Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

“Mən “Nikolay onluğu” deyiləm ki, hamının xoşuna gələm”


Etibar Hüseynov
Etibar Hüseynov
“İşdən sonra” verilişinin “Parlament saatı” rubrikasının qonağı deputat Etibar Hüseynovdur. Onunla müsahibəni təqdim edirik:

- Özünüzü daha çox harada rahat hiss edirsiniz? Deputat kreslosunda yoxsa jurnalistikada?

- Etiraf edim ki, mən jurnalistikada 20 ildir çalışıram və boynuma alıram ki, hələ ki özümü bir millət vəkili kimi adaptasiya etməyə nail olmamışam. Çünki 20 ildir jurnalistikadayam. Və təbii ki, bir-birindən çox fərqlənən bir mühitə qədəm qoymuşam. Bir qədər çətindir. Hələ ki özümü öyrəşdirə bilmirəm.

- Nədir çətin gələn sizə?

- Jurnalist kimi insan daha azaddır. Danışığından tutmuş, davranışlarına, geyiminə qədər. Təbii ki, millət vəkili kimi insan istər-istəməz oturuşundan tutmuş, geyimindən tutmuş, davranışından tutmuş, danışığına qədər hansısa bir çərçivədə olmalıdır. Və bu da ilk günlər çətin olur. Ancaq yəqin ki, uyğunlaşacam.

- Belə söhbət gəzir ki, sizi seçiciləriniz yox, hakimiyyət seçib. Bir müxalif partiya sədrini bir jurnalistin əli ilə uduzdurmaq üçün. Bu fikirlərə münasibətiniz necədir?

MƏN SIRAVİ JURNALİST DEYİLƏM

- Söz-söhbət həmişə, hər yerdə olub. Ancaq mən elə bilirəm ki biz ümumi şayiələr əsasında söhbətimizi qurmayacağıq. Çünki hər ikimiz jurnalistik. Söhbətimizi gəlin real faktlar üzərində quraq. Bilirsiz ki, bizim 15 saylı dairə “Ölüm dairəsi” adını qazanmışdı. Üzdə olan çox tanınmış insanlar burada öz namizədliklərini irəli sürmüşdülər. O cümlədən də “AXCP-Müsavat” blokundan İsa Qəmbər. Çox söhbət gəzdi ki, İsa Qəmbər bir sıravi jurnalistə uduzdu.

Əvvəla, mən sıravi jurnalist deyiləm. 20 ildir jurnalistikada olan adamam. Üzdə olan adam olmuşam. İsa Qəmbər və onun mənsub olduğu cəbhədə artıq 20 ildir hər il deyirlər ki, biz qələbə qazandıq, hakimiyyətə gəlirik və nəticələr də göz qabağındadır. İndi burda İsa bəy yoxdu, onun arxasınca danışmaq etik cəhətdən düzgün çıxmaz. Ancaq faktlarla danışaq. Bizim dairədə 8 nəfər məndən əlavə olan namizədlərin müşahidəçiləri, o cümlədən bütün Yasamalın demək olar ki, müxalifət cəbhəsi, cəbhəçilər, müsavatçılar o cümlədən Avropa Şurasından gələn müşahidə qrupunun demək olar ki, bütövlükdə hamısı bizim məntəqələr arasında bölünmüşdü. Hamının əlində mobil telefonla çəkiliş aparırdılar. Sonunda nə oldu? Ayrı-ayrı dairələrlə bağlı müxtəlif saxtakarlıqlar çıxarıldı üzə, göstərildi. Bu qədər peşəkarlar, qeyri-peşəkarlar ordusu ortaya hansı bir saxtakarlıq faktı çıxardı? Yalnız söhbət bundan gedir ki, “karusel” belə getdi, ventilyator oradan gəldi. Ancaq ortada bir dənə də olsun konkret fakt ortaya qoyulmadı.

- 20 saylı məntəqədə döyülmə faktı var idi. 5 saylı məntəqədə digər namizədin səlahiyyətli nümayəndəsi oradan uzaqlaşdırılmışdı.


NƏ ÇƏKMİŞDİ Kİ?


- Bir sıra məntəqələrdə mən tam səmimi deyirəm ki, bəzi insanlar açıq-aşkar tərbiyəsizliklərə yol verirdilər. Mənim müşahidəçilərim, vəkillərim zəng edib bu barədə məlumat verirdilər. Tam haqqım var idi ki, onları polis vasitəsi ilə məntəqədən uzaqlaşdırım. Mən deyim ki, onların məqsədi də bu idi ki, bir statistika düzəltsinlər ki, bu qədər sayda insan guya məntəqələrdən uzaqlaşdırılıb. Mən qəti şəkildə tapşırdım ki, nə etməklərindən asılı olmayaraq, heç kəs polis vasitəsi ilə məntəqələrdən uzaqlaşdırılmasın. Bir nəfəri mən eşitmişəm və o da hansısa bir qadının arxasınca düşüb, onu çəkə-çəkə gedirmiş, seçki məntəqəsindən xeyli uzaqda bu hadisə olub, o adamla həmin qadının yaxınları münaqişədə olub. Etdiyi hərəkətə görə. Nə çəkmişdi ki? Çəkdiyi ortada var idi? Məntəqədən 100-200 metr aralıda nə çəkə bilər ki?

- Amma o deyirdi ki, məntəqənin içində olub hadisə.

- Olub gətirib göstərsin də. Nə çəkib o adam? Var elə bir şey? Yoxdur.

- Amma o adamın döyülməsi ilə bağlı görüntülər var idi.

HƏTTA QƏZET SƏHİFƏSİNƏ ÇIXARMAĞA CƏSARƏTLƏRİ ÇATMADI

- Bilirsiniz kim, harada, nə edibsə mən ona cavabdeh deyiləm. Mən məntəqənin içində baş verən proseslərə cavabdehəm. Məntəqənin içində nəsə çəkibsə nə üçün göstərmir? O adam mənim eşitdiyimə görə Xalq Cəbhəsinin üzvüdür. Çox qəribədir ki, bir neçə dəqiqə keçməmiş Əli Kərimli öz dəstəsi ilə peyda olmuşdu orada və mən gözləyirdim ki, bunlar səhər qəzetlərində bir hay–küy yaradalar. Səhər bir kəlmə də yazmadılar. Hətta qəzet səhifəsinə çıxarmağa cəsarətləri çatmadı.

- Həmin dairədən namizəd olan Nemət Pənahlı seçkiyə az qalmış dedi ki, mübarizəni dayandırıram. Çünki qutulardan Etibar Hüseynov çıxacaq. Onun bu addımını necə qiymətləndirirsiniz?

- Tək Nemət Pənahlı yox, küçədən keçən bir insanı da bu gün tutaq seçkiyə bir ay qalmış siyahını qoyaq qabağına, birq ədər siyasi proseslərdən başı çıxan adam olsun, bir qədər Azərbaycan siyasi mühitinə bələd olan adam olsun, o adam da 90 faiz proqnozlarını verə bilər ki, hansı dairədən kim seçiləcək. Təbii ki, seçkiyə az qalmış, dairə daraldıqca favoritlər bilinir. Kimin qalib gələcəyi bilinir.

- Özünüz dediniz ki, güclü namizədlər olduğuna görə həmin dairəni “Ölüm dairəsi adlandırırdılar. Əvvəlcədən necə müəyyən etmək olardı ki, kim seçilə bilər?

BOŞ QAZANIN DINQILTISI ÇOX OLUR

- Seçkiyə az qalmış kimin öndə olmağı, kimin reytinqinin yüksək olması bilinir. Mən Nemət Pənahlı ilə bağlı fakt deyim sizə. Açın 2005-ci ilin MSK-nın arxivini baxın. Nemət Pənahlı uzun illər işlədiyi Nərimanov rayonunda 2005-ci ildə namizəd olarkən cəmi 98 ədəd səs qazanmışdı. Mənim dəqiq yadımdadır ki, həmin vaxt seçkidən sonra Nemət bəy müsahibə vermişdi, bütün qəzetlərdə çap olunmuşdu. O deyirdi ki, insanların mənə bu qədər biganə olduğunu gözləmirdim. Hər qutudan təxminən mənə 1 səs çıxdı. Hətta qutu üzrə böləndə əksər qurulardan bu adam ümumiyyətlə çıxmayıb.

Bu adam əgər uzun müddət işlədiyi Nərimanov rayonundan 98 səs qazanmışdısa, heç bir aidiyyatı olmadığı Yasamal rayonundan uzun müddət siyasi meydanda görünmədiyi halda qalib gələ bilər? Bu adam hər yerdə deyirdi ki, seçkiyə bir-iki ay qalmış mən olan yerdə İsa Qəmbər heç vaxt qalib gələ bilməz, ğən qalib gələcəyəm. İndi bu adam nə deməlidir? Seçkinin nəticələrini götürüb böləndə görürsən ki, bu adamın 110 səsi çıxıb. Yenə məntəqə üzrə böləndə hər qutuya 1-2 dənə səs düşür. Boş qazanın dınqıltısı təbii ki, çox olur.

- Dinləyici yazır: Sizin Hafiz bəylə heç bir fərqiniz yoxdur. O da müxalifəti təhqir etdi və iqtidar onu parlament və prezident seçkilərinə buraxdı. Siz də bu iqtidarın bir üzvüsünüz.

ÖZÜMÜ HƏMİŞƏ MÜSTƏQİL İNSAN SAYMIŞAM

- Parlamentdə təmsil olunmaq iqtidarın nümayəndəsi olmaq deməkdirsə, müxalifət cəbhəsinin əksər üzvləri uzun müddət parlamentdə təmsil olunublar. Mən hələ bir aydır təmsil olunuram. Digər tərəfdən, mən özümü həmişə kifayət qədər müstəqil insan saymışam. Bu gün də müstəqil insan sayıram. Bir çox gündüzlər müxalifət, axşamlar iqtidarın nazirliklərinin arxa qapısından çıxan və özlərini demokrat, müstəqil adlandıran insanlardan fərqli olaraq.

İkincisi, mən müxalifət cəbhəsini guya təhqir etmişəm. Mən özümün hazırladığım “Sitatın sonu” proqramını yəqin nəzərdə tutur. Gətirim həmin yoldaşa həmin proqramın video yazılarına baxaq. Və məndə “Azadlıq”, “Müsavat”, “Bakı xəbər” və digər qəzetlərin mənim haqqımda yazılan yazıları durur. Mənim ünvanıma söylədikləri təhqirlər, söyüşlər də durur. Gəlsin həmin yoldaş otursun müqayisə edək görək, mənim dediklərim təhqir sayıla bilər, yoxsa onların mənim ünvanıma söylədikləri.

- Dinləyici yazır: İsa bəyin adını çəkəndə Etibar bəyin boğazı niyə quruyur?

“Elçibəy vəfat edəndə ağlamışam”
- Bayaq Hafiz Hacıyevin adını çəkdilər. Hafiz Hacıyev İsa Qəmbərin, Əli Kərimlinin komandasından çıxmış adamdır. İndi də deyəsən gedib onlara sığınıb. İkincisi, Isa Qəmbərin adını çəkəndə boğazım-filan quruyub eləmir. İsa Qəmbərə müsahibələrimdə dəfələrlə demişəm ki, seçki ilə bağlı hər hansı etirazı-filanı, dolaşıq fikri, qaranlıq qalan məqamı varsa gəlsin istənilən zaman, istənilən redaksiyada oturaq faktlarla söhbət edək. Şayiələr əsasında yox.

- Müxalifətə simpatiyanız olmayıb. Bəs deputat kimi necə olacaq?

BU, NƏ TENDENSİYADIR

- Bizdə media aləmində də, cəmiyyətimizdə də belə bir tendensiya var. Nədənsə iqtidar cəbhəsini qatı şəkildə tənqid edən, təhqir edən insanlara demokrat jurnalist, müstəqil jurnalist deyirlər. Nədənsə müxalifət cəbhəsi haqda kimsə nəsə deyirsə, bu olur nə bilim iqtidarın nökəri, iqtidarın jurnalisti, qeyri-müstəqil. Nəyə görə bu gün müxalifət cəbhəsində çalışan jurnalistlər var ki, onlar ancaq müstəqil jurnalist sayılır? Ancaq müxalifət ünvanına, o müxalifət ki hansı gündədir-bunu artıq özləri də bilirlər...

Və çox qəribədir ki, hər halda vaxtı ilə cəbhədə fəaliyyət göstərmiş insanlar var ki, bir gündən sonra cəbhəsini dəyişən kimi qayıdıb dünənə qədər Allah-peyğəmbər söylədikləri, səhifə-səhifə tərif yazdıqları adamı bu gün Etibar Hüseynovdan da qatı şəkildə tənqid atəşinə tuturlar. Nədənsə o insanlar həmişə olur demokrat, müstəqil, ancaq bu bədbəxt gündə olan bizim o müxalifətimiz, yazıq gündə olan müxalifətimiz haqqında kimsə nəsə deyəndə bu olur qeyri-demokratik, müstəqil olmayan. Mən özümü kifayət qədər müstəqil insan saymışam, bu gündə kifayət qədər müstəqil insan sayıram. Parlamentdə də vahid məktəbli geyimi ilə bağlı müzakirədə mən alternativ fikir söylədim, sona qədər də sözümün üstündə durdum. Mən yenə də parlamentdə də həmişə öz bildiyim, müstəqil fikirlərimi söyləyəcəyəm.

- Azad mətbuatla bağlı hansı təklifləriniz var? Diffamasiya ilə bağlı, Eynulla Fətullayevin azadlığa buraxılması ilə bağlı.

JURNALİSTLƏRİMİZ DƏ BİR ÇOX HALLARDA ÇƏRÇİVƏDƏN ÇIXIRLAR

- Mən özüm də bir jurnalist kimi hansısa bir jurnalistin həbsdə olmasını arzulamıram. Bu, nəinki bir həmkar kimi, həm də dövlətimizin imicinə hansısa mənfi ştrix, amil kimi bir çox dairələr istifadə edib, siyasi oyunlar qururlar. Dövlətin adının hansısa müxtəlif siyahılara salınmasına nail olurlar. Ancaq digər tərəfdən də jurnalistlərimiz də bir çox hallarda etiraf edək ki, çərçivədən çıxırlar. Yəni indi ad çəkməyək, elə qəzetlər var ki, gündə bir neçə nazir onların hədəfindədir. Ölkənin nüfuzlu qəzetləri sayılırlar. Ayboyu, ilboyu eyni adamlar haqqında müxtəlif şayiələr yazırlar. Şantaj xarakterli materiallar yazırlar və burada da məqsədin nə olduğu açıq-aydın görünür. Ona görə də hər hansı bir jurnalistin döyülməsi olsun və ya həbs olunması olsun, bunu arzulamıram. Bir həmkar kimi, bir millət vəkili kimi, bu ölkənin vətəndaşı kimi.

- Dinləyicilərdən xeyli suallar gəlib.

- Xeyli sual gəlib, yoxsa xeyli söyüş gəlib?

- Siz niyə elə hesab edirsiniz?

- Ona görə ki, mən bir yazı ilə çıxış edəndə yazı qalır bir tərəfdə, personanı müzakirə etməyə başlayırlar.

- Bəlkə bunun səbəbi elə sizdədir? Yazılarınız bəlkə qıcıq doğurur?

ETİBAR HÜSEYNOV “NİKOLAY ONLUĞU” DEYİL Kİ, HAMININ XOŞUNA GƏLƏ

- Etibar Hüseynov “Nikolay onluğu” deyil ki, hamının xoşuna gələ. Mən bunu təbii qarşılayıram. Buna öyrəncəliyəm. hadisələri izləsəz görərsiniz ki, heç vaxt kiminsə bostanına birinci mən daş atmıram. Adətən bunu qarşı tərəf başlayır.

- Yazılarınızın birində demisiniz ki, çox kövrək adamam. Sonuncu dəfə hansı hadisəyə kövrəlmisiniz?

- Elnur Məmmədlinin son qələbəsini eşidəndə kövrəldim. Bu normal insanlara xas olan bir xüsusiyyətdir. Mən demirəm ki, hər dəqiqə dəsmal götürüb ağlayıram (Gülür). Dövlətimiz üçün, vətənimiz üçün hər hansısa bir xoş xəbər gələndə bəzi insanlar bundan təəssüf hissi keçirirlər, daha da qıcıqlanırlar.

- Daha bir nümunə də deyə bilərsinizmi?

ELÇİBƏY VƏFAT EDƏNDƏ AĞLAMIŞAM

- Mübariz İbrahimovun nəşi gətiriləndə kövrəlib ağlamışdım. Şahzadə Diana öləndə də ağlamışam. Yuri Nikulin öləndə də ağlamışam. Burda nə var ki? Azərbaycanda Bəxtiyar Vahabzadə öləndə, Elçibəy, Heydər Əliyev vəfat edəndə.

- Yazılarınızın birində demisiniz ki, xalq Elçibəyi milli lider, öndər, bir şəhid kimi dəfn etdi. Azərbaycan xalqının hansısa rəhbərini təmtəraqla dəfn etdiyini xatırlayırsınızmı?

- Elçibəyə qədər vəfat edən dövlət başçılarından siz bəyəm kimi isə tanıyırsınızmı ki, təmtəraqla dəfn olunsun?

- Dalınca da yazırsız ki, sizi inandırım ki, indən belə Azərbaycana rəhbərlik edəsi olacaq hansısa bir prezidentin dəfnində Elçibəy təntənəsi görə bilməyəcəksiniz.

ORADA BİR FİKİR YANLIŞLIĞI DA OLA BİLSİN GEDİB

- O yazı 2000-ci ildə yazılıb. O vaxt mən fəal yazı jurnalistikası ilə məşğul deyildim. Orada bir fikir yanlışlığı da ola bilsin gedib. Mənim indi o dəqiq yadımda deyil, onun yazılma prosesi filan. Söhbət nədən gedir? Orada yazı boyu mən qeyd edirəm ki, Elçibəyi dövlət başçısı kimi həm onu qəbul etməmişəm, o cümlədən yazının sonunda da var ki, mən deyirəm ki, nə yaxşı ki, Əbülfəz Elçibəy siyasətçi kimi öldü, prezident kimi yox. Prezident kimi ölsəydi, bəlkə də onun dəfni bu qədər təmtəraqlı olmazdı. Yəni Elçibəyi siyasi partiya lideri kimi görmüşəm. Ümumiyyətlə fikir olmalı idi ki, indən sonra hansısa lider və ya partiya lideri dünyasını dəyişsə, o təmtərağın, təntənənin şahidi olmayacağıq.

- Amma burda Azərbaycana rəhbərlik edəsi adam yazmısınız.

- Ola bilər. Yenə elə bir fərq yoxdur. Söhbət 2000-ci ildə yazılan yazıdan gedir.

- Amma Heydər Əliyev öləndə də təntənə var idi.

- Təbii ki qat-qat artıq oldu.

Etibar Hüseynov korrupsiya ilə bağlı nələri dedi?

Deputat korrupsiya ilə necə mübarizə aparacaq?

20 ilin jurnalisti reket jurnalistikasının kökünü kəsməyin yolunu nədə görür?

Deputat parlamentin bu vaxta qədər qəbul etdiyi qanunlara hansı iradlarını bildirdi?


XS
SM
MD
LG