tapmağa həvəsləndirmək lazımdı.

Azadlığa sadiq qalmağın yolunu axtarmağın özu azadlığa sadiqliyin bir göstəricisidi və bunu axtaran adam təkcə elə öz axtarışıyla azadlığa sadiqdi.

Hər bir çətin və təhlükəli vəziyyətdə biz belə bir sualın üzərində düşünməliyik: burda azadlığa sadiq qalmağın asan və təhlükəsiz yolu hansıdı?

İnsanın həmin andakı vəziyyətindən və mühitdən asılı olaraq ən müxtəlif cavablar ortaya çıxa bilər.

Elə ola bilər ki, insan uzanıb yuxuya gedəndə azadlığa sadiq qalmaq yolunu seçə bilər.

Elə də ola bilər ki, insan üçün təbiət mənzərəsini seyr eləyəndə azadlığa sadiq qalmaq vacib bir işə çevrilər, çünki o, təbiəti seyr eləyəndə elə bir azadlıq duyğusu yaşaya bilər ki, həmin hissi yaşatmaq hamısından vacib olar.

Bəzən azadlığa rəsm əsərinə, fotoşəkilə baxanda da sadiq qalmaq lazım gəlir.

Biz ürəyimizdə azadlığa sadiq qalandan sonra kənardan nə qədər məhdudiyyət olur‐olsun bizim sadiqliyimizi əlimizdən tam ala bilməz.

Əsas məsələ ürəyində azadlığa sadiq qalmaqdı. Azadlığa sadiqlik yalnız insan ona öz qəlbində xəyanət eləyəndə tam şəkildə pozulur, başqa bütün hallarda sadiqliyə yalnız qismən xətər dəyə bilər.

Bu dəqiqənin özundə hər kəs bir dəqiqəlik fikrə gedib ondan ötrü azadlığa sadiq qalmağın ən asan yolunun nə olduğunu müəyyənləşdirə və elə bu dəqiqənin özundə öz qəlbində azadlığa sədaqət yarada bilər.

Azadlığa sədaqət bizim ürəyimizdə olduğundan ona ən böyük maneə də bizim ürəyimizdədi.

Azadlığa sadiq qalmaq həm bu qədər çətin, həm də bu qədər asandı. Dəqiqələr keçəcək və bir dəqiqədə öz qəlbində azadlığa sədaqət yaradan adam onu qoruyub saxlamağın çətinliyini də görəcək.

Azadlığa sədaqət ilk növbədə bizim öz təbiətimizdəki köləliyi yoxa çıxarmaq deməkdi, ona görə biz dönə‐dönə azadlığa sadiq qaldığımız anlara qayıtmalı, o anları təkrar yaşamağa çalışmalıyıq.

Biz elə eləməliyik ki, mühit azadlığa sadiqlik aşılasın və hər kəsi özü də bilmədən azadlığını reallaşdırmağa həvəsləndirsin.

Azadlığa sadiqliyin yanlış başa düşülməsi də mümkündü.

Bu, xüsusilə azadlıqla məsuliyyət, azadlıqla etika, azadlıqla intizam arasında əlaqənin yanlış başa düşülməsindən irəli gələ bilər. İnsanın azadlığa sadiqliyi təkcə onun özünə yox, başqalarına da baha oturmamalıdı.

Bu sadiqlik insanın özü kimi, ətrafı üçün də asan və təhlükəsiz olmalıdı.

Biz arzulamalı və çalışmalıyıq ki, azadlığa sadiq qalmaq çox asan bir işə çevrilsin, həm insan bundan ötrü kamilləşsin, azadlığa sadiq qalmağa mənəvi gücü çatsın, həm də cəmiyyət lazımi səviyyədə inkişaf eləsin, azadlığa mane olmayan bir formaya gəlib çıxsın.

Azadlığa sadiqlik pafossuz olmalıdı. Pafos olan kimi azadlığa sadiqliyə səbirsizlik və özünü göstərmək xüsusiyyətləri qarışacaq.

Nəticədə azadlığa sadiqlik ya hay‐küylü, ya da qeyri‐səmimi olacaq. Sədaqət hay‐küy və reklam xoşlamır.

Bunlar sədaqəti gözdən salan şeylərdi. Azadlığa sadiqlik küysüz və özünü göstərməsiz olmalıdı. Azadlığa sadiqliyin pafossuz olması dinc mübarizənin başlıca şərtlərindən biridi.

Pafos mübarizənin sakitliyini və təvazökarlığını pozur.

Təvazökar olmayan mübarizənin tərbiyəsisə həmişə şübhə altına düşəcək. Azadlığa sədaqətin pozası yoxdu.

Azadlığa küysüz sədaqət bizim mübarizəni dayanıqlı və tərbiyəli eləyir. Biz təvazökar mübarizənin tərəfdarı olmalıyıq.

Özünü gözə soxan mübarizə bizlik deyil.

Biz məlum qəhrəmanları sevirik və onları heç vaxt unutmamalıyıq. Ancaq biz naməlum qəhrəmanların getdiyi yolla getməliyik. Bizim metodumuz naməlum qəhrəmanlıqlar metodu olmalıdı.

Kim adının dastanlara düşməyəcəyini bilə‐bilə fədakarlıq eləməyə hazırdısa, bizə tərəf gəlməlidi.

Kim qəhrəmanlıq dastanlarına düşməyi ummadan fədakarlıq eləyibsə, bizə örnəkdi.

Azadlığa bu cür sədaqət asan deyil və bu, bizim azadlığa sadiqlik işində təklif elədiyimiz yeganə çətinlikdi.

Azadlığın tərəfinə keç

Hər kəs ürəyində azadlığın tərəfinə keçməlidi.

Azər Qaraçənlinin "Azadlıq nitqləri" kitabının Azadlıq Radiosunun "Pen klub" proqramında müzakirəsi. Azər Qaraçənli (sağda) və ona opponentlik edən yazar Elnur Astanbəyli
Səndən ayrı heç nə istəyən yoxdu, çay içirsən, çayını iç, işə tələsirsən, adamları yara‐yara yüyürməyində ol, iclas keçirirsən, çıxışını davam elətdir, gül dəstəsi alırsan, çiçəkləri seç, lətifə danışırsan, uğunub get, toydasan, qol götürüb oyna, həkimdəsən, dərindən nəfəs al ciyərinə qulaq assınlar, qarovuldasan, qışqır farağat dursunlar, gəlmisən, zəngi bas qapını açsınlar… heç bir işindən‐gücündən ayrılma, ayaq saxlama, əl saxlama, sözünü yarıda qoyma, azadlıq üçün ayrı heç nə eləmə, eləcə ürəyində azadlığın tərəfinə keç. İçə‐içə, yüyürə‐yüyürə, danışa‐danışa, oynaya‐oynaya özünə denən, bax, indi, bu dəqiqə mən ürəyimdə azadlığın tərəfinə keçəcəm və azadlığın tərəfinə keç.

Qoy qarşındakı adam sənədləri göyə qaldırıb rəqəmləri göstərməyində olsun, rəqəmlərə diqqətlə bax, həm də azadlığın tərəfinə keç.

Ağacların budaqları barmağını dodağına dayayıb deyir, sakit ol, quşların səsini dinlə, sən quşların səsini dinlə və azadlığın tərəfinə keç.

Eyvandan boylanan adam həyatı olduğu kimi görmək istəyir, pəncərənin dalından baxmaq darıxdırıb onu, sən də başını qaldır eyvandan baxanı gör, azadlığın tərəfinə keç.

Uşaqların çiynindəki çanta uşaqların özü boydadı, çantaları atılıb‐düşür uşaqlar qaçdıqca – azadlığın tərəfinə keç.

Kompüterdə artıq yazıları silib atmaq lazımdı, şəkillər də ağırlıq eləyir, seçib yığmaq lazımdı, biri iki yerə düşüb deyəsən – azadlığın tərəfinə keç.

Xaricdə dörd tələbə imtahanda saxtakarlıq eləyib, neçə ildən sonra açılıb işin üstü, aləm bir‐birinə dəyib – azadlığın tərəfinə keç.

Saatsaz deyir, bu o qədər incə mexanizmdi ki, zərgər kimi işləməlisən onun üstündə, elə bil saat yox, üzük qaşı düzəldirsən, deyir saatsaz gərək zərgər kimi dəqiq olsun, zərgər də saat kimi dəqiq olmalıdı, özü deyir, özü də gülür – sən azadlığın tərəfinə keç.

Dükanın qapısına çöldən baxanda elə bil içəridəki bolluğu duyursan, qapı açılıb‐bağlandıqca içəridəki sıxlığın havası dəyir sənə – azadlığın tərəfinə keçmisənmi?..

Yavaş ol, qoy bu maşın dayansın, dəmirə etibar yoxdu, bir də gördün özünü saxlaya bilmədi, bir az artıq səbir elə, ziyanı yoxdu – azadlığın tərəfinə keçdinmi?

Radioda mahnı, televizorda mahnı, reklam lövhələrində mahnı, adamların qulağında mahnı, ürəyində mahnı, telefonda mahnı, bir az da özün zümzümə elə, dilində mahnı olsun – azadlığın tərəfinə keçdinmi?

Ölüm hökmü ləğv olunub, ömürlük həbs cəzası da ləğv olunacaq, axırda türmələri də ləğv eləyəcəklər, yaşadığın hər dövrdən yaxşı dövrlər olacaq, gələcək indidən üstündü, yoxsa gəlməyinin nə mənası olardı, içək gələcəyin sağlığına – azadlığın tərəfinə keçəkmi?

Biri əməldə azadlığın əleyhinə çıxır, yenə cəhənnəm, başa düşmək olar, biri sözdə azadlığın əleyhinə danışır, cəhənnəm, bir səbəbi var, bəs bunlar niyə ürəklərində də azadlığın əleyhinə gedirlər – mən bilmirəm.

Ürəkdə azadlığın əleyhinə çıxmaq nəyə lazımdı – mən bunu başa düşmürəm. Kimdi sənin ürəyinə girib baxan?!

Ürəyinlə nə işin var, qoy ürəyin dursun yerində, sənin ürəyin azadlığın tərəfindədi, qoy elə o cür də dursun.

Qorxma, qorxulu olsa demərəm, ürəyini azadlığın tərəfində saxla, ürəyində azadlığın tərəfində dur, heç kimə də ürəyini açma, qoy bu sənin sirrin olsun, bəlkə də bütün xoşbəxtliyini o sirrində görəcəksən, onun verdiyi sevinci heç nədən ala bilməyəcəksən, heç nədə tapa bilməyəcəksən...

Ən böyük bədbəxtlik ürəkdən azadlığın əleyhinə çıxmaqdı, bu sənin nəyinə lazımdı, ürəkdən azadlığın əleyhinə durma, ürəkdə azadlığın əleyhinə heç durma, görsən zalım səni tamam tilsimləyib, elə ovsunlayıb ki, elə bilirsən ürəyini də oxuyurlar, bil ki, yalandı, hamısı qorxudandı, ürəyini heç kim oxuya bilməz, ürəyini buz kimi saxla, elə zalımın düz gözünün içinə baxa‐baxa ürəyində azadlığın tərəfinə keç, heç tükün də tərpənməsin, bir adamın da əlində sübut yoxdu, zərrə qədər də olsun fakt vermirsən, qəti çəkinib eləmə, narahat olma, özünü şübhəli aparma, səni bir özün görürsən, bir də Allahın görür, dörd bir yanında düşmən dayana‐dayana da azadlığın tərəfinə keçə bilərsən – ürəyində, görən yoxdu, “heç olmasa ürəyində” demirəm, azadlığın tərəfinə keçəndə biləcəksən niyə demirəm.

Azadlığın tərəfinə keç. Hamı azadlığın tərəfinə keçə bilər, hamı azadlığın tərəfinə keçməlidi. Hamı ürəyində azadlığın tərəfində durmalıdı.

Ürəyində azadlığın əleyhinə çıxanın ürəyi yoxdu. Ürəyində azadlığın əleyhinə çıxanın ağlı da yoxdu. Azadlığın tərəfinə keç.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG