Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 08:26

«Dağ tuneli Bayılda çoxlarını evsiz qoyacaq»


Mətbuat icmalı
Mətbuat icmalı
«ŞƏKƏR VƏ QƏNNADI MƏMULATLARIN QİYMƏTİ QALXIB»

«Yeni Müsavat» qəzeti yazır ki, ölkədə şəkər və qənnadı məmulatların qiyməti qalxıb. Ölkədə bahalanmanın vüsət aldığını yazan qəzet bunun səbəbini fevralın 1-dən dəmiryol nəqliyyatında istifadə xidmətinin artırılmasında görür:

«...Bundan sonra ətraf rayonlardan Bakıya gətirilən ərzaq məhsullarının qiymətində artım özünü göstərdi. Son iki gündə isə şirniyyat məhsullarının qiymətində artım müşahidə olunur. Qənd və şəkər tozunun qiyməti də 10 qəpik bahalaşıb».

DAĞ TUNELİ BAYILDA ÇOXLARINI EVSİZ QOYACAQ

«Yeni Müsavat» yazır ki, Nəqliyyat Nazirliyi avtomobillərin paytaxta girişini asanlaşdırmaq üçün şəhərə dağ tunelləri çəkmək təşəbbüsü ilə çıxış edib:

«Yeni layihəyə əsasən, avtomobillərin Bakıya girişi üçün bir neçə istiqamətdən tunellər çəkiləcək. İlk belə tunel Bayılda olacaq. Uzunluğu 800 metr olacaq bu tunel Şıx çimərliyi ilə Bayıl qəsəbəsindəki «20-ci sahə»ni birləşdirəcək. Paytaxtın qərb istiqamətindən şəhərin mərkəzinə gələn avtomobillər tunel vasitəsilə «20-ci sahə» deyilən əraziyə daxil ola biləcəklər».

Məqalədə deyilir ki, bu tunel Bakının «Bayıl» adlanan yaşayış massivində xeyli adamı evsiz qoyacaq.

«HAKİMİYYƏTİ İFŞA EDƏN MÜSAHİBƏ»


«Azadlıq» qəzeti həftəsonu sayında Misir hadisələrinə yer ayırıb.

Qəzet Milli Məclisin üzvü Eldar İbrahimovun yerli saytlardan birinə müsahibəsini şərh edib.

«Eldar İbrahimov hakimiyyəti ifşa etdi» sərlövhəli məqalədə Eldar İbrahimovun müsahibəsindən bu sitat gətirilib:

Eldar İbrahimov
«Görürsünüz, prezident Şərqdə baş verən hadisələrlə bağlı çox çevik siyasət yürüdərək, o dəqiqə tapşırıq verdi ki, korrupsiya, rüşvətxorluğa qarşı mübarizə aparılsın. Deyilən tapşırıqlara uyğun mübarizə aparılması həyata keçirilsə, Azərbaycana heç bir problem ola bilməz. Mən inanıram ki, bu, belə də olacaqdır».

«XAÇMAZ İŞIQLANIB»

«Azərbaycan» qəzeti isə 6 fevral tarixli sayında Ağaəli Məmmədovun imzası ilə «Gecəsi də gündüz kimi işıqlıdır» sərlövhəli məqalə dərc edib:

«1965-ci ildən fotoqraf sənətini seçmişəm. Yarım əsrə yaxındır ki, ölkədə baş verən hadisələri, yenilikləri fotoaparatın yaddaşına köçürürəm. ...Xaçmazın 60-cı illərini xatırladıqda isə yadıma dəmiryol stansiyasının binasından, küləklərin qaldırdığı tozanaqdan və bir də günəşin qızmar şüalarından torpağa sığınan yoxsul tikililərdən başqa heç nə gəlmir.

...Xaçmaza bu dəfə gələndə axşam düşmüşdü. Şəhərə girəndə sanki çilçıraqları ilə alışıb-yanan əfsanələr aləminə qədəm basdım. Yorğunluğumu da, istirahətimi də unutdum. Məni arxasınca səsləyən gözəlliklərin izinə düşdüm, işıqları ilə ulduzlar kimi sayrışan şəhərin nağıla bənzər tilsimindən yaxa qurtara bilmədim. ...Gördüyünüz kimi, Xaçmaz da bu sırada istisna deyil!»

«İQTİSADİYYAT ÇOXŞAXƏLİ İNKİŞAF EDİB»

Rəsmi qəzet «Sürətli və çoxşaxəli iqtisadi inkişaf qarşıya qoyulan vəzifələri uğurla həyata keçirməyə əsas verir» sərlövhəli məqaləsində yazır ki, ötən il Azərbaycan üçün çox əhəmiyyətli il olub:

«İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsul istehsalında xüsusi çəkisinin artması, regionların proporsional inkişafı, sahibkarlığa dövlət qayğısı həyata keçirilən səmərəli islahatlar və bu istiqamətdə olan digər tədbirlər Azərbaycanda qazanılan uğurlarını daha da artırıb...».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG