Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:39

Elxan Qaraqan Milli Kitab Müsabiqəsinə niyə qatılmayıb?


Birinci Milli Kitab Mükafatının qalibi, gənc yazar Elxan Qaraqanın Lent.az-a müsahibəsi


- Necəsən, Elxan?

- Yaxşı. Əladır hər şey.

- Maşallah, deyəsən I Milli Kitab Mükafatının qalibi olduğuna görə ünvanına deyilən tənqidlər əhval-ruhiyyənə təsir etməyib.

- Yox, mənim əhvalıma heç vaxt heç nə təsir etmir. O tənqidlər olanda mən Avropadaydım, heç nə eşitmədim.

- Axı sən o zaman əsgərlikdə idin.

- Əsgərlikdən qayıdandan sonra Bakıda 10-15 gün qaldım, sonra getdim istirahətə. Beynimi formatlamaq üçün.

- Necə hesab edirsən, qalib elan olunandan sonra niyə sənin üstünə çox düşdülər?

- Vallah, heç mən onu çox hesab etmirəm. Olmalı qədər oldu. Kim nə qədər çox sevilirsə, bir o qədər də sevilmir.

İnsanlar fərqlidir. Tənqid edənlərə də minnətdarlığımı bildirirəm ki, ümumiyyətlə, mənim haqqımda danışırlar.

- Bir tərəfdən də reklam oldu sənə.

- Reklam olmadı. Sadəcə, hər hansı bir münasibətdir. Dünyada ən pis şey insana münasibətin olmamasıdır. Pis və ya yaxşı münasibət varsa, deməli, sən varsan.

- Ünvanına deyilən tənqidləri nə ilə əlaqələndirirsən?

- Vallah, heç mən o insanları tanımıram. Ancaq eşitmişəm.

Ümumiyyətlə, mənə deyəndə ki, səni kimsə tənqid edib, çalışıram o məqaləni, yazını heç oxumayım. Çünki neqativ enerjidən qaçıram.

- Amma hər halda, oxumamış olmazsan.

- Yox, demək olar ki, iki-üçünü oxumuşam. Qalanlarını da oxuyanlardan soruşmuşam. Deyiblər ki, məsələn, “qaşından xoşu gəlmir”.

Demişəm, “hə, yaxşı, mən getdim çimməyə”.

Yəni, buna o qədər də vaxt ayırmıram. Çünki həyatda bir dəfə yaşayıram, vaxtımı tənqidlərə ayırsam, həyatım tənqidlərlə dolu olacaq.

- Amma söhbət sənin qaşından, gözündən yox, əsərindən gedir.

- O da mənim bir hissəm kimidir. Tənqidlər mənim üçün o qədər də vacib deyil.

Elçi gedəcəyim qızın atası tənqid etmir ki, mənim üçün vacib olsun. Yad bir adam edir.

- “A” romanını plagiat olmaqda suçlayırdılar. Bu sırada “Döyüş klubu” filminin adını da çəkdilər hətta. Filmə baxmısan yəqin...

- O filmə də baxmışam, digər bir neçəsinə də. Və çox əsər də oxumuşam. Axtarsaq, “A” romanını çox şeyə oxşatmaq olar.

Çünki hamısı eyni mövzudan bəhs edir. Onda deyək ki, “İncil” də “Tövrat”dan plagiatdır...

Əgər hamısında eyni problem səsləndirilirsə, kitablar oxşar ola bilər.

Onda deyək ki, Çingiz Abdullayev Artur Konan Doyldan plagiatdır?!

Sadəcə, eyni janrdır... Mənim yazdığım əsər kontrkultura janrındadır, alternativ ədəbiyyatdır.

O janrda olan bütün əsərlər onsuz da bir-birinə oxşayır.

- II Milli Kitab Mükafatına da əsər təqdim etmək fikrin var?

- Hələ ki təqdim etməmişəm. Çünki üçüncü romanımı yazmışam. Rus dilində.

Onun çapına, təqdimatına başım qarışıb. Bəlkə təqdim etdim, bəlkə yox. (MKM-ə əsər qəbulu yanvarın 13-də başa çatıb - "Oxu zalı")

O barədə çox düşünməmişəm. Fikirlərim hələ dağınıqdır.

- Niyə? Yenidən eyni münasibətlə qarşılaşacağına ehtiyat edirsən, yoxsa əsərini o qədər də güclü saymırsan?

- “Bir milyon dollarım olsaydı” 2010-cu ildə Bakıda ən çox satılan ikinci, “A” romanım isə birinci kitabdır.

Yəni, əsər artıq özünü sübut edib. Lap nifrət etsələr də, oxunursa, deməli, bu, yaxşı əsərdir.

Yəni, mənə yaxşıdır. Bəlkə oxuyanlar üçün yaxşı deyil. Satılır, mənim üçün yaxşıdır.

Mən öz fikrimi satıram, insanlar alır, eləcə də ordan mənəvi qidalanır. Əsərlərimi qida məhsulu kimi satıram.

- Bəs satışdan gəlir, normal qonorar əldə edə bilirsən?

- Çox yaxşı. O dərəcədə qonorar gəlir ki, işləməsəm də, özümü saxlaya bilərəm. Buna görə də oxuculara minnətdarlığımı bildirirəm.

- Bir müddət əvvəl yeni əsərinlə bağlı iddialar irəli sürdün...

- Bir az qərəzli əsərdir. Qərəz əsərin leksikasında görünə bilər.

Əsərin qəhrəmanı tam mənfi bir obrazdır. O cəhətdən bizim millətin mentalitetinə, psixologiyasına uyğun gəlməyə bilər. deyə bilərlər, “bu, kim idi ki, qəhrəman elədiniz?”

Psixoloji problemləri olan obrazdır. Ümumiyyətlə, o biri iki əsərimdə də psixoloji problemləri olan insanları qəhrəman seçmişəm nədənsə.

Yəqin özümdə də psixoloji problemlər var (gülür).

- H.O.S.T. qrupunu da mənfi enerji yaymaqda suçlayırdılar. Mənfi nəsnələr hardan qaynaqlanır belə?

- Söhbət ondan getmir ki, bizim niyyətimiz pisdir və ya qara qüvvələrə xidmət edirik.

Azadlıq Radiosunun Bakı bürosunda
Sadəcə, insanın mənəvi qidası varsa və onu masaya bənzətsək, onun üzərində şirniyyatlarla yanaşı, duz, istiot da olmalıdır.

Azərbaycanın mənəvi qidasında hər şey şirin idi, istiot, duz yox idi.

Amma duzlu, istiotlu qidanı sevənlər var... İnsan var ki, mənfi emosiyalı mahnıya qulaq asmağa, əsər oxumağa ehtiyacı var və o, öz mənfi enerjisini ora boşaldır.

Ona qalsa, Azərbaycanda boks, karate federasiyaları var, camaat bir-birini döyür də.

İnsan xislətində olan hər şeyi işıqlandırmaq lazımdır.

- Qrupun hazırkı fəaliyyəti nə yerdədir?

- Hazırda iki yeni albom üzərində çalışırıq. Son üç ayda iki konsert vermişik, dörd klip çəkdirmişik.

Bu yaxınlarda isə Azərbaycan turnesini keçirəcəyik.

Rayonlarda konsertlər verəcəyik... H.O.S.T. təzə çıxanda hamı qaş-qabağını sallayırdı.

Amma indi görürlər, yox, normal insanlarıq. Mahnı oxuyuruq da, adam öldürmürük ki...

- Amma mahnı var ki, hətta intihara gətirib çıxarır.

- O düzdü. Amma ona qalsa, onda gərək türk seriallarının heç birini göstərməsinlər, axırı qızların intiharına gətirib çıxarır.

Ya da dükanlarda mətbəx bıçağı satılmasın. İnanmıram ki, H.O.S.T, intihara çağırsın. Əksinə, mahnılar ümid verir.

- Qrupun oxuduğu mahnıların hamısı da öz monopoliyanızdadır.

- Monopoliyamıza almamışıq. Sadəcə, bu iş elə olur da.

Öz sənətindirsə, onu sevirsənsə, sənin olmalıdır. Elə bil ki, sənətin istədiyin qızdır.

Demirsən ki, bu dəfə də başqa oğlan onu öpsün. İstəyirsən sənətdən özün zövq alasan.

Biz bunu bazar üçün yox, zövq almaq üçün edirik.

- Deyirlər, sənin qadağan olunmuş bir əsərin var – “Şeytanın kitabı”...

- Hə, yazmışam. Amma onu çıxarmadıq. Bəzi yazıçılarla, jurnalistlərlə, elm adamları ilə məsləhətləşəndən sonra qərara gəldik ki, kitabı ümumiyyətlə nəşr etməyək.

Çünki çox pis psixoloji təsiri ola bilər. Əsər şeytandan bəhs etmir, sadəcə adı elədir.

Düzdür, Fransada, Almaniyada bu əsəri asanlıqla çıxarmaq olar. Fransız seriala baxırsa, ona daha çox onun məğzi lazımdır. Bizimki seriala baxır Behlülün gözlərinə vurulur, kimsə ona elçi gələndə də deyir “yox, mən Behlülü gözləyirəm”.
Məsələn, “A” kitabından sonra dəfələrlə soruşurdular ki, “Aysel səni doğrudan atdı?”

Hansısa qəhrəmanı əsərdə öldürəndə deyirlər, nə pis adamsan, niyə onu öldürdün.

Bizim camaatda təsirlənmə çox güclüdür. Ona görə o əsər xüsusən 16-18 yaşlı gənclərə pis təsir edə bilərdi.

Yəqin hər bir yazıçının həyatında elə bir əsəri var ki, o öləndən sonra üzə çıxsın. Mən də bu əsəri ehsan kimi saxlayıram.

- Əsərlərində daha çox yalan danışırsan, yoxsa həyatda?

- Hər yerdə. Yalan Allahın insana verdiyi bir lütfdür də. Çox vəziyyətlərdə insanı xilas edir. Yalana o qədər də pis baxmıram. Yaradıcılığın bir xüsusiyyətdir.

- Sevdiyin qız sənə yalan danışsa, ona da pis baxmayacaqsan?

- Biz yəqin bir-birimizə yalan danışmaqdan zövq alacağıq...

Yox, demirəm ki, elə bütün günü yalan danışacağıq. Amma məsələn, hamilə vaxtı ona deyərəm ki, nə gözəl görünürsən. Söhbət bu cür – balaca və xoş yalanlardan gedir.

Onlardan istifadə etmək olar. Amma əsərlərimdə yalan yox, daha çox uydurmalar olur ki, oxucunu mövzuya cəlb eləsin.

- Qarşıda oxucularını hansı əsərlə sevindirmək niyyətindəsən?

- Növbəti əsərimi artıq bitirmişəm. Hazırda onun çapını düşünürəm. Bu əsər bir etiraf formasındadır.

Qəhrəmanın çox qəribə fikriləri və həyat tərzi var. Tam fərqli bir formada pul qazanır, insanlarla tam fərqli əlaqələri var.

Və camaatın təəssüratı maraqlıdır ki, görüm öldürəcəklər, kəsəcəklər, tənqid edəcəklər məni.

Elə bir şey olsa... Fərqi yoxdur, nə deyirlər desinlər, yenə yazacam. Bunu özüm üçün yazıram, başqası üçün yazmıram ki.

- Özün üçün yazırsansa, onda niyə çap edirsən? Ola bilməz ki, başqalarının fikri sənə maraqlı olmasın.

- Sözün düzü, başqalarının fikri maraqlı olsaydı, “Ulduz falı” kitabı buraxardım, on qat da artıq, heç kim də pisləməzdi.

Ya da “Qızlar, evlənməzdən öncə hər birinizə bilmək vacibdir” adda kitab çap edərdim.

Vallah, mənim kitablarımdan qat-qat artıq satılardı. Sözsüz ki, daha çox özümü, öz zövqümü fikirləşirəm.

- Deyəsən, hər şeyə laqeyd yanaşırsan...

- Laqeyd yox, sadəcə ciddi deyiləm. Bir də bu, rahatlıqdır. İnsan rahat olmalıdır.

Mən əsərlərimdə içimdəki bütün neqativləri boşaldıb təmizlənirəm. Yəni, neqativi, onu sevən insanlara verirəm.

Mənə elə gəlir, onlar da əsəri oxuyanda müəyyən qədər öz neqativlərini boşaldırlar.

İnsanlara pis şeyi də göstərmək lazımdır. Məsələn, kifir qız hansısa varlı, gözəl müğənnin rahat həyatı haqda fikirlərini eşidəndə intihar həddinə çata bilər.

Amma ona, özündən daha pis bir obraz göstəririk ki, heç olmasa özünə şükür etsin. Bu mənada əsərlərimi faydalı hesab etmək olar...

Lent.az

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG