Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:30

Erməni məktəblərində türklər də oxuyacaq


Öz uşaqlarını İstanbuldakı erməni məktəblərinə yollayan valideynlər çox vaxt bu mövzuda danışmağa həvəsli olmurlar
Yeni qaydaya görə, Türkiyədəki erməni məktəbləri erməni-türk qarışıq ailələrindən olan uşaqları, eləcə də erməni mənşəli olmayan uşaqları da qəbul edəcək.

Qarışıq ailədən doğulmuş uşaqların bir çoxu indinin özündə də İstanbulda fəaliyyət göstərən 18 erməni məktəbində təhsil alır.

Əvvəllər uşağın erməni məktəbinə gedə bilməsi üçün onun hər iki valideyni erməni Apostol Kilsəsinin üzvləri olmalı idilər. Ancaq indi Türkiyə Təhsil Nazirliyinin verdiyi qərara görə, yalnız valideynlərdən birinin bu kilsənin üzvü olması kifayətdir.

Özəl Pangaltı (Mıxıtaryan) erməni orta məktəbinin direktoru Karekin Barsamyan bildirib ki, bu məktəbdə oxuyan uşaqların bir çoxunun şəxsiyyət vəsiqələrində onlar müsəlman kimi göstərilib. Bir hissəsi isə süryani kimi göstərilib. Qalan bir hissəsinin isə ümumiyyətlə, valideynləri türk-yunan kimi göstərilib:

«Ancaq onların şəxsiyyət vəsiqəsində necə göstərilməsindən asılı olmayaraq, bu uşaqlar erməni-xristian təhsili alırlar. Onlar öz milli kimliklərini gələcəkdə özləri müəyyən edəcəklər».

Mıxıtaryan orta məktəbi Türkiyə Respublikası yaranan ilk illərdən Türkiyədəki erməni məktəblərinin bir növ əlaqələndiricisi olub.

VALİDEYNLƏR DƏ RAZIDIR

Öz uşaqlarını İstanbuldakı erməni məktəblərinə yollayan valideynlər çox vaxt bu mövzuda danışmağa həvəsli olmurlar. Öz soyadını deməyən Həcər deyir ki, o, öz ailəsindən məmnundur. O, 6 və 12 yaşlı iki uşağının olduğunu bildirir. Uşaqların hər ikisi erməni məktəbinə gedir. Həcər deyir ki, «mən onlarla birlikdə erməni dilini öyrənirəm».

Öz soyadını açıqlamayan Aylin adında başqa bir qadın isə deyir ki, o, əslən Türkiyənin şərqindəki Muş vilayətindəndir. Onun valideynləri 1915-ci ildə İslam dinini qəbul ediblər. Ailə üzvləri də hamısı sadiq müsəlman olublar:

«Mənim ailəm çox mühafizəkardır. Ancaq mühafizəkar olsalar da, onlar mənim erməni oğlanla ailə quramağıma qarşı çıxmadılar».

Türkiyədəki ermənilər qanunsuz miqrantların ölkədən çıxarılması əleyhinə nümayiş keçirirlər, 19 mart 2010
Lakin o, 9 yaşlı oğluna milli kimliyini izah etməkdə çətinlik çəkdiyini deyir:

«O, həmişə məndən soruşur ki, necə olub ki, mənim valideynlərim müsəlman ola-ola, erməniyə ərə getmişəm. Mən özüm baş örtüyü taxıram. Lazım gələndə məscidə gedirəm. Ancaq eyni zamanda kilsədəki ayinlərdə də iştirak edirəm. Bunu oğluma izah etmək çox çətindir. Ancaq bacardığım qədər ona vəziyyəti izah etməyə çalışıram».

«Bəs nə üçün uşağınızı erməni məktəbinə göndərmək qərarına gəldiz» sualına isə Aylin belə cavab verib:

«Mən öz dilimiz və mədəniyyətimiz haqqında öyrənə bilməmişəm. İstəyirəm ki, heç olmasa, onun bu haqda anlayışı olsun».

BU, TÜRKİYƏ-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNƏ DƏ MÜSBƏT TƏSİR EDƏCƏK

Elif Baharol isə deyir ki, onun ailəsi iqtisadi səbəblər üzündən boşanmaq ərəfəsində olsa da, onun uşağı erməni-xristian təhsili almaqda davam edəcək.

Təhsil Nazirliyinin yeni qaydası Türkiyədə doğulmuş ermənilərin uşaqları ilə yanaşı, 1988-ci ildən Türkiyəyə immiqrasiya etmiş ermənilərin də övladlarının həmin məktəblərdə təhsil almasına imkan verir.

Özəl Pangaltı (Mıxıtaryan) erməni orta məktəbinin direktoru Karekin Barsamyan deyir ki, Türkiyədə işləmək, yaxud daimi yaşamaq hüququ əldə etmiş ermənilərin uşaqları 2011-2012-ci təhsil ilində artıq bu məktəblərə gedə biləcəklər.

Barsamyan inanır ki, Təhsil Nazirliyinin bu qərarından sonra yaranmış yeni şərait həm də Türkiyə ilə Ermənistan arasındakı münasibətlərə də müsbət təsir edəcək:

«Mən qarışıq ailələrdən olan uşaqlarla onların erməni valideynləri arasındakı münasibətləri çox diqqətlə izləyirəm. Bu münasibətlər çox şeylər vəd edir. Heç şübhəsiz, bu, xalqlarımız arasındakı sağlam düşüncənin formalaşmasına öz töhfəsini verəcək».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG