“Milyardlarla qiyməti olan layihələri necə idarə etməli? Bu məqsədlə 3 tərəf- ESİ İnternational (layihələrin İdarə Edilməsində həll yollarını təqdim edən şirkət), BP şirkəti və Xəzər Universiteti belə bir məktəb yaratmaq qərara gəlib.” Bunu Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı yanvarın 28-də layihənin təqdimetmə mərasimində deyib.
BP şirkətinin yaydığı pres-relizdə deyilir ki, BP və onun tərəfdaşları Azərbaycanda Layihələrin İdarə Edilməsi Məktəbinin təsis edilməsi üçün bir milyon dollar vəsait ayrılacaq.
Bu layihə özəl və ictimai sektorlarda çalışanlar üçün nəzərdə tutulub. Əsas diqqət ölkədə layihə idarə edilməsi bacarıqlarının təkmilləşdirilməsi və uzun müddətli layihə idarə edilməsi biliklərini yaratmağa yönələcək.
Məktəbin tədris planı dünyada tanınmış iki sertifikasıyanın- Corc Vaşinqton Universiteti tərəfindən verilən “Layihələrin idarə edilməsi üzrə Magistr sertifikatı”nın və ESİ tərəfindən verilən “Layihənin idarə edilməsi mütəxəssisi” sertifikatının alınması üçün tərtib olunub.
Təlimdə iştirakın qiyməti 9.025 ABŞ dollarıdır. BP və tərəfdaşları hər bir iştirakçının xərclərinin 70%-ni ödəyir. Hər bir iştirakçı və onun sponsoru proqram başlamazdan öncə yerdə qalan 2.700 ABŞ dollarını ödəməlidir.