Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:30

“Ombudsmanın təklifi yaxşıdır, amma...”


Elmira Süleymanova
Elmira Süleymanova
Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova bu günlərdə amnistiya ilə bağlı Milli Məclisə müraciət edib.

Ombudsman müraciətində dövlət müstəqilliyinin 20 illiyi, Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasının və eləcə də “İnsan hüquqları üzrə müvəkkil haqqında” Konstitusiya Qanununun qəbulunun 10 iiliyinin məhz bu ilə təsadüf etdiyini əsas gətirərək belə bir amnistiyanı zəruri sayır.

Parlamentin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova deyir ki, o ombudsmanın belə bir təşəbbüslə çıxış etdiyini eşidib. Komitə sədri bu təşəbbüsü bəyəndiyini bildirir. Amma onun sözlərinə görə, hələ ki, komitəyə bu barədə müraciət daxil olmayıb:

“GÖZƏL TƏŞƏBBÜSDÜR”

“O müraciət edə bilər. Gözəl təşəbbüsdür. Bütün gözəl təşəbbüsləri həmişə dövlət başçısı dəstəkləyir və heç təşəbbüs olmasa belə, prezident özü bu məsələyə xüsusi önəm verir. Azərbaycan dövləti, onun hökuməti islah olunmuş şəxslərə yenidən şans verilməsi yolunda həmişə çox gözəl işlər görüb. Bu istək, bu arzu da gerçəkləşcə, bu istiqamətdə növbəti addımlardan biri olacaq”.

Rəbiyyət Aslanova
Rəbiyyət Aslanova deyir ki, bu məsələ ilə bağlı komitəyə sənəd daxil olsa, onu müzakirə edib öz sözlərini deyəcəklər.

“İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) haqqında” Konstitusiya Qanununun 1.5-ci maddəsinə əsasən, ombudsman Milli Məclisə amnistiya elan edilməsi barədə təklif verə bilər. E. Süleymanova da müraciətində bunu nəzərə alaraq, amnistiya haqqında qərarın qəbulunu təklif edir.

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, deputat Azay Quliyev isə deyir ki, daxili nizamnaməyə görə, təqdim edilən məsələlərə ilk növbədə parlament rəhbərliyi baxır. Onun fikrincə, əgər rəhbərlik hər hansı təşəbbüsü məqsədəuyğun hesab edirsə, o müzakirə üçün komitələrə göndərilir. Məsələyə komitələr baxır, müzakirə edir, yalnız bundan sonra layihəni ya Milli Məclisin plenar iclasına tövsiyə edir, ya da geri qaytarırlar.

“AMNİSTİYA AZƏRBAYCANA ÇOXDAN LAZIMDIR”

Hüquq müdafiəçisi Arzu Abdullayeva da hesab edir ki, ombudsmanın bu təşəbbüsü təqdirə layiqdir və o dəstəklənməlidir. Çünki amnistiya Azərbaycana çoxdan lazımdır. Amma bununla belə, hüquq müdafiəçisi bu təklifin birbaşa insan haqları müvəkkilinin özündən gəldiyini inandırıcı hesab etmir.

Arzu Abdullayeva
O düşünür ki, Elmira Süleymanova belə bir təşəbbüsün onun tərəfindən verilməsini artıq kimlərləsə razılaşdırıb. Üstəlik, yəqin ki, iqtidar nümayəndələri buna hazırdılar. Arzu Abdullayeva düşünür ki, bu da çox yaxşı amildir, əgər hüquq müdafiəçilərinin, eləcə də vətəndaşların gözləntiləri layihədə əksini taparsa:

“SİYASİ MƏHBUSLARIN AZADLIGA ÇIXMA EHTİMALI OLARSA...”

“Əgər bu amnistiya gözlənilən müsbət hallarla müşahidə olunarsa, məsələn, jurnalist Eynulla Fətuillayevin, hələ ki, həbsdə olan siyasi məhbusların azadlığa çıxması ehtimalı olarsa biz, əvvəlcədən buna sevinərik”.

Arzu Abdullayeva deyir ki, hüquq müdafiəçisi olaraq onlar bu təşəbbüsün tezliklə parlamentin komitələrində müzakirə olunmasını gözləyirlər.

Əgər ombudsmanın müraciəti qəbul edilərsə, bu Azərbaycanın müstəqilliyi dövründə sayca onuncu amnistiya olacaq.

Əfvdən fərqli olaraq amnistiya aktı ayrı-ayrı fərdlərə deyil, Cinayət Məcəlləsinin konkret maddələrinə şamil edilir. Arzu Abdullayeva və bəzi digər hüquq müdafiəçiləri hesab edirlər ki, əgər bu akta beynəlxalq ictimaiyyətin də azadlığa buraxılmasında maraqlı olduğu adamların məhkum edildiyi maddələr salınmasa, sənəd dünya üçün o qədər də cəlbedici olmayacaq.

Sonuncu “Amnistiya aktı haqqında” qanun layihəsini parlamentə 2009-cu ilin mart ayında deputat Mehriban Əliyeva təqdim edib. əmin amnistiya ümumilikdə 9 minədək şəxsə şamil edilib və onlardan 1700-i azadlıga buraxılıb.
XS
SM
MD
LG