Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:09

"Kitab müsabiqələrinin əvvəlcədən müəyyənləşdirlimiş qalibləri olur"


Yazarklub.com-un ilk müsahibi yazıçı, publisist və rejissor Orxan Fikrətoğludur.


- Bu günlərdə yeni bir sayt - ədəbiyyat portalı olan yazarklub.com istifadəyə verilir.

Portalın yaradıcıları öz fikrini çatdırmaq istəyən gənc yazarlardır. Necə fikirləşirsiniz, bu gün gənclərin sözünə ehtiyac varmı və ümumiyyətlə, gənclər nə isə deyə bilərlərmi?


- Təbii ki, mütləq gənclərin fikrini eşitmək lazımdır və mütləq gənclər nə isə deyə bilərlər. Əslində elə gənclər də deməlidirlər.

Azərbaycan elə bir məkan, elə bir coğrafiyadır ki, burada çox təəssüf, dəyərlər sistemi daimi inkişaf eləməyib.

Məsələn, Füzuli, Kərbəla, İslam ovqatında, Nəsimi hürufilikdə, Şah Xəndan tamam başqa ovqatda, Hüseyn Cavid turançılıqda, Mirzə Cəlil inqilabi-demokrat ruhunda, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə Füyuzat məktəbində yazıb-yaradıblar. Bunların hərəsinin öz dəyərlər sistemi var: yaxşı nədir, pis nədir, dünyanı necə görmək lazımdır, intellektual zirvə haradır.

Və çox təəssüf ki, bunların hərəsi bir mədəniyyətin, bir düşüncənin sınırı içində formalaşıb. Amma davamlı olaraq, bütöv olaraq bunların heç biri Azərbaycan düşüncəsi tarixinə aid deyil. İrana, Osmanlıya, Rusiyaya və ya elə bu regiona aid olsalar da, heç biri sırf Azərbaycana aid olmayıblar.

Ona görə də mən gənclərə ümidliyəm. Daha konkret desəm, onlardan üç şey gözləyirəm və çox xahiş edirəm ki, bunları eləsinlər.

Birincisi, “Quran”ı, nəhayət ki, Azərbaycana adaptə edə bilsinlər. Çünki gərək, biz bilək ki, dinimizin mahiyyətində nə durur və bu nə dindir.

Çox böyük dini alimlərimiz olsa da, mən bu fikirdəyəm ki, “Quran” Azərbaycanda hələ də olduğu kimi qəbul olunmayıb.

İkincisi, Azərbaycan düşüncə tarixini bir kitab şəklində dəyərlər kontekstində çap etsinlər və bilsinlər.

Xeyir nədir, şər nədir, azərbaycanlı necə yaşamalıdır, təfəkkür tərzi nədir, düşüncəsinin parametrləri haraya qədərdir - dövlətçilikdirmi, vətənpərvərlikdirmi, irfandırmı...

Təsəvvür edin ki, bütün bunlar hələ boşdur.

Deməli, birincisi, dini reforma, ikincisi, etnik reforma, üçüncüsü isə, bütün bu daşlaşmış dəyərlər sistemini sındırıb, əvəzində çox yeni, Azərbaycanı xilas edə biləcək əxlaq, düşüncə qoymaq.

Bu gün Azərbaycanda iki real düşüncə mövcuddur. Bir, Sovet elitasının düşüncə tərzindən yaranmış təfəkkür tərzi.

Məsələn, yazılar, teatr, hətta ictimai-siyasi proseslərin gedişi daha çox sovet məmurlarının əxlaqındadır. Və ikinci, hansısa kənar təsirlərdən yaranmış psevdomədəniyyət.

Məsələn, televiziyalardan gördüyünüz şoular, ifrat, muzdlu, məddah jurnalistika, və ya peşədən kənar dili, təhkiyəsi olan nəsr nümunələri. Bunların heç biri Azərbaycanı xilas edə bilməz.

Çox qəribədir ki, bu psevdomədəniyyətin fonunda keçən əsrin 60-70-ci illərində yazılmış yazılar belə şedevr kimi görünür. Çünki, bu gün heç nə yaranmır axı.

Gənclərin boynuna o düşür ki, hər iki mifi sındıraraq çox yeni düşüncə tərzi qoysunlar.

Və mən gənclərə inanıram!

- Bu inamı formalaşdıran konkret adlar deyə bilərsinizmi? Yəni, bu gün yazanlardan kimləri oxuyanda sizdə belə inam yaranır?

- Mən konkret ad demək istəmirəm.

Oxumuşam, ədəbiyyat var. Ad deməmək səbəbim odur ki, bu qütbləşmiş, bir-birinə düşmən kəsilmiş dəstəciklərin fonunda olmaq, onlara qatılmaq, içlərində görünmək istəmirəm.

Mənim üçün bir Azərbaycan ədəbi prosesi və bu prosesin istedadlı nümayəndələri var.

Harada olmağından asılı olmayaraq - Yazıçılar Birliyində, ikinci, üçüncü, beşinci cəbhədə, fərqi yoxdur, istedadlıdırsa, Azərbaycan ədəbiyyatına xidmət edirsə, mən onu qəbul edirəm.

Bu gün isə həqiqətən belələri var. Bəlkə də hələ “ad” olmayıblar, amma buna çox yaxındırlar. Mən belə hesab edirəm ki, hətta onlar bizdən çox istedadlıdırlar.

Çünki, bizim dövrümüz elə oldu ki, ədəbiyyatdan çox, vətəndaşlığımızın arxasınca getməli olduq. Məsələn, mən ədəbiyyatı atıb televiziyaya savaşmağa, mücadilə etməyə getdim ki, cəmiyyəti maarifləndirim.

Həmin bu müddətdə dərvişcəsinə oturub yazımı yazsaydım, bəlkə də daha çox şey əldə edərdim.

İrland yazıçısı Ceyms Coys
Hələ gec deyil, eləyəcəyəm. Amma hər halda, indi yaşım qırxı keçib. Amma bu günün 20-25 yaşlı gənclərinin əlində daha çox imkan var, onlardan çox şey gözləyirəm.

Hə, yaxşı xatırladım, gənclərdən bir xahişim də var, qoy, Ceyms Coysun “Uliss” əsərini öz dilimizə tərcümə etsinlər. Ceyms Coysu bilməyəni mən yazıçı kimi qəbul etmirəm. Bütün Avropa Coysu yüksək dəyərləndirir.

Bir də, Marsel Prustun “İtirilmiş zamanın axtarışında” romanı da mütləq tərcümə olunub Azərbaycan oxucusuna təqdim olunmalıdır.

- Deyirsiniz ki, ədəbiyyatı atıb televiziyaya getdiniz. O zaman deyə bilərsiniz, niyə bu gün televiziya kanallarımızın demək olar ki heç birində sırf ədəbiyyatla, ədəbiyyatın təbliği ilə bağlı verilişə rast gəlmirik?

- Çox təəssüf... Mən özüm də çox istərdim. Şəxsən məndən asılı bir şeydirsə, məndə belə proyektlər hazırdır.

Məsələn, “Azərbaycan şeir antologiyası”, “Azərbaycan nəsr antologiyası”, “Gənc şair və yazıçılarla dəyirmi masa”... Amma bunlar reytinq vermədiyindən efir üzü də görmür.

- Yəni mümkün deyilmi ki, televiziyalar ədəbiyyat naminə reytinqə əhəmiyyət vermədən heç olmasa bir veriliş efirə versinlər?

- Bilirsiniz, mən bunu müsahibələrimin birində demişəm. Azərbaycanı yalnız pulundan keçməyi bacaran teleprodüserlər və naşirlər xilas edə bilər.

Əgər Avropada teleprodüser, naşir xeyriyyəçi olmasaydı, bu gün bir Coys haqqında danışa bilməzdik. Çünki Coysun kitabı nə öz dönəmində, nə də bu gün satılır. Servantes, Kafka, Kamyu da həmçinin, reytinqə cavab verməyən yazıçılardır.

Bu gün mənim “Gərək qala” proyektim də o vəziyyətdədir. Cəmi beş faiz insan - elita baxır o verilişə. Bəs biz niyə o beş faiz insanın marağını tapdalamalıyıq?!

Pulundan keçən teleprodüserlər olsa, siz dediyiniz verilişlər də ola bilər.

Əks təqdirdə, gələcəkdə heç televiziyada orxanlar da olmayacaq. İndi elə bil mamontlar kimi beş-altı nəfər qalmışıq.

- Bu gün kütləviliyinə görə televiziya ilə yetərincə mübarizə apara bilən İnternet məkan formalaşıb. Müasir yazıçı və şairlərimizi, hətta sizdən də yaşlı nəslin nümayəndələrini bu məkanda, sosial şəbəkələrdə görə bilirik. Bəs siz niyə o məkanda yoxsunuz?

- Mən köküm Seyid Yəhya Bakuvidən, Şirvanşahlardan gələn Xəlvətiyyə dərvişi ruhunda bir adamam. Mənə elə gəlir ki, mən neohürufistəm, neosufistəm.

- Bəs bütün bunları internetdə təbliğ etmək olmazmı?

- Sevmirəm o məkanı. Fellini deyib ki, televiziya bütün sənətlərin kanalizasiyasıdır. Mənə elə gəlir ki, internet televiziyanın kanalizasiyasıdır.

Bir saniyənin içində sənin çılpaq, intim, intellektual, elitar fikirlərinə birdən-birə bir milyon insan qoşula bilirsə və o bir milyonun içində müxtəlif təbəqələrdən, müxtəlif səviyyəli, hətta orta məktəb təhsili olmayan şəxslər ola bilərsə, hansı normal müzakirədən söhbət gedə bilər?

Orada elə şeylər yazılar ki, xətrimə dəyə bilər, əsəbləşərəm. Mən əsəblərimi qoruyuram.

Çünki, yadımdadır, mənim Azadlıq radiosunun saytında bir hekayəm çıxmışdı, eşşəklə bağlı...

- “Xrestomatik əhvalat”...

- Bəli. Mən istərdim ki, o hekayənin ətrafında peşəkar bir müzakirə getsin, ədəbiyyatşünas münasibəti olsun, peşəkar şərhlər verilsin. Amma orada...

Hekayə tamam başqa məzmun daşıyır və birdən biri daxil olub yazır ki, “bəlkə o eşşəyin əvəzinə dəvə olsun.”

Bu cür min nəfər adam ora daxil olub yaza bilər, hamısına cavab yaza bilmərəm axı.

Mən inanmıram ki, bu yenilik elitar sənət yaratsın. Əksinə, bu, elitar sənəti kütləviləşdirəcək, bazar yaradacaq.

Nəsimi bazarda şeir deyə bilər? Nəsimi təkkə əxlaqlıdır axı. Şərq, şərq ədəbiyyatı tamam başqa aləmdir, sirdir...

- Şərq ədəbiyyatı demişkən, niyə müasir ədəbiyyatda şərq yazarlarına nadir hallarda rast gəlinir?

- Çox təəssüf, belədir...

Yadıma uşaqlıq, gənclik dövrümü saldınız. Bizim dinlədiyimiz Pink Floydun fəlsəfi musiqisi, oxuduğumuz Kamyunun “Yad”ı, Lao Tzinin daosizm fəlsəfəsi, tipimiz hər şeydən təcrid olunmuş, tənhalaşmış insan idi. Xəlil Cəbranı, Məhfuzu, fransız havalı ərəb nəsrini çox sevirdik.

Son dövrlərdə ərəb özəlliyi bəlkə də neft bumu, iqtisadiyyatlaşma ilə bağlı elə bir kateqoriyaya keçdi ki...

Bu gün İran kinosundan və son zamanlar da Türkiyə kinosundan başqa heç bir Şərq sənətindən, xüsusilə ərəb sənətindən danışmaq olmaz.

Mənə elə gəlir ki, onlar siyasətdə və iqtisadiyyatda çox səhvlər etdilər. İnkişaf etdilər deyə, düşünməyə vaxtları olmadı, əvəzində Dubay yaratdılar.

Bu gün İranda da, Türkiyədə də yeni dalğa yaranır. Məsələn, Orxan Pamukun siyasi tərəfini bir kənara qoysaq, çox böyük yazıçıdır.

- Bu gün Azərbaycanda bir neçə ədəbiyyat müsabiqələri keçirilir. Məsələn, Milli Kitab Mükafatı...

- Anlamıram bu müsabiqələri.

Mənə çox süni görünür. Məncə, hər təşkil olunmuş tədbirin, təşkilatın əvvəlcədən müəyyən etdiyi qaliblər olur, özlərinin sevdikləri və sevmədikləri insanlar var. Dediyim odur ki, ədəbiyyat obyektiv olmalıdır.

Ola bilsin ki, bir gənc söyüş söyür, tərbiyəsizlik edir, amma istedadlıdır, onu qəbul etmək lazımdır axı. Bu gün “sən mənləsən”, “filankəs onunladır” kimi fikirlər Azərbaycan ədəbiyyatını axsadır.

- Bu gün gənc yazarlar üçün maarifləndirici qurumlar da var. Məsələn, Bakı Slavyan Universitetində yaradılmış “Yaradıcılıq fakültəsi” və ya Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi “Gənc Ədiblər Məktəbi”. Bu təşkilatlardan sizə dərs demək, mühazirə oxumaq kimi təkliflər, dəvət gəlib?

- Mən Bakı Slavyan Universitetində Jurnalistikada dərs deyirəm. Amma siz deyən yerlərdən dəvət gəlməyib. Çox sevinirəm ki, belə şeylər təşkil olunur.

Mənim şübhələndiyim prizli müsabiqələrdənsə, təhsil verən, nə isə öyrədən təşkilatlar daha yaxşıdır.

Təkcə Azərbaycandan deyil, xarici ölkələrdən də, məsələn, Rusiyadan, Türkiyədən, İrandan, Avropadan, Amerikadan yazıçı və şairlər dəvət etmək, seminarlar təşkil etmək olar. Biz də bilərik ki, nə yazmaq lazımdır. Çünki çoxdandır dünya ilə əlaqəmiz də itib.

Allah vaxt və güc versə, mən özüm də çox istərdim dərs demək.

- Konkret nəyi öyrətmək istərdiniz gənclərə?

- Peşəkarlığı. Mən özüm Jurnalistikada bir neçə ildir dərs deyirəm. Orada da məhz bunu öyrətməyə çalışıram. Publisistikanın janrlarını, priyomlarını.

Məsələn, məqalə janrında mütləq induksiya-deduksiya nəzəriyyəsi – ümumidən xüsusiyə keçid olmalıdır. Neçə vaxtdır “Zorxana”da yaratdığım Xeybər belə obraz idi, ümumidən yaranmış xüsusi obraz.

Və ya məqalədə sonda gəlinən nəticə. Siz son zamanlar hansı məqaləni göstərə bilərsiniz ki, orada sonda gəlinmiş ağıllı nəticə olsun?

Ümumiyyətlə bizdə nə janrlar var, nə jurnalist tədqiqatı deyilən bir şey. Mən dərslərimdə məhz bunları öyrədirəm. Buna da çox sevinirəm.

Çünki onlar gördüklərini götürsələr, çox pis aqibət olar. Məsələn, mənim efirdə danışdığım dildə nəsr yazmaq olmaz. Amma bu gün yazırlar.

Mən gənclərə onu başa salmaq istəyirəm ki, ədəbi dil elit dil olmalıdır, dilin qrammatikası, xüsusiyyətləri var. Fərdi üslub isə başqa şeydir.

Bu çərçivələrdə fərdi üslubu yaratmaq lazımdır. Məsələn, Əkrəm Əylisli ədəbiyyata “və” bağlayıcısını gətirdi.

Ona qədər cümlələri bu şəkildə bağlamaq yox idi. Onun isə bunu etməyə, əsas da maraqlı şəkildə etməyə gücü çatdı. Kiminsə dili quru ola bilər, bu onun fərdi üslubudur.

Amma savadsızcasına yazmaq, tutaq ki, bir cümlədə beş dənə fel işlətmək doğru deyil.

Ədəbiyyatda birincisi, peşəkarlıq, ikincisi masştablılıq - böyük miqyas olmalıdır. Kiçik hekayədə də böyük ərazi götürülməlidir.

Təbii ki, söhbət düşüncə ərazisindən gedir. Üçüncüsü isə, bildiyimiz kimi, hekayə insanın daxili ovqatının mənzərəsidir. O daxili ovqatı da çox dəqiq detallarla açmaq lazımdır.

Məsələn, Q.Q. Markesin “Yüz il tənhalıqda” əsərində sonda Ramedios uçanda zivədən əski götürür.

Əgər o bunu etməsəydi, mən heç vaxt onun uçduğuna inanmazdım. Amma əskini götürməsi elə canlı detaldır ki, ona inanmalısan. Bax, əsl nəsr budur, detalları ilə işlənmiş.

- Hal-hazırda nə yazırsınız?

- Ən axırıncı yazdığım hekayə idi ki, çapa vermişəm. Yeri gəlmişkən, çap məsələsi də indi mənim üçün çox çətin olub. Çünki, bilmirəm, indi hansı qəzet, hansı sayt oxunur.

Bir də, Ənvər paşa haqqında kinossenari yazıram. Dünyanın ən böyük iki avantüristlərindən biri Ənvər paşa idi, o biri də Lenin.

Təsəvvür edin ki, Ənvər paşa Leninə Orta Asiyada sosializm yaradacağını deyir. Atatürk ona ölüm hökmü vermişdi. Çünki onlar ikisi də bir qadını seviblər.

Qadın isə Ənvər paşaya qismət olub, Atatürkə yox. Ənvər paşa Orta Asiyada sosializm adı ilə Basmaçı hərəkatını yaradır. Səkkiz il mübarizə aparır, sonda isə bir cibində “Quran”, o birində isə sevdiyi qadının şəkli 30-40 minlik orduya qarşı müharibədə həlak olur.

Bu ssenariyə Türkiyədə film çəkiləcək. Əslində Ənvər paşa həm Türkiyə, həm Orta Asiya, həm də Azərbaycan üçün çox böyük şəxsiyyətdir.

O, türk dövlətlərini birləşdirməyə çalışıb. 1921-ci ildə Azərbaycana gələrkən onu elə qarşılayıblar ki, hələ indiyə qədər azərbaycanlılar heç kimi o cür qarşılamayıblar.

- “Əmim” hekayənizdə çox sevdiyim bir ifadə var: “Feli olmayan sifətsiz dünyanı xüsusi isim kimi görmək”. Bu kontekstdən baxsaq, bu gün Azərbaycan necə görünür?

- “Nöqtə” desəm, yəqin səhv eləyərəm. Məncə, vergül.

- Yəni, davamı gələcək?


- Gələcək, əlbəttə, gələcək. Biz ölüb-dirilən, çox istedadlı xalqıq. İçimizdə o qədər böyük dəyərlər, o qədər istedad var ki. Allahlar şəhəri, peyğəmbərlər şəhəridir bura. İsa peyğəmbərin həvarisi Müqəddəs Varfolomey burada qətlə yetirilib, Museyi-Kazımın qızı burada dəfn olunub. Buranın ovqatı, aurası, insanı bir siyasi sınırda öldürüləsi şey deyil ki. SSRİ bizə neyləyə bildi ki? Uzaqbaşı, 1937-ci ildə nə qədər insan apardı. Amma o ruh bizdə qaldı.

- Elə bir mövzu var ki, yazmaq istəyirsiniz, amma fikirləşirsiniz ki, vaxtı çatmayıb.

- Hə, o mənada Orxan Fikrətoğlu mövzular qəbristanlığıdır. O qədər mövzu var ki, işləməyə nə vaxtım var, nə yerim.

Yerim yoxdur deyəndə, elə başa düşməyin ki, ağlayıram.

Allaha çox şükür ki, qalmağa yerim var, amma yazmaq üçün şərait lazımdır ki, oturub yazasan. Bilirəm ki, otursam, daha durmayacağam ayağa. Mənim müəllimim deyirdi ki, yaradıcılıq qırx beşdən başlayır.

Yəni, qırx beşə kimi yaşamalısan, qırx beşdən sonra yaşamaqdan yorulacaqsan, bax, onda yazmalısan. Bu mənada, hələ mən qırx beşə kimi nə isə yazıb ortaya çıxara bilmişəm.

Allah ömür versə, qırx beşdən sonra çox şey yazmaq istəyirəm. İçimdə çox maraqlı mövzular var.

Ümumiyyətlə, mənim bütün yazılarımda həmişə çevrilmə anı olub. Bir anın içində insanın dəyişməsi, nurlanması, müqəddəsləşməsi... Mənim üçün məhz o an maraqlıdır.

Müsahibəni hazırladı: Şəbnəm Xeyrulla
Xüsusi olaraq “Yazarklub.com” üçün

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG