Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:34

Pakistanda, Əfqanıstanda döyüşən azərbaycanlılar


XORASANDAN AZƏRBAYCANA MÜRACİƏT

«Allaha həmd olsun ki, bizə bu şərəfli ibadətə - cihad etmək ibadətini yerinə yetirməyə fürsət verdi. Bu dağların arxası Əfqanıstanın Paktiya bölgəsidir. Orda əməliyyat keçirmək niyyətimiz var».

Bu çıxış, əslində, videoçıxış “azerijihad” saytında yerləşdirilib. Beş dəqiqəlik bu videoçarxda üzləri bağlı üç nəfərdən biri müraciət edir. Bu müraciətdən öncəsə 2010-cu ildə ölmüş, azərbaycanlı olduğu deyilən səkkiz nəfərin adı və üzü göstərilir. Onların uzun saqqalı, əllərində silahı, dini adları var. Geyimləri də fərqlidir.

Konfliktoloq Arif Yunus deyir ki, son zamanlar Azərbaycanda mücahidliyi təbliğ edən belə saytların da, Azərbaycandan qıraqda – Pakistanda, Əfqanıstanda, Şimali Qafqazda döyüşənlərin də sayı artıb. Onun sözlərinə görə, söhbət Azərbaycan vətəndaşı olan, radikal islamçılardan gedir.

«AZƏRBAYCAN QANUNLARI DƏYİŞMƏLİDİR»

«Radikal islamçılar müharibədə, terrorda iştirak edənlərdir. Söhbət Azərbaycan vətəndaşlarından gedir ki, Pakistanda, Əfqanıstanda, Çeçenistanda döyüşürlər. Onlar həqiqətən də radikaldırlar. Rəsmi şəkildə bildirirlər ki, Azərbaycan qanunlarını dəyişdirmək lazımdır. Deyirlər ki, Azərbaycan islam ölkəsidirsə, hər şey şəriət qaydaları əsasında idarə olunmalıdır».

Arif Yunus deyir ki, Türkiyəyə bağlı nurçular da ölkənin şəriət əsasında idarə olunmasını istəyirlər. Amma radikallardan bir fərqləri var - niyyətlərini reallaşdırmaq üçün silaha əl atmırlar.

Konfliktoloq yeni kitabında bu haqda, Azərbaycandakı siyasi islamdan, onun fəsadlarından yazır. Həmin kitab iyulda tamamlanmalıdır. Amma indilik konfliktoloq bu yöndə araşdırmalar aparır.

«ONLARIN SAYI AZDIR, 300-400-DƏN ÇOX DEYİL»

Arif Yunusun sözlərinə görə, Azərbaycanda radikalların sayını təxmini söyləmək olar.
«Sələfiləri götürək, mətbuatın yazdığı kimi vəhabiləri. Mənim rəqəmlərimə görə, təxminən 40 minə yaxın sələfi var. Amma onlardan ən çoxu 5-7 mini radikal çıxışlar edir. Bu o demək deyil ki, onlar radikaldır. Söhbət bu gün real iş görə bilməyə hazır olandan gedirsə, onların sayı azdır. 300-400-dən çox deyil. Əksəriyyəti respublikadan kənardadır. Əfqanıstanda, Pakistanda, Dağıstanda və ya Çeçenistanda vuruşurlar».

Arif Yunusun dediyi həmin 300-400 nəfər nə qədər təhlükəlidir, onlar sıralarını Azərbaycanda daha da genişləndirə bilərlərmi, onları mücahidliyə hansı qruplar təhrik edir?
Konfliktoloqun sözlərinə görə, bu suallara kitabda cavab verəcək. Amma indilik onun özü üçün də bəzi sualların cavabı qaranlıqdır.

«SÖHBƏT SAYDAN YOX, TƏHLÜKƏDƏN GETMƏLİDİR»

«On il öncə onların sayı çox az idi. Tək-tək eşidirdik ki, Azərbaycan vətəndaşları (onların arasında ən müxtəlif millətlərin nümayəndələri var – həm azərbaycanlılar, həm avarlar, həm ləzgilər) ölkədən kənarda, məsələn, Çeçenitanda, Dağıstanda vuruşurlar. Amma son illər belələrinin sayı çoxalıb. Bu tendensiyadır. Həbslər olsa belə, sayları çoxalır. Söhbət ondan getməməlidir ki, onların sayı çoxdumu, azdımı. Bəzən 100 nəfər də az deyil. Rusiyanı götürək. Rəsmilər deyirlər ki, Şimali Qafqzada 2000-ə yaxın yaraqlı vuruşur. Bəzən də bu rəqəm 800 göstərilir. Bu rəqəm Rusiya kimi böyük dövlət üçün heç nədir. Amma biz hər gün eşidirik ki, Şimali Qafqazda, xüsusən də Dağıstanda, patyaxt Moskvada terror aktları olur. Söhbət saydan yox, təhlükədən getməlidir. Azərbaycanda bu adamların sayı çoxalıbsa, deməli təhlükəli tendensiyadır. Deməli, haçansa bizdə Rusiya variantı ola bilər».

AZƏRBAYCAN İNTERNETİNDƏ PARTİZANLIQ

Arif Yunus bir müşahidəsini də AzadlıqRadiosu ilə bölüşür. Onun deməyinə görə, Azərbaycanda radikal islamçıların yaratdığı saytların sayı klassik müxalifətə bağlı saytlardan qat-qat çoxdur.

«Belə baxanda dördqat çoxdur. İnternetdə radikal islamla bağlı saytların sayı artır. Mən özüm «azeri-cihad», «milleti-ibrahim» saytlarına diqqət yetirirəm. Azərbaycan, rus dillərində məlumatlar verirlər ki, Əfqanıstanda, Pakistanda, Şimali Qafqzada bunlar neyləyir».

Bu saytlarda cihada açıq çağırışlar edilir. Hakimiyyətin ünvanına sərt və bəzən də təhqiramiz ifadələr söylənir. Bəzilərində partlayıcı qurğuların hazırlanması haqda məlumatlar yerləşdirilib.

Materialı hazırlayarkən həmin saytlardan birinin rəhbəri ilə müsahibəyə cəhd etdik. Bizim müraciətə belə cavab göndərildi:
«Düşünmürük ki, bu müsahibənin Allah Taalanın dininə bir faydası olsun. Sizi isə İslama dəvət edirik. Çünki bizi yaradan Allah qarşısında Ona tabe ve təslim olmaqdan başqa bir şeyəgörə məsul deyilik».

DİN, MTN BU SAYTLARDAN XƏBƏRSİZMİŞ

Cihada çağırış edən, Azərbaycanın dövlət quruluşunu dəyişməyi təklif edən saytlar nə dərəcədə təhlükəlidir? Hüquq-mühafizə orqanları onların işindən xəbərdardımı?
Bu sualla hüquq mühafizə orqanlarına müraciət etdik.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əmkədaşı Orxan Mansurzadə həmin saytlardan xəbərsiz olduğunu söylədi.
Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arif Babayev də eyni cavabı verdi: «Bu saytları oxumamışam, oxuyum, sonra fikrimi deyim».

Yada salaq ki, Azərbaycan hökuməti indiydək Əfqanistanda və Pakistanda döyüşmüş bir neçə qruplaşmanın üzvünü məhkum edib. Son məhkəmələrdən birində həmin döyüşçülərdən Rəşad İsmayılov 5, Ramin Musayev 3, İlqar Məmmədov 1 il azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG