Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Biznes: bacarıq yoxsa yuxarıda adam?



AzadlıqEko-nun son sorğusunda sual belə idi:
Azərbaycanda biznes qurmaq üçün ən əsası nə lazımdır?

Cavab yazan 138 oxucudan 71,7 faizi hesab edir ki, yuxarıda adamı olmaq biznes qurmaqda ən əsas məsələdir.

Maraqlıdır ki, çoxlu pulu olmağı əsas hesab edənlər qat-qat azdır- 11,6 faiz.

Bilik, bacarıq axırdan ikinci yerdədir- 8,7 faiz.

8 faiz isə hesab edir ki, heç birinin xeyri yoxdur. Hər bir biznesmenin başına hər iş gələ bilər.

Müasir iqtisadiyyat qurmaq istəyən ölkə üçün bu rəqəmlər yəqin ki, vəziyyətin heç də yaxşı olmadığını göstərir.

Doğrudanmı vəziyyət belədir yoxsa bu daha çox pessimizmi göstərir? Pessimizmin özü nədən doğur?


Sahibkar Mahmud Tağıyev:

“Azərbaycanda sahibkarlar çoxsaylı süni problemlə üzləşirlər. Ən əsas problem isə bu sahənin inhisara alınmasıdır”.

“Şəxsi təcrübəmdən, deyə bilərəm ki, Azərbaycanda biznes qurmaq üçün yuxarılarda tanışın olması olduqca vacibdir. Çünki bütün sahələr müxtəlif məmurlar tərəfindən bölüşdürülüb, inhisara alınıb. Onlar da yalnız öz adamlarına sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa şərait yaradırlar”.

Mahmud Tağıyev Gürcüstandan Azərbaycana mal-qara gətirməklə kiçik sahibkarlıqla məşğuldur.

Tağıyev: “ Azərbaycan Gömrüyündən keçəndən malını bazara çıxarana kimi ağla belə gətirilməyən süni əngəllərlə, qanun pozuntuları ilə üzləşirik”.

İqtisadçı ekspert Zöhrab İsmayıl:

“Azərbaycanda süni inhisar ən böyük problemdir”.

“Azad sahibkarlıqla məşğul olanlar əgər ölkəyə xaricdən məhsul idxal edəcəklərsə, korrupsiya ilə üzləşəcəklər. Əgər idxal edilən məhsul inhisardadırsa, ümumiyyətlə sahibkarlıq fəaliyyəti mümkün olmayacaq. Əgər məhsul istehsal ilə məşğul olmaq istəyirsə, yuxarılardakıların siyasi dəstəyi olmalıdır, tikinti işi görmək istəyirsə, işin görülməsi üçün qoyulan lüzumsuz tələbləri ödəyə bilməyəcək”.

Zöhrab İsmayıl: “Azərbaycanda yalnız bazarlarda və yarmakalarda alverlə məşğul olanlar qismən azad sahibkarlıqla məşğul olurlar”.

Psixoloq Azər Qaraçənlı:

“Azadlıq Radiosunda keçirilən bu sorğuda iştirak etsəydim, mən də yuxarılarda adamı olmaq cavabını seçərdim”.

“Bu sorğunun nəticələri ictimai fikirlə üst-üstə düşür.
Ümumi vəziyyəti, istiqaməti ölkədə yaşayan, ölkənin taleyini düşünən hər kəs hiss edir. Bu baxımdan mən hesab edirəm ki, bu sorğunun nəticələri tam həqiqəti əks etdirir. Həqiqətən də Azərbaycanda biznes qurmaq üçün yuxarılardan dəstəyin olması olduqca zəruridir”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG