Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:02

Vergilər naziri səyyar vergi yoxlamalarından danışdı


Fevralın 2-də Vergilər Nazirliyində kollegiya iclası keçirilib. Nazirliyin bir gün sonra yaydığı məlumatda deyilir ki, iclas Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş iclasında və prezidentin göstərişi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın yanvar ayının 27-də keçirilmiş iclasında verilmiş tapşırıqların müzakirəsinə həsr olunub.

Vergilər naziri Fazil Məmmədov bildirib ki, 2011-ci ildə vergi bazasının genişləndirilməsi məqsədilə bütün təsərrüfat subyektləri pasportlaşdırılacaq, vergilərin vaxtında və tam həcmdə ödənilməsinə nəzarət gücləndiriləcək.

Nazir vergi xidmətinin fəaliyyətində şəffaflığın artırılması üçün son illər görülən bəzi işlərə baxmayaraq, vergi əməkdaşları tərəfindən yol verilən kobud neqativ halların bütün vergi xidmətinin nüfuzuna xələl gətirdiyini bildirib. O, sistem daxili nəzarətin və şəxsi heyətlə aparılan işlərin gücləndirilməsinin vacibliyini qeyd edib.

F.Məmmədov bildirib ki, ayrı-ayrı vergi işçilərinin qanunla müəyyən edilmiş vəzifələrinə uyğun olmayan hərəkətləri vergi ödəyicilərinin haqlı narazılığına və vergi orqanlarına etimadsızlığına səbəb olur.

İlk növbədə bu səyyar vergi yoxlamaları və ya operativ nəzarət tədbirləri aparılarkən Vergi Məcəlləsinin tələblərinin pozulması və ayrı-ayrı hallarda korrupsiya və rüşvətxorluq faktlarının olması ilə bağlıdır.

Nazirin sözlərinə görə, ötən il vergi orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsinə, attestasiyanın yekunlarına görə müasir tələblərə cavab verməyən, habelə vətəndaş müraciətləri və şikayətlər üzrə aparılmış araşdırmalar nəticəsində neqativ hallara yol vermiş vergi işçilərinin sistemdən kənarlaşdırılmasına baxmayaraq, bu kimi hallara hələ də rast gəlinməsi daha ciddi tədbirlər görülməsini tələb edir.
XS
SM
MD
LG