Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:19

"Günah məndə deyil, üzvü olduğum AYB-dədir"


Gənc şairə Xuraman Hüseynzadə ilə müsahibə (Mənbə: enyeniedebiyat.com)


- Müasir dövrün qadın yazarı olmağın məsuliyyətini necə hiss edirsiniz?

- Yazıçı Marqaret Düras deyirdi ki, qadın yazıçı olmağın əsas məsuliyyəti odur ki, iki yöndən hücuma hazır olmalısan: homoseksuallar və heteroseksuallar cəbhəsindən.

Bizdə bu nüans çox qabarmadığından madam Dürasın mövqeyini korrektə edə bilərik: bizim qadın yazarlar ifrat mühafizəkarlar və ifrat azadlar cəbhəsindən hücuma hazır olmalıdır.

Ya gərək iki cəbhədən birində təmsil olunasan, ya da istedadını içində boğasan.

- Siz Yazıçılar Birliyinin üzvüsünüz. Amma adama elə gəlir ki, o qurumun yox, əks cəbhənin-AYO-nun üzvüsünüz.

- Düzdü, mən AYB-nin üzvüyəm, amma demək olar ki, formal. O qurumun havası son illər belə demək caizsə, çox çirklənib.

Və mən o havada nəfəs almağa çətinlik çəkdiyimə görə oraya heç ayaq da basmıram.

O qurumun rəhbərliyində təmsil olunanlar, belə deyək, yazdıqları heç bir ictimai maraq kəsb etməyən, əksinə, mən və mənim kimilərin yaradıcılığına hökmü-fərmalıq edənlər qayğıkeş imicini imitasiya etməyib o çirkli havanın təmizlənməsinə sadəcə razı olsalar, kobud desək, dördəlli yapışdıqları kreslodan əl çəksələr onda mən və mənim kimilər o qurumu səcdəgah sayıb da ayağını ordan kəsməz.

İndi gördünüzmü ki, günah məndə deyil, üzvü olduğum qurumdadır.

- Orda təmsil olunan gənclərlə sizin həyata baxışınız, yaradıcılıq mövqeyiniz arasında kəskin fərq var.


- Çünki mən azadam, əsarət altında yazmıram, yaltaqlığı bacarmıram, yalançı tərifi sevmirəm.

Yazıçı ruhən azad olmalıdır. Haqqında danışdığınız adamlar isə yönəldilməyə çox meyillidirlər.

- Qismətin gənc yazarlar haqqında məruzəsinə münasibətinizi bilmək istərdim.


- Hansı cəbhədə təmsil olunmağından asılı olmayaraq gənc yazarların yaradıcılığını izləyirəm.

O məruzəni “Polad Alemdar”la başqa bir Ələmdarın müqayisə olunduğu hissəyə qədər oxudum və belə yüngül, bayağı və kimlərinsə diqtəsi və əli ilə yazılmış, kimlərinsə marağını əks etdirən məruzənin oxuduğum hissəsinə sərf etdiyim vaxta heyfim gəldi.

Bu qədər.

- AYB üzvü ola-ola sizin adınız da çəkilməmişdi.

- Elə düşünməyin ki, bu dediklərim qısqanclıqdan irəli gəlir. Qətiyyən. Ad çəkmək və ya çəkməmək də bir bəla olub bizim millətə.

Bunun mənim üçün heç bir əhəmiyyəti yoxdur. Bilirsiz, söhbət ondan gedir ki, o gənclərin arasında 2-3 istedadlısı var.

Heyf ki onlar orda buyruq qulu olmaq missiyası yerinə yetirməklə məşğuldurlar.

Onlar kütləvi şəkildə manqurtlaşdırılıb. Demək istəyirəm ki, eynən sovet dönəmində olduğu kimi, onları sifarişli ədəbiyyat yaratmağa cəlb və sövq edirlər.

Onlar fundamental, əbədiyaşar ədəbiyyat yox, ədəbiyyat adına bayağı və şit publisistika ilə, eyni zamanda müxtəlif kütləvi informasiya vasitələrində bu bayağılığı bir-birinə xoş gəlsin deyə tərif yarlığı da üstündə yaymaqla məşğuldurlar.

Bu isə o gəncləri uçuruma aparır.

- Milli Kitab Mükafatı haqda mənfi fikirlər bildirmişdiniz. Bu il müsabiqənin obyektiv keçiriləcəyinə inanırsınızmı?

- Ümumiyyətlə, ədəbiyyatın hər hansı formada təbliği onun xeyrinədir.

Əslində bu müsabiqənin təşkilatçısı, özünün dediyi kimi, məşhurlaşmaq, tanınmaq məqsədi güdərək bu ideyaya imza atsa da, o, yaxşı bir iş görür-ədəbiyyata sərmayə qoyur.

Nigar Köçərlinin şanssızlığı onda olub ki, o, obrazlı desək, işıqgələn tərəfə yox, əks istiqamətə gedib.

Ədəbiyyatı təbliğ etmək istəyən xeyirxahların AYB-yə üz tutması təbiidir.

Bizim ədəbiyyatın bugünkü durumundan bixəbər olanların kor-koranə bu sahəyə can yandırması, göründüyü kimi, heç də yaxşı nəticə vermir.

Yasemin Bayer də bizim ədəbiyyata can yandırmaq üçün AYB-yə üz tutdu və orda “akula”lar onu “uddu”.

Yəni təbliğata ehtiyacı olan istedadlı gənclər qaldı qıraqda, ədəbiyyata aid olmayan, ya da nəşriyyatları, oxucuların gözlərini döyənək eləmiş, adları və yazdıqları saqqız kimi çeynənməkdən çürümüş adamların kitablarını ona tərcümə və çap etdirdilər.

Yasemin xanımla yaxın idik.

Mən ona istedadlı gənclər haqda danışdım, amma o, onları tanımadı.

Çünki onu artıq başqa səmtə yönəltmişdilər. Heyfim gəldi onun zəhmətinə. Nigar xanım da eyni aqibətlə üzləşdi.

Onun bizim ədəbiyyatdan bixəbər olması AYB-nin az qala danışmanı kimi irəli verilmiş “ac qurd”larının xeyrinə işlədi və onlar bu xanımdan da öz çirkin məqsədləri üçün yaxşıca istifadə etdilər.

Bilirsiniz də söhbət kimdən gedir... Bu il o müsabiqənin münsiflərində azad yazarların təmsil olunması müsbət haldır.

Əgər fırıldaq işlədib onların başının altından iş görməsələr, ədalət prinsipi pozulmayacaq.

- Yaradıcılığınızda ictimai problemləri, insan taleyini prioritet mövzu hesab etmək olar. Bunu nə ilə izah edərdiniz?

- Yazıçı Ejen İonesko deyirdi ki, yazıçıların mövzu seçimində azad olduğunu, nə yazacaqlarını özlərinin qərarlaşdırdığını düşünənlər yanılırlar.

İçimizdə olan iztirablar, zəhlətökən obrazlar, bəşəri problemlər vaxtı çatanda özləri üzə çıxırlar. Həqiqətən də belədir.

Yazıçı, şair eyni zamanda yaşadığı cəmiyyətə öz yaradıcılığı ilə ayna tutur.

Söhbətləşdi: Qərib Elli

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG