Yaraşmır
Bir bardaq susamaq
Bir pay acmaq imiş sevmək.
Bir qucaq yalan imiş, demək
Sevgili bildiyimiz.
Adambaşına bir ömür,
adambaşına bir sevgi,
adambaşına bir həsrət...
Həsrətin mənə bir ömür borcu var.
Sevdiyimizi sanıb,
boşuna qorxmuşuq ayrılıqlardan.
Qorxmaga dəyməzmiş.
Yaşadığımızı sanıb,
ölümdən qorxduğumuz kimi.
Bu sevgiyə heç əlvida da yaraşmır
boş evlərə yaraşmadığı kimi.
Unut
Əyri tutmusan əllərində həyatı
Keçmişinlə gələcəyin qarışıb bir-birinə.
Iç-içə keçirdiyin səbəblərdi bəlkə əlini əyən?
Unutma ki,
hər səbəb olacağa bir işarədir.
Heç bitməsin deyə başlamamaq isə,
Səbəb deyil,
bəlkə də çarədir.
Sən –öz içində,
bəzən yaralarının məlhəmi olan,
bəzən yarana duz basan
və bir nəfəsə söndürə bilmədiyin
sevgin qədərsən.
Bəzən sənə elə gəlirmi ki,
içindəki sadəcə qabığını dəyişən ilandır ?
Elədirsə,
o hiss sənin doğmandır,
o hiss sənin özündür.
Içində hava xoşdursa,
Unut hansı mövsümdür.
Səhər
Yenə gecə paltarını geyindi əyninə göy üzü.
Yenə pəncərəmə gəldi ay gecələməyə.
Yenə yar bilib basdım bağrıma gecəni.
Sükutun ahənginə uygun
pıçıldadım qulağına:
“Yaman darıxmışam”.
Aglamasaydım,
Boğulardım.
Keçirib əllərini boğazıma bayaqdan qəhər
Göz yaşlarım yudu yenə
göy üzünün paltarını,apardı rəngini,
açıldı səhər.
Fon
Mənə toxunandan sonra
ürəyimə yatan cümlələrə dönüşən
nəfəsin üçün darıxanda
düşünürəm ki,
hər tapdığın şey sənindi - demək deyil.
Mən sənin həyatının arxa fonuyam
həyatını daha gözəl göstərmək üçün.