Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:30

Günel Anarqızı: "Atamın şəkli otağımda olmalıdır ki?"


- Atanızın fotosu yoxdur otaqda, niyə?”

Söhbətin tən ortasında verdiyim suala görə öncə tərəddüd edir, ardınca isə elə suala sualla “olmalıdır ki?”,- deyə cavab verir.

Bayaqdan bəri atası ilə bağlı söhbətdən sıxılmasa da, hiss olunur ki, onunçün müəyyən sərhədlər var.

Xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar onun yalnız evdə atasıdır. Bayırda isə... o, yazıçı-publisist, Anar isə onun da üzvü olduğu birliyin sədri...

Girişdən də anladığınız kimi, müsahibimiz yazıçı-publisist, redaktor, eyni zamanda Anarın qızı Günel Anarqızıdır.

Hər nə qədər cəhd etsəm də, söhbətdə Anar yükünü azalda bilmədim.

"O illərdə yazdıqlarımın heç birini öz imzamla vermirdim. Hətta bu səbəbdən yazdığım “Atama” hekayəsini ermənilər dəyişdirib mənimsəmək istəmişdi".
Sual sualı çəkdi, bu günə qədər G.Anarqızı toxunmadığı bir çox mətləblərdən danışdı, beləcə, beyinlərdəki bəzi sual işarələrini yox etməyə çalışdı. Alındımı?

***

- Sizi necə təqdim etməyimizi istərdiniz? Və ya siz özünüz özünüzü necə təqdim edərdiniz?

- Yazıçı kimi bir neçə kitabım var. Həm də publisistika ilə məşğul oluram. Bu günə qədər artıq dörd jurnalın baş redaktoru kimi işləmişəm. İlk redaktorluq etdiyim jurnal “El” jurnalı idi ki, indi də çap olunur. Ondan sonra Mədəniyyət və Turizm Nazirliyinin “Pəncərə - mədəniyyətə baxış” jurnalı gəldi. Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin “Ölkəm” jurnalı və keçən ildən başlayaraq, “Azercell” şirkətinin “Azerimobile” jurnalının da baş redaktoru vəzifəsində çalışıram. Bu jurnallarda dərc olunan yazıları redaktə edirəm. Burada və başqa mətbu orqanlarda da vaxtaşırı yazılarım dərc olunur. Ona görə də ən doğru təqdimatın yazıçı-publisist olduğunu düşünürəm.

- Eyni vaxtda 4 jurnala redaktorluq edirsiniz?


- Eyni vaxtda 3 jurnala redaktorluq edirəm. “El” jurnalında bir neçə il əvvəl işləyirdim. Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin “Pəncərə” jurnalını çap etməyə başladıq. Həmin jurnalın qurucusu da özüm oldum.

- Özünüzü təqdim edəndə yazıçı Anarın adını çəkmədiniz. Baxmayaraq ki, çoxları üçün belə bir təqdimat həm də vizit kart kimi qəbul olunur. Adətən Anarın qızı olmanızı qabardırsınız, yoxsa bunun üzərindən sükutla keçirsiniz?

- Heç vaxt qabartmıram. Çünki buna ehtiyac yoxdur. Bilən bilir, həm də ki, adımdan bəllidir ki, Anarın qızıyam. Ədəbi təxəllüs olsa da, əslində ailəmizin familiyası var. İlk kitabımı dərc etdirəndə artıq Anarqızı təxəllüsünü götürmüşdüm. O ki qaldı suallara, suallar həmişə var. Bilirəm ki, onsuz da bu sual mənə veriləcək. Ona görə də qabartmağa ehtiyac duymuram. İşim göz qabağındadır. Elə bilirəm ki, özümü hər hansı başqa adla tanıtmağa da ehtiyac yoxdur. Mən Anarın qızı olmasaydım belə, çiynimdə məsuliyyət var. Ona görə ki, özünə, ailəsinə hörmət edən hər bir insan kimi mən də ilk növbədə bunlara görə məsuliyyət daşıyıram.

- İlk dəfə əlinizə qələm aldığınız günü xatırlayırsınız? Tərəddüdlər, ailənin buna reaksiyası, ilk çap olunan əsər...

Anar
- Bilirsiniz necə oldu... Elə bir məqam yetişdi ki, hiss elədim özümü başqa heç nədə ifadə edə bilmirəm, müəyyən çarəsizliyə qapıldım və məhz o məqamda yazı yazmaq dadıma çatdı. Nə yazmışamsa da elə vaxtlarda olub ki, başqa heç bir vasitə ilə daxili dünyamı, hiss etdiklərimi ifadə edə bilməmişəm. Çap olunan ilk əsərlərimi 2000-ci illərin əvvəlində yazmışam. 2001-2002-ci ildə ilk hekayələrimi internetdəki forumlardan birində yerləşdirdim. Dərhal diqqəti cəlb etdi. Məni tanımayan, kimin qızı olduğumu bilməyən insanlar müsbət reaksiya verdilər. Təriflərin səmimiliyini hiss edəndən sonra yazılarım artmağa başladı. Elə bir məqam yetişdi ki, artıq hekayələrdən birini ailə üzvlərimə oxudum. İlk oxucularım valideynlərim oldu. Atam dedi ki, gəl bunu çap edək. İlk üç hekayəm “Literaturnıy Azerbaycan” jurnalında dərc olundu, daha sonra “Atama” hekayəsi “Exo” gəzetində çıxdı. Belə başladı, ardınca 2004-cü ildə eyni vaxtda Azərbaycan və rus dillərində iki kitabım işıq üzü gördü. Yəni hər iki dildə sərbəst yazıram.

- Deyəsən, müsahibələrinizdən birində demişdiniz ki, “özümə arxayın olmasaydım, atamın adını imzama götürməzdim”. Məntiqlə bəlkə əksinə olmalıydı, necə düşünürsünüz? Yəni atanızın adını heç götürməsəniz, daha özünə arxayın görünməzdinizmi?


- Yəqin ki, indi olsaydı, yaşımın bu dönəmində sizin kimi düşünərdim. O vaxt bir az gənclik təcrübəsizliyi, məsuliyyətsizliyi var idi. 10 ilə yaxın vaxt keçib. Ola bilsin, əsas səbəb bu idi.

- İlk yazılarınızı başqa imza ilə çap etmisiniz yanılmıramsa. Oxucunun nəbzini yoxlama, yoxsa özünü sınama?

- Xeyr, mətbuatda mən həmişə bir imza altında yazmışam. Yalnız İnternetdə başqa ad ilə yazırdım, bu da təbii idi, forumlarda hamı uydurma adlar altında yazır. O illərdə yazdıqlarımın heç birini öz imzamla vermirdim. Hətta bu səbəbdən yazdığım “Atama” hekayəsini ermənilər dəyişdirib mənimsəmək istəmişdi.

- Və sonra da səs gətirən “Altıncı”. Siz atanızın çox populyar bir əsərinə yenidən can verdiniz və özünüz də populyarlaşdınız. Bu, nə idi? Ədəbiyyatdakı yeni atalar və oğullar (qızlar) dayanışması?

- Mən deməzdim ki, bu əsər vasitəsilə məşhurlaşmışam, çünki ümumiyyətlə özümü məşhur insan saymıram. Əsərə gəlincə, bu haqda dəfələrlə danışmışam və bir daha deyirəm ki, təklif atam tərəfdən irəli sürüldü. O vaxt ailəmlə xaricə gedirdim. Müəyyən vaxt orda yaşayacaqdım. Təbii ki, həmin vaxt nə iləsə məşğul olmalıydım, çünki ətalətdə olmaqdan sıxılıram. O vaxt atam dedi ki, “bəlkə ”Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanının davamını yazasan? Dedim, bunu necə təsəvvür edirsən? Dedi, hesab elə ki, öləndən sonra Təhminənin gündəliyi tapılıb. Romanda olan hadisələr tamam başqa bucaqdan işıqlandırılır. Fikir xoşuma gəldi. Bu söhbət hava limanında olmuşdu, o dəqiqə də düşündüm ki, gələn kimi işləməyə başlayım. Təkrarən əsəri oxudum. Özüm üçün müəyyən qeydlər elədim. Amma həmin ideya “skeleti”nin üzərində işləmək prosesi həddən artıq çətin oldu. Çünki sən artıq bitmiş, populyar, sevilən bir əsəri yenidən işləməyə başlayırsan. Amma bununla belə, sona çatdırdım. Atama göstərdim, bəzi qeydlər etdi. Mən də onları nəzərə alıb düzəlişlər etdim. Bilirsiniz, adətən hər hansı bir əsərin remeyki orijinaldan zəif olur. Amma müxtəlif rəyləri oxuyandan sonra qərara gəldim ki, bu əsər artıq müstəqil həyata başlayıb. Əsər iki dəfə çap olundu. Audio-kitab forması da çıxdı. Aktrisa Mehriban Zəki onu məharətlə ifa etdi. Bəstəkar Emil İbrahim orijinal musiqi parçaları bəstələdi. Rəssam Yusif Mirzə audio-kitabın üz qabığı üçün gözəl rəsm çəkdi. Azərbaycanda belə audio-kitab ilk dəfə idi ki, işıq üzü görürdü.

- Əsərin yazılma ideyasını da, onun ilkin skeletini də sizə atanız verib. Təbii ki, qızı olduğunuza görə. Bu, müasirlərinizə münasibətdə haqsızlıq deyil?

- Bu əsərə müraciət edənlər çox olub. Demək, onun bir cazibə qüvvəsi, açılmamış sirri var. Elə bilirəm ki, ona yenə də müraciət ediləcək. “Təhminə” filminin davamını çəkmək, əsərin süjeti üzərində opera yazmaq istəyirlər. Yəni əsər daim gündəmdədir. Ona görə də ona müraciət edənlər də var. Yenə də kimsə müraciət etmək istəsə, Anar müəllim buna etiraz etməz. Bu əsərə müxtəlif formalarda müraciət edilə bilər ki, mən də müraciət edənlərdən biriyəm...

- Heç tənqid etmisiniz Anar müəllimi? Hansı məqamlarda?


- Yaradıcılıqla bağlı tənqid edə bilmərəm, çünki ədəbiyyat tənqidçisi deyiləm. Elə əsərləri var ki, çox sevirəm və sözsüz ki, onlar mənim bir yazıçı kimi formalaşmağıma təsir edib. Amma onu da deyim ki, tənqiddən tənqidə də böyük fərq var. Tarix boyu atama qarşı o qədər ədalətsiz çıxışlar, yazılar olub ki, məncə, onlara ümumiyyətlə fikir və cavab vermək, buna vaxt sərf etmək lazım deyil. Bu fikri hər zaman demişəm. Amma atamın mövqeyi başqadır. O hesab edir ki, elə böhtanlar var ki, onlara mütləq cavab vermək lazımdır. Hətta zarafatla deyir ki, vaxt gələcək, bu tənqidlərdən və onlara cavablardan kitab tərtib edəcəm. Mənə elə gəlir ki, bu məsələnin bir ucunu bir qədər boş buraxmaq lazımdır. Elin gözü tərəzidir, zaman hər şeyi yerbəyer edir, vaxt özü öz sözünü deyir. Anar müəllimin də tərifə, elədiklərininsə mənim şərhimə ehtiyacı yoxdur. Ona görə də hesab edirəm ki, vaxtını belə şeylərə sərf etməsə yaxşıdır, sırf yaradıcılıq, ictimai fəaliyyətlə məşğul olsa, özü üçün də, bizim üçün də faydalı olar.

Günel Anarqızının babası - Rəsul Rza
- Amma maraqlıdır ki, yazıçı Anara qarşı silsilə tənqidi məqalələr dərc olunanda belə onu müdafiə edənlər sırasında siz olmamısınız. Təkcə qızı kimi yox, hətta yaradıcı insan kimi də. Belə bir ehtiyac, tələbat olmurmu ki, bu hücumlara cavab verəsiniz?


- Bir dəfə eləmişəm və bunun altını da çəkmişəm. 2005-ci ildə mən bir çıxışdan sonra çox riqqətə gəldim və ona cavab olaraq alleqorik bir yazı yazdım, populyar qəzetlərin birində çap olundu. Atam çap olunmuş yazını görəndə əsəbiləşdi. Dedi ki, niyə sən yazırsan, sənə qalıb bunu yazmaq? Digər tərəfdən, onun üzündə müəyyən razılıq və qürur ifadəsini də sezdim, yəni görün, qızım mənim müdafiəmə qalxıb. Ancaq məndən xahiş etdi ki, bir daha belə işlər görməyim. Dedi, mənim müdafiə olunmağa ehtiyacım yoxdur. Lazım olsa, özüm öz sözümü deyəcəm. Bu da mənimçün bir təcrübə oldu. Bir dəfə atamın dostu şair Fikrət Qoca belə bir fikir söyləmişdi ki, Anar özü ədalətsiz tənqid olunanların hər zaman müdafiəsinə qalxır, amma başqaları onu müdafiə edəndə xoşlamır. Yəqin elə bu səbəbdəndir ki, onun haqqında qərəzli yazıların çoxu barədə bizim xəbərimiz olmur, əvvəla, ona görə ki, o bunu istəmir.
Hər insanın bu həyatda bir işi var. Bizim işimiz yazı-pozudur, hansısa ədalətsiz, böhtanlı yazılara cavab vermək yox. Mən də buna vaxtımı sərf etmək istəmirəm.

- Yazıçılar Birliyinin üzvü deyilsiniz?

- Üzvüyəm. 2 il əvvəl məni bu quruma üzv seçdilər. O da çox maraqlı oldu. Məni dəvət elədilər qəribə şəkildə. Dedilər ki, Yazıçılar Birliyinə gələ bilərsən? Gəldim və gördüm ki, atamın kabinetində katiblər yığışıb. Mənə vəsiqə və gül təqdim edib dedilər ki, təbrik edirik, sən də oldun Yazıçılar Birliyinin üzvü. Mənim üzümdə necə təəccüb ifadəsi var idisə, atamın üzündə də həmin təəccüb var idi. Çünki onun da bu işdən xəbəri yox idi. Hətta üzvlük vəsiqəmə atam yox, xalq şairimiz, birliyin katibi Fikrət Qoca imzasını qoymuşdu. Doğrusu, heç vaxt haranınsa üzvü olmağa can atmamışam və belə hesab edirəm ki, Yazıçılar Birliyinin üzvü olmaqla da insan yazıçı olmur. Və mənim də həyatımda bu fakt heç nəyi dəyişməyib.

- Bu sualı Anarın qızına yox, Yazıçılar Birliyinin üzvünə ünvanlayıram. Anarı bəzən onda qınayırlar ki, uzun müddətdir, rəhbərlikdə təmsil olunur və sair. Sizcə, bu qurumda dəyişikliyə ehtiyac yoxdur?


- Mən bu söhbətlərdən hər zaman uzaq olmağa çalışmışam. Çünki hesab edirəm ki, bu quruma üzv olan insanların işi yazıb-yaratmaqdır. İndiyə qədər kim kimə mane olub ki, yazsın, kitab buraxdırsın, mətbuatda çap olunsun? Əsl yaradıcı insanlara Yazıçılar Birliyinin rəhbərliyində kimlərin oturmasının bir istisi-soyuğu olmamalıdır. Yoxsa rəhbərliyin dəyişməsinin kiminsə yaradıcılığına bir təsiri olacaq? Hər zaman da müxtəlif, hərdən gülməli səbəblərə görə razı olanlar da olur, inciyənlər də...
Bir də ki, qurum kiməsə əsər yazıb-yazmamaq barədə nə əmr verə bilər, nə də qadağa qoya bilər. Başqa tərəfdən, birlik neyləyə bilər ki, bu insanları razı salsın? Əminəm ki, rəhbərliyin dəyişməsi də onların həyatlarında heç nəyi dəyişməyəcək.

- Siz nə vaxtsa Yazıçılar Birliyinin sədri olmaq istəyərsinizmi? Bilirsiz, Azərbaycanda varislik ənənəsi geniş yayılıb.


- Yox, bu fikir heç ağlıma da gəlməyib doğrusu. Mənim işim yazıçılıqdırsa, hansısa qurumun rəhbərliyində olmaqla mənim həyatıma, yaradıcılığıma yalnız artıq problemlər, məsuliyyət və gərginlik əlavə olunacaq, mən isə bunu istəmirəm. 20 ildən artıq müddətdə atamın bu işdə nə qədər əsəb, sağlamlığını itirməsinə mən və bütün ailə üzvlərim şahiddir. Atam da bu işdə əsəb, şəkər xəstəliyinin müxtəlif fəsadlarından başqa heç nə qazanmayıb. Kimlərsə yazanda ki, Anar illərdir, bu kresloda oturub, getmir, mən təəccüblənirəm. Bu adamlar hesab edirlər ki, o, burada oturmaqla nəsə bir şey qazanıb?

- Heç nə qazanmayıb?

- Bəs sizcə? Onun xalq arasındakı nüfuzu onun heç nəyə baxmayaraq dəyişməz qalan vətəndaş mövqeyindən, yazıb yaratdıqlarından, uzun illər boyu milləti üçün elədiklərindən irəli gəlir. Yeganə qazancı da xalqın sevgisidir. Bu millətin hərtərəfli ziyalı, əsl-nəcabəti olan bir neçə yaradıcı insanı varsa, biri də Anardır. Bu cür insanları qorumaq lazımdır.

- Bayaq “Altıncı”nın audio versiyasından danışdıq. Amma bu cür işlər görmək üçün çox güclü vəsait lazımdır. Məmur statusunuz (müsahibə G.Anarqızının iş otağında -Diasporla İş üzrə Dövlət Komitəsinin binasındakı redaksiyada gerçəkləşir - S.T.) imkan verir sizə bu məsrəfli işləri görmək üçün?


- Yalnız yazıçılıqla dolanmalı olsam, yəqin ki, acından ölərdim (gülür). Hazırda kitab satışından qazanılan pullar gülməlidir. Və bildiyim qədərilə Azərbaycanda yeganə yazıçı Çingiz Abdullayevdir ki, öz kitablarının satışı ilə müəyyən vəsait qazana bilib. Bizdə yazıçılıq qazanc gətirən iş deyil. Mənim son kitablarım konkret şirkətlərin maliyyəsi ilə çap olunub.

- Yanılmıramsa, iki qızınız var. Onlar necə, ədəbiyyat yolunu davam etdirəcək kimi görünürlərmi?

- Bunu demək üçün hələ çox tezdir. Böyüyünün 15, kiçiyinin isə 10 yaşı var. Amma bu sahədə müəyyən bacarıqları var. Məktəbdə inşa yazanda hiss edirəm ki, güclü təxəyyülləri, mövzuya fərqli bucaqdan baxışları var. Bununla belə, o qədər şeyə həvəs göstərirlər ki. Təəssüf ki, çox az mütaliə edirlər. Çünki başqa maraqlı şeylər çoxdur.

Sevinc TELMANQIZI

"Yeni Müsavat" qəzeti

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG