Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 08:27

Elnur Hüseynov «Eurovision-2011»in seçim sistemini düzgün saymır


-

«Eurovision» ehtiraslarının yeni təkan aldığı bu günlərdə Azərbaycanı ilk dəfə bu arenada təmsil edənlərdən biri, Elnur Hüseynovla əlaqə saxlayıb müsabiqə haqqında onun fikirlərini öyrəndik.

- Elnur, Samirlə birgə Azərbaycanın «Eurovision» pioneri olmusuz. İndiki müsabiqənin seçim mərhələsini izləyirsiz?

- Əvvəl başladım izləməyə. Amma görəndə ki, güclü müğənnilərimiz, güclü səsi olan iştirakçılarımız növbəti mərhələyə keçmədi, mən də marağımı itirib daha izləmədim.

- Siz builki, sonuncu müsabiqəni nəzərdə tutursuz?

- Bəli, indikini.

- Bəs iştirakçılardan kimi dəstəkləyirdiz, kimi qələbəyə layiq bilirdiz?

- Mən Səbinə Babayevanı dəstəkləyirdim, Diana Hacıyevanı, bundan başqa Eldar Qasımovun necə inkişaf etməsi xoşuma gəlirdi.

- Bəs növbəti mərhələyə keçən namizədlər haqqında nə deyə bilərsiz?

- Məncə onlar üçün hələ tezdir, uşaq «Eurovision»una bəlkə də gedə bilərdilər, böyük səhnəyə çıxmaq üçün isə onlara 3-4 il lazımdır.

- Bəs indi yarışı davam etdirən 5 nəfərdən Azərbaycanı kim daha yaxşı təmsil edə bilər?

- Kim qalıb ki, heç bilirəm? Xəbərim də yoxdur.

- İlhamə qalıb, İlqarə, Aynişan qalıb...

- Eldar qalıb hələ?

- Hə, Eldar Qasımov da davam edir.

- Elə Eldar da gedə bilər, hər halda o birilərindən yaxşıdır.

- Elnur, SMS seçimini nə dərəcədə ədalətli seçim sistem sayırsız?

- Məncə SMS sistemi düzgün deyil, çünki kimin pulu olacaq, o da özünü qabağa apara biləcək. Xüsusilə hər telefondan nə qədər istəyirsən səs göndərə bilərsən. 1000 manatlıq kontur alıb, adam özü-özünə yüzlərlə səs göndərə bilər. Bu, düzgün olmur axı...

- Sizin vaxtınızda belə deyildi?

- Yox, bizim vaxtımızda münsiflər heyəti otururdu, ciddi yoxlama gedirdi. Xarici görünüş, səs, səhnədə özünü aparmaq qabiliyyəti – hər şeyə baxırdılar. Amma indi belə bir şey yoxdur.

- Çoxdan görünmürsüz, nə Siz, nə Samir...

- İnşallah, mən çıxacam. Sadəcə olaraq, problemlər var idi: sponsorluq tərəfindən, prodüser tərəfindən. İndi, Allaha şükür, hər şey alınır. 2011-də təzə mahnılar olacaq, inşallah görəcəksiz.

- Xarici qastrollar da olacaq?

- Xarici qastrollar da olacaq, düz tapmısız...

- Sizdən sonra Azərbaycan daha 2 dəfə «Eurovision»da təmsil olundu: Aysel və Araş, sonra da Səfurə Əlizadə. Onlara azarkeşlik edirdiz, dəstəkləyirdiz?

- Əlbəttə dəstəkləyirdim! Çünki onlar da Azərbaycanımızı təmsil edirdilər.

- Onlar necə namizədlər idi?

- Yaxşı namizədlər idi. Özünüz gördüz ki, Aysellə Araş 3-cü yeri aldılar, böyük bir nailiyyət idi. 5-ci yeri alan Səfurə Əlizadəyə də halal olsun. Amma indikilər, heç bilmirəm...

- İndikilərin, bu 5 nəfərin şansı necədir, neçənci yerə ümid edə bilərlər?

- Əlbəttə, orda da bir siyasət var, yəni ancaq səsini göstərməklə bitmir. Amma hər halda birinci yerlərə ümid edəcək namizədlər deyillər.

- Çox vaxt deyirlər ki, «Eurovision» daha çox siyasi müsabiqədir, nəinki mahnı müsabiqəsi. Siz də belə düşünürsüz?

- İstənilən müsabiqədə əlbəttə birinci yer satın alınır. Hətta 2-ci yerə nə qədərsə pul verirlər. Əlbəttə ədalətsizlik var.

- 3-cü yer də alınır?

- Bilmirəm, vallah bilmirəm. Bütün bunlar haqda biz ancaq eşidirik. Amma tam həqiqəti biz görə bilmərik.

- Madam ki, siyasətdən söz düşdü. Siz heç siyasətlə maraqlanırsız?

- Sözün düzü, yox. Çünki mən hətta siyasətlə maraqlansam da, nə əlim çatır, nə bir sözüm çatır, mənlik deyil o.

- Məsələn, Sizdən sonrakı «Eurovision» iştirakçıları - Aysel və Səfurə Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət ediblər. Sizin belə təşəbbüsünüz varmı?

- Yox, axı o, mənlik deyil.

- Niyə?

- Çünki mən siyasət adamı deyiləm. Mən nə qədər də olsa, hər halda musiqi təhsilim var, musiqi ilə məşğulam. Siyasət isə mənlik deyil, vallah. Belə də isə, düzgün partiyadırsa, düzgün işi varsa, niyə də yox? Dəstəkləmək olar, amma hansısa partiyaya yazılmağa gələndə, mən heç vaxt yazılmaram, bir neytral insan kimi qalaram.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG