Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:10

Somerset Moemin seçilmiş əsərləri Yaşarın tərcüməsində


YAŞAR
YAŞAR
İngilis ədəbiyyatının klassiki Somerset Moemin (1874-1965) seçilmiş əsərləri axır ki Azərbaycanca da kitab halında çap edildi.

Bu günlərdə "Şərq-Qərb» nəşriyyatında çap edilən kitabı Azərbaycan dilinə yazıçı, tərcüməçi Yaşar çevirib.

Kitabda Moemin «Teatr» romanı, «Sadiq arvad» və «Ledi Frederik» adlı iki pyesi, həmçinin «Tüksüz Meksikalı», «Məqsədli izdivac», «Luiza» və «Meyxyu» adlı novellaları yer alıb.

Azərbaycan prezidentinin sərəncamıyla nəşr edilən müasir dünya ədəbiyyatı silsiləsinə daxil olan kitaba yazdığı ön sözdə yazıçı-tərcüməçi Yaşar qeyd edir:

«Bəzi ədəbi tənqidçilər Moemin populyarlığının səbəbini dilinin aydın olmasında və maraqlı süjet seçimində axtarır.

Amma cəsarətlə demək olar ki, səbəb heç də yalnız bu deyil.

Somerset Moemin demək olar ki, bütün əsərlərində oxucu peşəkarlığın gücünü hər kəlmədə, hər cümlədə hiss edir.

Moem mövzunu özü üçün tam həll etmədən işə başlamır.

Odur ki, onun qələmə aldığı hadisələr, yaratdığı obrazlar, bu qədər inandırıcı, bu qədər realdır.

Bəli, əgər Moem ədəbiyyata gətirdiyi həyata belə ciddi yanaşmasaydı, oxucudan qarşılıqlı «əziyyət» tələb etməsəydi, bu populyarlıq tamam başqa səpkidə olardı.

Əsas məsələ budur.

Və əlbəttə ki, Moemi Moem edən, ən müxtəlif səviyyəli oxuculara sevdirən həmin o əvəzolunmaz «Moem üslubu»dur...

Moemin kitabları və şəxsiyyəti birmənalı qəbul edilməyib və dünən də, bu gün də mübahisələr doğurur.

Somerset Moem
Somerset Moemə bu mürəkkəb münasibət çox güman ki, sabah da davam edəcək. Amma bir şey şəksizdir ki, oxucunun yazıçıya inamı heç vaxt itməyəcək, çünki Moem də öz obrazlarına inanır.

Onu nədə də olsa yaratdıqlarına laqeydlikdə günahlandırmaq mümkün deyil.

Moem ən xırda obrazlardan tutmuş, baş qəhrəmanlarınacan hamısıyla birgə yaşayır, danışır, yeriyir, nəfəs alır.

Yəqin Moemin əsərlərinin nəsillərdən nəsillərə ötürülməsinin sirri də elə bundadır».

Modern.az
XS
SM
MD
LG